• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

“Onların canı yananda bizim də canımız yanır”

25.02.23 02:00 2177
“Onların canı yananda bizim də canımız yanır”

Türkiyədəki könüllü Hafiz Rəhimov: “Elə olur ki, uşaqlarla oynayanda onlarla birlikdə, onları əyləndirmək üçün gülürük. Bir neçə dəqiqə sonra ailəsini itirən insan görür, gülüşümüz üzümüzdə donur, kədərlənirik”. 

Azərbaycan Gənclər Fondu Türkiyənin cənub-şərqində zəlzələdən əziyyət çəkən vətəndaşlara yardım üçün 100 könüllü göndərib. Hazırda Kahramanmaraşda fəaliyyət göstərən həmin könüllülərdən olan Hafiz Rəhimovla söhbətləşdik.
Həmsöhbətimiz Dövlət Gömrük Komitəsi Akademiyasının Beynəlxalq ticarət və logistika ixtisası, Gömrük işi fakültəsinin 3-cü kurs tələbəsidir. Hafiz eyni zamanda akademiyanın debat klubunun təsisçisi və sədridir.

Deyir ki, Türkiyədəki vəziyyəti gördükdən sonra yardım etmək üçün qeydiyyatdan keçib və əraziyə göndərilib: “Bura gəlməzdən öncə vəziyyəti təxmin edirdim. Soyuq hava, təhlükə riski məni qorxutmadı. İlk vaxtlar şəraitin zəif olacağını da bilirdim, amma məqsədim zəlzələ qurbanlarına yardım etmək və dəstək göstərməkdir. Əgər qardaşın çətindədirsə, özünü düşünmürsən axı... Qardaşlıq bu deməkdir. Biz “bir millət, iki dövlət” anlayışı ilə hərəkət etməliyik. Zəlzələ bölgəsindəyik, təhlükə ola bilər, bu, normaldır. Bunu gözə alıb gəliriksə, deməli, hər şeyə hazırıq. Valideynlərim də məni canla-başla yola saldılar və ora getməyimin borcum olduğunu bildirdilər”.

“İşimin öhdəsindən gəlirəm”

Könüllərimiz orada əsasən humanitar dəstək göstərirlər. Onlar təbii fəlakət nəticəsində zərərçəkən əhali üçün çadır şəhərciyinin salınmasında, evləri dağılmış insanların yemək, tibbi ləvazimatla təmin edilməsində və humanitar yardımların çeşidlənməsində iştirak edirlər. Müsahibimiz əsasən çadırların qurulmasında köməklik göstərir: “Kahramanmaraşda bir çox məntəqədə könüllülərimiz canla-başla işləyirlər. Bundan əlavə, Hatay və Adıyaman bölgəsində də çadırların qurulmasında iştirak edirik. Bununla bağlı təlim keçdiyim üçün rahatlıqla işimin öhdəsindən gəlirəm. Çadırların qurulması və tam təchizatla təmin edilməsi prosesindən əlavə olaraq, burada uşaqlara psixoloji dəstək də oluruq. Bununla məşğul olan könüllü psixoloqlarımız var. Eyni zamanda onlarla oyunlar oynayır, vaxt keçiririk ki, zəlzələnin psixoloji təsirlərindən maksimum az zərərlə çıxsınlar”.

Çarəsizlik hissini burada tanıdım

Hazırkı mühitlə bağlı məlumat verən həmsöhbətimiz deyir ki, çarəsizlik hissini sözün əsl mənasında burada hiss edib: “O qədər çarəsizdirlər ki... Onlar üçün çadır qurduqda üzlərində təbəssüm yaranır. Həm sevinirlər, həm də kövrəlirlər. Ona görə sevinirlər ki, çadır da olsa, gecə qalacaqları yer var. Amma bu insanlar həmin dəhşətli gecəyə qədər evli-eşikli, xoşbəxt idilər. Belə dərdləri yox idi. Nə yaxınlarını itirmişdilər, nə də isti yuvalarını. O çarəsizlik hissi hər birinin simasında, gözlərində görünür. Burada duyğular çox qarışıqdır”.

Kahramanmaraş donub qaldığımız yerdir

Müsahibimiz deyir ki, burada ancaq susursan: “Olduğumuz mühiti izah etmək mümkün deyil. Bəzən insan elə bir hadisə ilə qarşılaşır ki, onu ifadə etməyə cümlələr yoxdur. Tamamilə susub qalırsan. Kahramanmaraş donub (susub) qaldığımız yerdir. Dərdlərini dərindən anlamaq üçün özümü dəfələrlə onların yerinə qoymağa çalışmışam. Mən olsam nə edərdim? Cavabım yoxdur. Biz burada kədərlənməməyə çalışırıq. Özümüzü daim ələ alırıq. Çünki bura kədərlənməyə, ağlamağa yox, həmin insanlara dəstək, dayaq olmağa gəlmişik. Ağlasaq, kövrəlsək heç bir köməyimiz olmaz”.

