• şənbə, 20 Aprel, 01:54
  • Baku Bakı 15°C

Nicata yol açan TARİX

11.06.22 01:00 3019
Nicata yol açan TARİX

“Ulu öndərin hakimiyyətə qayıtması ölkə daxilində baş verən siyasi qarşıdurmaların, iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin yaratdığı kritik reallıqların zəruri şərti kimi ümummilli sifariş olaraq meydana çıxmışdı. Heydər Əliyev milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu”. 

Ötən əsrin sonlarında Azərbaycan Respublikası müstəqilliyini bərpa etsə də, hakimiyyətin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhran ölkəni yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar edib. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri, həmin il oktyabrın 3-də Azərbaycan Prezidenti seçilib. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı alınıb və əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldilib. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Vətəndaş müharibəsinin yaratdığı kritik reallıqlar

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Deputatın sözlərinə görə, böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olub: “Ulu öndərin hakimiyyətə qayıtması ölkə daxilində baş verən siyasi qarşıdurmaların, iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin yaratdığı kritik reallıqların zəruri şərti kimi ümummilli sifariş olaraq meydana çıxmışdı. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqımızın nicatına yol açdı, Azərbaycan parçalanmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi”.

Bu gün də həmin yol davam etdirilir

Millət vəkili deyib ki, 15 iyun təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır: “Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb. Bu gün də həmin yol inamla davam etdirilir və bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlər qazanır. Bu nailiyyətlər hər bir vətəndaş üçün təhlükəsizik və rifahın təminatçısıdır. Olduqca mürəkkəb bir regionda hazırkı inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun 1993-cü il hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi ki, Azərbaycan da bunu bacardı. Nəticədə 30 ilə yaxın erməni tapdağı altında qalan torpaqlarımız azad edildi. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi. Onun beynəlxalq münasibətlər sistemində yeri və rolu artdı. Hazırda isə bundan sonrakı tarixi inkişafımız üçün olduqca səmərəli perspektiv yaradıldı. Ona görə də, əminliklə deyə bilərik ki, 15 İyun Milli Qurtuluş Günü olmasaydı bu gün əldə etdiyimiz tarixi nailiyyətlər və zəfərimiz də olmazdı”.

Xalqımız ən ağrı-acılı günləri yaşayıb

YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov söyləyib ki, 15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının şanlı tarixidir. Onun sözlərinə görə, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın müstəqilliyinin qorunmasının, dövlətimizin var olmasının, dövlətçiliyimizin gücləndirilməsinin, xalqımızın məhv olmaqdan xilas edilməsinin, eyni zamanda müasir və güclü Azərbaycanın təməl daşının qoyulduğu gündür: “15 iyun 1993-cü ildən başlayan Milli Qurtuluş tariximiz 44 günlük Vətən Müharibəsində Ordumuzun zəfəri ilə tamamlanıb. 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən qısa müddət sonra, xüsusən də 1992-1993-cü illərdə ölkəmiz, xalqımız ən ağrı-acılı günləri yaşayıb. Siyasi hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyindən istifadə edən Ermənistan Azərbaycan ərazilərini işğal edib. Ölkədə yaşanan xaotik vəziyyət nəticəsində Şuşa kimi alınmaz qala erməni quldurları tərəfindən işğal olunub”.

Müasir və güclü Azərbaycanın memarı

Deputat qeyd edib ki, məhz həmin illərdə Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalıb, Gəncədəki silahlı birləşmələr Bakıdakı mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib, qardaş qanı tökülüb, 35 vətəndaşımız həyatını itirib: “Eyni zamanda ölkənin cənubunda və şimalında separatçı qüvvələr baş qaldırıb. Bütün bunların fonunda Azərbaycanda o dövrdə iqtisadi tənəzzül yaşanıb, xalqın malı talanıb, anarxiya, özbaşınalıq hökm sürüb. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkə daxilində böhran yaşatmaqla yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrinə də xələl gətirmişdi. Bu kimi səbəblərdən Azərbaycan regionda blokada şəraitində qalmışdı. Məhz xalqın təkidli tələbi, hətta AXC-Müsavat cütlüyü təmsilçilərinin də xahişi ilə ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər Bakıya gəldi, sonrakı illərdə gərgin fəaliyyəti ilə Azərbaycan xalqını və dövlətini yox olmaq təhlükəsindən qurtardı, müasir və güclü Azərbaycanın memarı oldu”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər