• cümə, 29 Mart, 05:08
  • Baku Bakı 7°C

Moskva erməniləri sınağa çəkir - TƏHLİL

25.05.23 14:09 406
Moskva erməniləri sınağa çəkir - TƏHLİL

Avrasiya İqtisadi Birliyinin Moskva sammiti Ermənistan üçün ağır və ciddi siyasi imtahan, Azərbaycan üçünsə bu strukturdakı ölkələrlə əlaqələri daha da genişləndirmək və Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində yeni, real addımlara nail olmaq imkanıdır.

"Rusiya Xarici İşlər Nazirliyinin hansı nümayəndəsinin belə açıqlama verdiyini bilmirəm. Onu bilirəm ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim həmsöhbətim ola bilməz. Mənim həmsöhbətim Rusiya Prezidenti və Baş naziridir".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın bəyanatlarına istinadən deyib.

“Rusiya kimi hörmətli və dost bir ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi belə, mənim sözlərimə münasibət bildirə bilməz. Həmin adam sadəcə, sözlərimi qulağında sırğa eləməlidir", - "nervinni" Paşinyan əlavə edib.

Xatırladaq ki, Rusiya XİN-nin sözçüsu Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Ermənistanı tərk etməsi və ya tərk etməyə hazırlaşması bağlı sözlərinə şərh vermək xahişinə cavab olaraq bildirib ki, bütün bunların orada necə təqdim olunduğunu texniki cəhətdən başa düşmür.

“Əgər bu adi sözlər və ifadələrdirsə, Ermənistanın KTMT-dən çıxması ilə bağlı lobbiçilik etmək cəhdidirsə, mənə elə gəlir ki, belə sözlərlə manipulyasiyanın təhlükəsini başa düşmək lazımdır.

KTMT Ermənistandan necə çıxa bilər ki, yaxşı... bir daha bu haqda danışdıq. Sözün açığı, nədən söhbət getdiyi o qədər də aydın deyil”, - Zaxarova bildirmişdi.

... Nikol Paşinyanın Ermənistanın baş naziri seçildiyi (təyin olunduğu) gündən bəri ilk dəfə (!) olaraq Rusiyanın ünvanına belə aşkar və sərt demarşı səbəbsiz deyil.

Daha dəqiq olsaq, səbəb dünən Avrasiya İqtisadi Birliyinin (AİB) Ali İqtisadi Şurasının Moskvada başlayan zirvə toplantısıdır.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də qonaq qismində iştirak edir.

Məhz qonaq qismində - Rusiyanın dirijor və "baş nəzarətçi" rolunu oynadığı AİB-ə qatılmaq Azərbaycanın planlarında deyil.

Rusiya illərdir ki, Azərbaycanı AİB-in orbitinə cəlb eğmək istəyir. Cənubi Qafqazda iqtisadi, siyasi, geosiyasi, hərbi, maliyyə, sərmaye potensialı və s. baxımdan lider mövqe tutan Bakının bu struktura qatılması Moskvaya bir sıra planları reallaşdırmağa imkan verərdi. Həmin planlar arasında ən başlıcası AİB-də Rusiyadan savayı güclü ikinci üzvün olmasıdır.

Fəqət bəhs etdiyimiz struktura qoşulmaq Azərbaycanın maraqlarına cavab vermir: Bakı postsovet məkanındakı ölkələrdə istisnasız olaraq bütün sahələrdə ikitərəfli, üfüqi əlaqələrdə maraqlıdır və suverenliklə müstəqilliyinə kiçik də olsa, maneə yaradan hansısa struktura qatılan deyil.

Mövqemiz siyasi konyukturla yox, soyuqqanlı diplomatiya, rasionalizmə əsaslanan siyasətdir ki, atdığımız addımlarla qəbul etdiyimiz qərarlar ən mikroskopik səviyyədə olsa belə, tam müstəqil siyasətimizlə suverenliyimizə xələl gətirməməlidir.

