• bazar, 24 Noyabr, 07:11
  • Baku Bakı 15°C

Neft əvəzinə kişmiş

27.08.22 00:00 1310
Neft əvəzinə kişmiş

Əfqanıstanla iş görmək üçün heç bir maneə yoxdur. Qərb artıq Rusiyaya qarşı hər cür sanksiya tətbiq edib, ona görə də yeni hüquqi problemlər olmamalıdır. Çətinliklər ancaq ödənişdə ola bilər. Kabil Moskvaya nefti öz məhsulları ilə barter etməyi təklif edir.

Beynəlxalq sanksiya və iqtisadi çətinliklərlə üz-üzə qalan Rusiya alternativ bazarlar, yollar axtarışındadır. Bu gün Rusiyanı ayaqda saxlayan neft və qaz satışıdır. Sanksiyalar səbəbindən Moskva öz qazını bazar qiymətlərindən ucuz satır. Çin və Hindistanla sövdələşmələr məhz bu əsasla əldə edilib. Lakin bu dövlətlər də istənilən həcmi almadığından anbarlar dolu qalır. Deyəsən, Rusiya hökuməti bu vəziyyətdən çıxış yolunu tapıb. Belə ki, ruslar neftlərini legitimliyi dünyanın heç bir dövləti tərəfindən tanınmayan “Taliban” rejiminin idarə etdiyi Əfqanıstana satacaq. 2021-ci il avqustun sonlarında “Taliban” hərəkatı bütün Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Bu, Baydenin Amerika qoşunlarını Əfqanıstan torpaqlarından çıxarmaq və iyirmi illik əməliyyata son qoymaq qərarı ilə mümkün oldu. Amerikalıların geridə qoyduqları marionet hökumət “Taliban” döyüşçülərinin hücumlarını dəf edə bilməyəcək qədər zəif idi. Nəticədə, “Taliban” ölkənin bütün əyalətlərinə nəzarəti ələ keçirdi, döyüşsüz Kabilə daxil oldu. Buna baxmayaraq, Əfqanıstanın dünya birliyi ilə münasibətləri kəsildi. Bu günə qədər heç bir dövlət Əfqanıstandakı “Taliban” hökumətini tanımayıb. Bir sıra ölkələr - Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Rusiya Əfqanıstanla qeyri-rəsmi əlaqələr saxlasalar da, hələ də tam hüquqlu ticarət və diplomatik əlaqələr qurulmayıb. Bununla belə, özəl əlaqələr işləyir, “Taliban” nümayəndə heyətləri Türkiyə, Norveç və Rusiyaya səfərlər edir.

“Taliban” üçün əsas problem

İndi “Taliban” üçün əsas problem iqtisadiyyatdır. Əfqanıstanda qida və yanacaq çatışmazlığı var. Türkiyə, Hindistan və BMT Əfqanıstana ərzaq yardımı edir, lakin yanacaqla bağlı vəziyyət mürəkkəbdir. Neftlə zəngin olan İran şiələrə zülmə görə Kabildəki yeni rejimi bəyənmir, BƏƏ-dən isə neftin daşınması vaxt aparır, logistika yoxdur. Çin və Hindistanın özləri böyük neft istehlakçılarıdır. Qonşulardan Türkmənistan kömək edə bilər. Bu yaxınlarda Aşqabad Kabillə bir neçə min ton mayeləşdirilmiş qazın idxalına dair müqavilə imzalayıb. Amma getdikcə böyüyən 40 milyonluq Əfqanıstanın əlavə mənbələrə ehtiyacı var. Bu səbəbdən də “Taliban” çıxış yolunu Rusiyadan neft almaqda görür.

