• şənbə, 04 Oktyabr, 09:02
  • Baku Bakı 13°C

Nə aldığı pulu qaytarır, nə də... 

04.10.25 02:09 115
Nə aldığı pulu qaytarır, nə də... 

Vətən müharibəsi iştirakçısı Nadir Qasımov internetdən tapıb evinin təmiri ilə bağlı müqavilə imzaladığı şirkət tərəfindən aldadıldığını iddia edir. Təmir pulunu əvvəlcədən alan şirkət isə, nə təmirə başlayır, nə də pulu geri qaytarır.  

Son dövrlər internet məkanında, xüsusən də sosial media platformasında vətəndaşlara qarşı dələduzluq, kibercinayətkarlıq halları artıb. Ayrı-ayrı şəxslər asan pul qazanmaq üçün “TikTok”, “Instagram” və “Facebook”da səhifələr yaradır, ödəniş müqabilində müxtəlif xidmətlər təklif edirlər. Çox təəssüf ki, bir sıra hallarda vətəndaşlar bu işbazların toruna düşür, aldadılır, maddi və mənəvi itki ilə üzləşirlər. 

“Nə vəsaitimi qaytarır, nə də mənzilimi təmir etdirir”

“Kaspi” qəzetinə şikayət məktubu ilə müraciət edən Vətən müharibəsi iştirakçısı Nadir Tərlan oğlu Qasımov da sosial mediada təklif olunan tikinti-təmir xidməti elanı ilə maraqlandığını, tələb olunan şərtləri yerinə yetirdiyini, lakin sonunda gözlənilən nəticəni əldə etmədiyini, faktiki olaraq aldadıldığını, böyük maddi itki ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, sahibi olduğu mənzili təmir etdirmək üçün “Instagram” sosial media platformasında təmir-tikinti elanları ilə maraqlanıb. “Ümid İnşaat” MMC-yə məxsus səhifədə paylaşılan ev təmiri görüntülərini bəyənib və həmin şirkətlə əlaqə saxlayıb. “Ümid İnşaat” MMC ilə vətəndaş arasında 14 yanvar 2025-ci il tarixdə Təmir Podrat Müqaviləsi bağlanıb: “Müqavilənin şərtlərinə əsasən “Ümid İnşaat” MMC mənə məxsus olan mənzili üç ay müddətində tam təmir edərək təhvil verməyi öhdəsinə götürmüşdü. Müqavilənin ümumi qiyməti 20 000 manat təşkil edirdi. “Ümid İnşaat” MMC-nin direktoru Zahir Əsgərov məni əmin etdi ki, üç ayadək mənzilimi tam təmir edib təhvil verəcəklər. Lakin sonradan nə bu öhdəlik, nə də verilən vədlər yerinə yetirildi. Sonrakı proseslər sübut etdi ki, əslində tikinti şirkətinin rəhbəri Zahir Əsgərovun əvvəldən məqsədi məni aldadaraq pulumu mənimsəmək olub. Mənzil sahibi olaraq mənimlə “Ümid İnşaat” MMC arasında 14.01.2025-ci il tarixdə imzalanan müqavilə də formal xarakter daşıyıb. Biz bunu sonradan bildik. Bizimlə müqavilə bağlamaqla Zahir Əsgərov “İş görmək” görüntüsü yaradıb. Hətta bizə bildirmişdi ki, mənzilin təmiri üçün müqavilədə qeyd olunan məbləği birdəfəlik şəkildə ödəyəcəyimiz təqdirdə, güzəşt olunacaq. Bununla bağlı “WhatsApp” sosial şəbəkəsi vasitəsilə səslər yollayıb, məni və ailə üzvlərimi inandırıb. Amma sonradan etibarımızdan sui-istifadə edib, bizə qarşı dələduzluq edib. Sən demə, müqavilənin bağlanmasında yeganə məqsəd məhz bu kimi dələduzluq əməllərini pərdələmək olub. Məndən 20 000 manatla yanaşı, xırda xərclər üçün əlavə olaraq 1000 manat məbləğində vəsait də alıb. İndi nə vəsaitimi qaytarır, nə də verdiyi vədə, imzaladığı müqaviləyə uyğun olaraq mənzilimi təmir etdirir”.