Söhbət postsovet məkanında Rusiya ilə sıx əlaqələrdə olan dövlətlərlə münasibətlərdən getsə elə, rəsmi Bakı AİB-lə assosiativ münasibətləri nəzərdə tutan sənədi belə, imzalamayıb. Məsələ heç də AİB-ə, yəni Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə münasibətləri intensivləşdirmək niyyətində olmamağımız deyil: vəziyyətin məğzində Bakının müəyyən mənada əlaqələrin birtərəfli formatı sayıla biləcək varianta razılaşmamasıdır.

Ölkəmiz AİB sıralarına qatılmaq niyyətində olmasa da, bu strukturun bütün toplantılarında və sammitlərində arzuedilən, gözlənilən qonaq sayılır.

Ermənistan buna fasiləsiz etiraz edir, Azərbaycanın AİB tədbirlərində iştirakına qarşı çıxır. Halbuki Rusiya başda olmaqla, AİB-in digər üzv dövlətləri Azərbaycanla əlaqələrin aktivləşdirilməsinin və münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinin gündəmdəki ən mühüm məsələlərdən biri olduğunu dəfələrlə vurğulayıblar.

Ona görə də İrəvanın mövqeyi AİB sıralarındakı dövlətlərin mövqelərinə əsla təsir etmədiyindən Nikol Paşinyan yenə pərişan olub. Necə ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesi çərçivəsində aparılan danışıqlara Fransa Prezidenti Emmanuel Makronun vasitəçi qismində cəlb edilməsi ilə bağlı ermənilərin aramsız cəhdlərinə rəğmən, İrəvanın planları puç olub.

Mövcud situasiyada dövlət başçımızın AİB-in Msokvada keçirilən zirvə toplantısına qatılması ölkəmizin maraqlarına cavab verən vizitdir - rəsmi Bakı struktur sıralarıa qatılmasa da, AİB üzvü olan dövlətlərlə əməkdaşlığı fasiləsiz və aktiv şəkildə inkişaf etdirir.

Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Mixail Myasnikoviç bu yaxınlarda Bakıda səfərdə olarkən onu qəbul edən Prezident İlham Əliyev AİB-ə üzv dövlətlərlə ticari münasibətlərin inkişafını və ticari dövriyyənin artırılması ilə bağlı məsələləri müzakirə etmişdi.

AİB üzvü olan Rusiya Federasiyası, Belarus, Qırğızıstan və Tacikistanla ölkəmiz bütün sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirir. Üstəlik, Qazaxıstan və Qırğızıstan ilə Azərbaycan Türk Dövlətləri Təşkilatında da tərəfdaşdır. Belarusa gəldikdə isə, ölkələrimiz arasında illərə dayanan sıx dostluq və qardaşlıq münasibətləri var.

Azərbaycan ərazilərinin 20 faizin erməni işğalında olduğu dönəmdə isə Qazaxıstan və Belarus ölkəmizin ərazi bütövlüyü ilə sərhəd toxunulmazlığını dəstəkləyərək Ermənistanın işğalçı dövlət olduğunu bəyan edirdilər.

Ermənilər üçün situasiyanın paradoksallığı odur ki, həm AİB-də, həm də MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın müttəfiqləri Ermənistanı tərəfdaş sayan ölkələrdən dəfələrlə artıqdır.

Bu səbəbdən də AİB-in indi Moskvada keçirilən sammiti Bakı üçün yad tədbir deyil, Bakı da bu strukturun üzvləri üçün adi qonaq sayılmır.

Tam əksinə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin sammitində iştirakı ölkəmizin növbəti, ciddi diplomatik uğurlarından biridir. Çünki bəhs etdiymiz strukturun toplantılarında iştirak bizə maraqlarımızın təminatı və mənafemizin reallaşması üçün əlavə imkanlar yaradır.