Əfqanlar Rusiyaya üz tutub

“Taliban” hökumətinin sənaye naziri Nuriddin Əzizi rus mediasına müsahibəsində Moskvaya əfqan istehlakçılarına 1 milyon barel neft və eyni həcmdə neft məhsulları (dizel) satmağı təklif etdiklərini bildirib. Rusiya üçün 1 milyon barel neft kiçik həcmdir və gündəlik ixracın təxminən 1/7 hissəsidir. Bu həcm Əfqanıstanın özü üçün də kifayət qədər cüzidir. Çünki qlobal iqtisadiyyat hesabatına görə, ölkə hər gün təxminən 130 min barel neft istehlak edir, bu isə o deməkdir ki, 1 milyon barel ölkə üçün bir həftəyə kifayət edəcək. Hər iki ölkənin nöqteyi-nəzərindən kiçik həcmlərdən başlamaq, sonra tədarükü artırmaq məqsədəuyğundur. Rusiya üçün bu, vacibdir, çünki Avropa neft embarqosu tətbiq edib və artığı harasa yönləndirmək lazımdır. Aydındır ki, Əfqanıstan Aİ-ni əvəz etməyəcək, lakin biz Rusiyanın bütün digər yeni müştərilərini toplasaq, deməli, Mərkəzi Asiya istiqamətinin perspektivləri var. Əfqanıstanın özü üçün Rusiyadan tədarük enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək və neftdən asılı sənaye sahələrini tədricən inkişaf etdirməyə təkan olacaq.

Neft əvəzinə quru meyvələr, pambıq?

Əfqanıstanla iş görmək üçün heç bir maneə yoxdur. Axı onsuz da heç bir ölkə “Taliban”ı tanımır və Qərb artıq Rusiyaya qarşı hər cür sanksiya tətbiq edib, ona görə də yeni hüquqi problemlər olmamalıdır. Çətinliklər ancaq ödənişdə ola bilər, Əfqanıstan pul baxımından çətin durumda olduğundan Rusiya nefti üçün Kabildən dollar və ya avro almaq çətin olacaq. Kabil Rusiyaya Əfqanıstan məhsulları ilə barter təklif edir.

Sirr deyil ki, Əfqanıstan istehsalı bərbad vəziyyətdədir. Ölkə istehsal edib satdığından qat-qat artıq idxal edir. Əsas ixrac məhsulu qadağan olunmuş və rəsmi statistikaya daxil edilməyən heroindir. Xarici satışlarda daha sonra təbii qaz, quru meyvələr, xüsusilə kişmiş, xalçalar, yun və pambıq gəlir. Məlumdur ki, Rusiyanın qaza ehtiyacı yoxdur. Vəziyyətdən çıxış yolu Rusiyanın Əfqanıstanda faydalı qazıntıların işlənməsində güzəştlər alması ola bilər.

Faydalı qazıntılarla barter

Əfqanıstan lapis, lazuli, mis, qaz və mərmərlə zəngindir. Metalların və enerji ehtiyatlarının çıxarılmasında böyük təcrübəyə malik Rusiya şirkətləri Əfqanıstanın mineral ehtiyatlarının işlənməsində iştirak edə bilər. Əfqanıstanda Rusiya gözlənilən dövlətdir, amma ən əsası, yerli şirkətlərin və onların işçilərinin təhlükəsizliyini təmin etməkdir. Aydındır ki, Əfqanıstanla ticarət sxemləri və ixrac üçün ödənişlər məsələsi diqqətlə nəzərdən keçirilməsini tələb edir. Ancaq çətinliklərə baxmayaraq, çıxış yolu var. Əfqanıstana sərmayə qoymaq Rusiya şirkətləri üçün əlavə gəlir gətirə bilər ki, bu da Qərbin getdikcə daha da sərtləşən sanksiyaları qarşısında çox vacibdir. Dövlət Dumasının deputatı və publisist Anatoli Vasserman hesab edir ki, Rusiya Əfqanıstan hakimiyyətinin xahişinə diqqət yetirməlidir: “Bizim üçün bir milyon barel xırda şeydir, lakin Əfqanıstan üçün bu, bizim və onların malik olduğu tamamilə müqayisəolunmaz sənaye və nəqliyyat imkanlarını nəzərə alsaq, çox nəzərəçarpan bir məbləğdir”. Vasserman hesab edir ki, “Taliban” ilə əməkdaşlıqdan imtina etmək olmaz. O, bunu onunla izah edir ki, indi “Taliban” terror fəaliyyətini dayandırıb, buna təşviq etmir, əksinə, ölkədə sabit, dinc həyat bərqərar etməyə çalışır: “İnsanları ifrata sövq etsəniz, onlar əsəbləşərlər. Əgər biz faydalı qarşılıqlı fəaliyyət göstərsək, o zaman onlar öz maraqlarına uyğun hərəkət edəcəklər”. 

Azər NURİYEV

banner

Oxşar Xəbərlər