“Yanlarındayıq, amma kədərləri çox ağırdır”

Hafiz deyir ki, insanların soyuqqanlılığı əvvəllər ona təəccüblü gəlirdi: “Düşünürdüm ki, necə olur belə böyük faciənin qarşısında bəzən ağlamırlar, itkilərindən rahatlıqla danışırlar. Sonra anladım ki, səbəbi çarəsizlikləridir. Məsələn, döyüşdə vuruşursan, şəhid olursan, bir məqsədin, amalın var, yaxud xəstələnirsən, ölümün gözləniləndir. Amma bu hadisə çox fərqlidir. Bir gecədə həyatın alt-üst olur. Həm yaxınlarını, həm evini itirirsən. İnsanın onu dərk etməsi, alışması çox çətindir. Burada insan var ki, 3 uşağını bir gecədə itirib, amma hələ dərk edə bilmir. Buna həqiqətən inana bilmir. Həmin insanlara dəstək olmağa çalışırıq. Biz onların bacısı, qardaşıyıq. Düzdür, yanlarındayıq, amma kədərləri çox ağırdır. Bu hissi ancaq yaşayan bilər. Məsələn, bir nəfər gəlmişdi, yaxınını itirmişdi. Bu hadisəni bizə elə danışırdı ki, elə bir yad insandan danışır. O qədər şokda idi. Çarəsizliyi, bir gecədə itirməyi qəbul edə bilmir. Ya da qəbul edib, tükənib. Elə olur ki, uşaqlarla oynayanda onlarla birlikdə, onları əyləndirmək üçün gülürük. Bir neçə dəqiqə sonra ailəsini itirən insan görür, gülüşümüz üzümüzdə donur, kədərlənirik”. 

Bacım dedi ki, mən ölsəm halva bişirməzsiniz...

Hafiz təsirindən uzun müddət çıxa bilmədiyi hadisəni də bizimlə bölüşdü: “Çadır qurduqdan sonra istirahət edirdik. Bir nəfər əlində şirniyyatla bizə yaxınlaşdı. Azərbaycanlı olduğumuzu bildikdə, “vətənimizə xoş gəlmişsiniz” dedi və şirniyyatı bizə uzatdı. Dedi ki, bacım mənə demişdi ki, mən ölsəm halva bişirməzsiniz. Məhz bu şirniyyatdan bişirib paylayarsınız. Bu səhnə mənə çox pis təsir etdi. Yəqin ki, həyatım boyunca da unutmayacam”.

Toplanma məntəqələri risk altında deyil

Məlumdur ki, həmin bölgədə hələ təhlükə sovuşmayıb. Tez-tez yeraltı təkanlar olur. Müsahibimiz deyir ki, düşərgəyə gəlməzdən öncə bütün təlimatları öyrəniblər: “Təbii ki, binalarda deyilik, amma orada olduğumuz zaman belə, etməli olduqlarımız bizə öyrədilib. Bununla bağlı təlimatlandırılmışıq. Zəlzələ olduğu zaman açıq ərazidə toplanma məntəqələrimiz var, ora yığılırıq, təkanların bitməyini gözləyirik. Burada hər şey sistemli şəkildədir. Toplanma məntəqələri boş sahədədir və risk altında deyil. Həmin sahəyə yığılıb zəlzələnin keçməyini gözləyirik”.

“Abi”, “abla”, gəl oynayaq deyirlər”

Hafizin sözlərinə görə, o bölgənin sakinləri azərbaycanlı olduqlarını bildikdə, onları qucaqlayıb öpürlər: “Deyirlər ki, siz bizim qardaşlarımızsınız. Uşaqlar da bizə böyük bacı, qardaşı kimi yanaşırlar. “Abi”, “abla”, gəl oynayaq deyirlər. Onları xoşbəxt etməyə çalışır, işlərimizi bitirdikdə voleybol, futbol oynayırıq”.

Biz bir yumruq, bir ürək, bir canıq

Həmsöhbətimiz sonda vurğuladı ki, insanların ehtiyacı olduğu vaxtda onlara dəstək olmaq, bu ərazilərdəki könüllülük fəaliyyəti onun üçün qürurvericidir: “Nəinki fəaliyyətimin, hətta həyatımın unudulmaz anlarını burada yaşadım. Burada könüllü olmaq, kömək etmək qürurvercidir. Bir amal uğrunda, öz qardaşlarımıza dəstək üçün buradayıq. Bakıda olanda da həm maddi, həm mənəvi dəstək göstərirdim. Bura gəlmək lazım idi və gəldik. Necə deyərlər, biz bir yumruq, bir ürək, bir canıq. Onların canı yananda bizim də canımız yanır. Əminəm ki, bu çöküşün bir qalxışı olacaq”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər