Müqəddəs Ramazan ayı başlayır

11 ayın sultanı adlandırılan Ramazanda müsəlmanlar oruc tutur, imkansızlara yardım edir, sahib olduqlarını paylaşırlar. Bu ayda insanlar arasında səmimiyyət, mehribanlıq yaranır, bir çox səhv əməllərə tövbə edilir.
İslam dünyasını birliyə, həmrəyliyə, dünyanı sülhə səsləyən müqəddəs Ramazan ayı başlayır. 11 ayın sultanı adlandırılan Ramazanda müsəlmanlar oruc tutur, imkansızlara yardım edir, sahib olduqlarını paylaşırlar. Bu ayda insanlar arasında səmimiyyət, mehribanlıq yaranır, bir çox səhv əməllərə tövbə edilir. Azərbaycan xalqı artıq beşinci ildir ki, Ramazanı qalib xalq olaraq qarşılayır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə bayram namazları qılınır, iftar süfrələri açılır.
Novruzda açılan süfrələr iftar saatlarına uyğun olmalıdır
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası da Ramazan ayının başlaması ilə bağlı fətva verib. Fətvada deyilir ki, builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək. Belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin rəbbül-aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindəndir: “Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin”.
Həddən artıq yemək yeməyin
İlahiyyatçı Fazil Əhmədli Oxu.Az-a açıqlamasında bildirir ki, mübarək Ramazan ayı insanı mənəvi cəhətdən paklaşdırdığı üçün onu Allahla yaxınlaşdırır, insan öz fitrətinə qayıtmış olur. Fitrətinə qayıdan insan artıq böyük mənəvi hədiyyə qazanır: “Bu, Ramazan ayının göstərişlərinə diqqətlə riayət edənlərə aiddir. İnsanlar gərək imsaq vaxtı iftara qədər çox acmamaq üçün həddən artıq yemək yeməsin. Həzrəti Peyğəmbərimiz belə bir hədis buyurub ki, "Allahın bir neçə dolu qabdan acığı gəlir". Onlardan biri halaldan dolan mədədir. İnsan halal da olsa, həddindən artıq doyunca yeməməlidir ki, mənəvi ab-havanı duya bilsin. Fitrə zəkatının etimologiyası da buradan gəlir".
F.Əhmədli qeyd edib ki, hər bir oruc tutan müsəlman Fitr bayramında mütləq zəkat çıxarmalıdır: "Fitrəni aylıq gəliri ailəsinin və özünün dolanışığına kifayət etməyən fəqir şəxs çıxarmamalıdır. O, əksinə zəkat alan tərəfdir. Fitrəni fəqir olmayan şəxs çıxarmalıdır. Müəyyən çətinliklər olsa da, öz ailəsini dolandırmağı bacaran hər bir müsəlman fitrə zəkatını çıxarıb fəqirlərə verməlidir. Fitr bayram axşamı zəkat çıxarılmalıdır. Yəni axşam ay görünür və sabah bayram günü olduğu elan olunursa, fitrə çıxardılır. Fitrə evdə olan hər bir şəxsin adına çıxarılmalıdır. Körpə uşaq belə olsa, onun adına da çıxarılmalıdır".
F.Əhmədli fitrə zəkatını buğda, arpa, xurma, düyü, kişmiş, qarğıdalı və bu kimi qida məhsullar ilə çıxarılmasını daha yaxşı olduğunu qeyd edib: "Fitrə zəkatının bu qidalardan ibarət olaraq çıxarılması bizə hədislər şəklində gəlib. Həmin ərzaqların miqdarı üç kiloqram olmalıdır. Bu məhsulların hər hansı birinin üç kiloqramının dəyərində pul ilə də fitrə zəkatı çıxarıla bilər”.
İlk Qədr gecəsi martın 18-nə təsadüf edəcək
Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı da artıq məlumdur. QMİ-nin təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayır. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
F.Abasoğlu
