• çərşənbə axşamı, 16 aprel, 08:12
  • Baku Bakı 14°C

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

04.06.22 12:15 1181
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Nazir Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.

Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə çatdırılıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması, eləcə də qarşılıqlı əlaqənin təkmilləşdirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyulub. Həmçinin real döyüş şəraitinə uyğun keçirilən təlim və praktiki məşqlərin intensivliyinin və keyfiyyətinin artırılmasının vacibliyi xüsusi qeyd edilib.

General-polkovnik Zakir Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.

Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan Milli Müdafiə Universitetinin fəaliyyəti müsbət qiymətləndirilib.

Müdafiə naziri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhid və qazilərimizin ailələrinin hər zaman olduğu kimi, 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin hərbi infrastrukturun təkmilləşdirilməsi və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

banner

Oxşar Xəbərlər