AİB sammiti çərçivəsində Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək görüşlə müzakirəyə gəldikdə isə, rəsmi Bakı b.lgəmində sülh, təhlükəsizlik və inkişafın bərqərar olması üçün bütün imkanlarından istifadə etdiyini daim bəyan edir.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Vaşinqton və Brüssel platformalarının Moskvaya alternativ olmasına gəldikdə isə, Bakı sülhə aparan yolda kiçik də olsa, irəliləyişə səbəb ola biləcək bütün vasitələrlə rıçaqlardan istifadə etməyə hazırdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarını və İrəvanın çılğın davranışlarını nəhərə alsaq, Moskvanın vasitəçilik cəhdlərini mütləq şəkildə mənfi dəyərləndirmək rasionallıqdan çox uzaq olardı.

Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli sammitində müzakirələr asan olmayacaq. Görüşün və müzakirələrin nəticəsində iki sənədin qəbulu gözlənilir.

Sənədlərlə bağlı müzakirələr dünən günboyu davam edib.

Sözügedən sənədlərdən birincisi Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin başçılıq etdikləri heyətlər tərəfindən hazırlanıb.

Bu sənəd Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının mövcud vəziyyətdən, yəni blokadadan çıxarılmasıdır.

İkinci sənəd isə üçtərəfli birgə bəyanatı olacaq.

Sayca 5-ci bəyanatı Azərbaycan, Rusiya Federasiyası və Ermənistanın XİN-ləri hazırlayıblar.

2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiya tərəfinin vasitəçilik fəaliyyətini rəsmiləşdirən sənədlərin qəbulu Moskvaya "görülən işlərin konkret nəticələrindən danışmağa və onun Cənubi Qafqazdakı rolunu vurğulamağa" imkan verəcək.

Bugünkü sammitdə Rusiyanın başlıca məqsədlərindən biri də Azərbaycanla Ermənistan arasındakı danışıqların Vaşinqton və Brüssel formatından keyfiyyətcə fərqli, daha "üst səviyyə"yə yüksəltməkdir.

Moskva təşəbbüsü, moderator və vasitəçi rolunu Qərbə vermək istəmir.

Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və yekun sülh sazişini imzalamağa, habelə Ermənistan ərazisində yerləşən, onillərdən bəri ermənilərin işğalda saxladıqları 8 kəndimizi azad etmək niyyətini açıqlayandan sonra onu "xəyanətkar, satqın, düşmən" elan ediblər.

Ermənilərin baş naziri növbəti dəfə Qərbin, xüsusilə də Fransanın himayəsinə və dəstəyinə güvənərək Rusiyanı nizamlanma prosesindən kənarlaşdırmağa çalışaraq siyasi "cadugərlik" etməyə çalışsa da, alınmayıb.

Rusiyanın Ermənistanda nəzarətdə saxladığı siyasi qüvvələr, xüsusilə də müxalifət düşərgəsindəki strukturlar az qala vahid cəbhədə birləşərək Azərbaycanla yekun sülh sazişinin imzalanacağına imkan verməyəcəklərini bəyan edirlər.

Paşinyanın hakimiyyət rıçaqlarının zəiflədilməsinə, hadisələrə təsir imkanlarının minimuma endirilməsinə yönəlmiş bu kampaniyanın kənardan idarə olunduğu aydın olduğu kimi, Ermənistanın baş nazirinin hamilərinin də ona yardım edə bilmədikləri aşkar sezilir.

Nikol Paşinyan indi Moskvada AİB sammitində olmaqla yanaşı, Rusiyanın yeni sınağı qarşısındadır.

O, Moskvanı çox sinirləndirdiyi üçün çıxış yolu aramaq, vəziyyəti öz xeyrinə yönləndirmək arzusundadır.

Proseslər isə Nikol Paşinyanın planlarına tam tərs istiqamətdə gedir və Ermənistan hazırda faktiki seçim önündədir: ya Rusiyanın təkidli vasitəçilik təkliflərini qulaqardına vuraraq xarici siyasətində Qərb vektorunu gücləndirərək Moskvanı daha da hiddətləndirəcək, ya da AİB sammitində alacağı xəbərdarlıqlardan nəticə çıxaracaq.

Hər şey yaxın günlərdə bəlli olacaq.

Trend

banner

Oxşar Xəbərlər