Şikayətin izi ilə...

Vətəndaş N.Qasımov üzləşdiyi dələduzluq halı ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN), o cümlədən qeydiyyat üzrə Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirib. İddia edib ki, bu günə qədər onun şikayətinin araşdırılması, dələduzluq edən Z.Əsgərovun məsuliyyətə cəlb olunması, qanun qarşısında cavab verməsi üçün əməli addımlar atılmayıb. Şikayətçi “Ümid İnşaat” MMC-nin direktoru Z.Əsgərovun dərhal məsuliyyətə cəlb olunmasını, ona vurulmuş maddi zərərin ödənilməsini istəyir. 

N.Qasımovun şikayətini araşdırmaq üçün ilk növbədə adıçəkilən tikinti şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin “Ümid İnşaat” MMC-nin hər hansı nümayəndəsi ilə danışmaq, şirkət ünvanına səsləndirilən ittihamlara münasibət öyrənmək cəhdlərimiz uğursuz oldu. Elanda göstərilən nömrəyə davamlı edilən zəngləri gah cavablandıran olmadı, gah da bu nömrənin aktiv olmadığı üzə çıxdı.

 Bunun ardınca DİN-ə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş müraciəti əsasında təhqiqat araşdırmaları aparılıb: “Polisə vətəndaş Nadir Qasımovun evinin təmiri üçün paytaxtın Nərimanov rayonunda yerləşən özəl şirkətlərdən biri ilə müqavilə bağlaması və ödəniş miqdarına uyğun tikinti işlərinin aparılmaması ilə bağlı müraciəti daxil olub. Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Tərəflər arasında yaranan mübahisənin məhkəmə predmeti olması müəyyən edilərək vətəndaşa müvafiq cavab verilib. Tövsiyə olunub ki, mülki xarakterli halla bağlı məhkəməyə müraciət edilsin”.

Qanun nə deyir?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, vətəndaşa qarşı hər hansı formada dələduzluq edilibsə, bu halda ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Vətəndaş həmin dələduzluq halının araşdırılmasını tələb etməlidir. Araşdırma aparan orqan araşdırma nəticəsində müəyyən etsə ki, şikayət olunan tərəfin əməlində həqiqətən də dələduzluq halı, yaxud Cinayət Məcəlləsində nəzərdə tutulan hər hansı digər hüquqazidd əməl var, bununla bağlı cinayət işini başladır: “Ardınca bu əmələ yol vermiş şəxsin əməli ilə bağlı ibtidai istintaq aparılır və cinayət işi baxılması üçün məhkəməyə göndərilir. Məhkəmədə həmin şəxsə elan olunmuş ittiham üzrə təqsir müvafiq qaydada məhkəmə tərəfindən sübut olunarsa, bu zaman ittiham üzrə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza təyin edilir”.

Vəkilin sözlərinə görə, əgər araşdırma aparan hüquq-mühafizə orqanı müəyyən etsə ki, şəxsin əməlində cinayət tərkibi yoxdur və tərəflər arasındakı münasibət mülki münasibətdir, bu halda cinayət işinin başladılmasının rədd olunması barədə qərar qəbul edilir: “Bu zaman şəxsə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunur. Vətəndaş da qarşı tərəflə arasında imzalanmış hər hansı müqavilənin, razılaşmanın şərtlərinin, ümumi öhdəliklərin yerinə yetirilməməsi əsasları ilə məhkəməyə müraciət edir. Nəticə etibarilə vətəndaş ona dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada prosesə başlayır, hüquqlarını qanun çərçivəsində qoruyur”.

Ərturan İSMAYIL

banner

Oxşar Xəbərlər