• şənbə, 10 May, 08:37
  • Baku Bakı 15°C

Ulu Öndər ideyalarına sadiq qalib ordu

10.05.25 04:27 91
Ulu Öndər ideyalarına sadiq qalib ordu

Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılan, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən kompleks islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Bunu sadəcə biz deyil, dünyanın hərbi güc reytinqini müəyyən edən nüfuzlu təşkilatlar da təsdiqləyirlər.

Müsəlman Şərqinin ilk Demokratik Respublikasının 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğal edilməsi ölkədə 23 ay ərzində həyata keçirilən bir çox islahatları, o cümlədən ordu quruculuğu sahəsində görülən işləri yarımçıq qoydu. Şimal sərhədlərimizdən Azərbaycana daxil olan XI ordunun xüsusi hərbi əks-kəşfiyyat şöbəsinin rəisi Semyon Pankratovun yerli kadrlara qarşı elan etdiyi müharibə on mindən çox milli düşüncəli azərbaycanlının sorğu-sualsız, məhkəməsiz öldürülməsi ilə nəticələndi. İkinci Dünya müharibəsində 700 minə yaxın azərbaycanlının cəbhəyə göndərilməsi, onlardan 300 mindən çoxunun həyatını itirməsi, geriyə qayıdanların çoxunun isə əmək qabiliyyətinin olmaması ölkədə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə ciddi kadr çatışmazlığı yaradırdı.

Milli kadrların yetişdirilməsinə imkan verilmirdi

Bu vəziyyətdən düzgün çıxış yolu xüsusi hərbi məktəblərin, ali təhsil ocaqlarının yaradılması, bu müəssisələrdə milli hərbi kadrların hazırlanması olsa da, Moskva buna imkan vermirdi. İmperiya işğal etdiyi ərazilərdə, xüsusən də müsəlman ölkəsində hərbi təhsil müəssisəsinin yaradılmasını SSRİ üçün təhlükə sayırdı. Ona görə də belə təşəbbüslərlə ya heç kim çıxış etmir, ya da belə düşünənlərə qarşı təhlükəsizlik orqanlarının təqib və təzyiq siyasəti işə düşürdü.

Ulu Öndərin qətiyyəti öz sözünü dedi

1960-ci illərin sonunda hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ölkənin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, milli hərbi kadrların hazırlanmasını da əsas vəzifə kimi qarşıya qoydu. Məhz onun təşəbbüsü və qətiyyəti sayəsində 1971-ci ilin noyabr ayında Azərbaycanda ilk hərbi məktəbin açılışı oldu. O zaman Azərbaycan Kommunist Partiyasının birinci katibi olan Ulu Öndər Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edərək, yeni hərbi məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adının verildiyini bəyan etdi.

Məhz bu məktəbdə hərbi təhsil alan azərbaycanlılar sovet illərində ölkəmizin müxtəlif güc strukturlarında, o cümlədən hərbi sahədə fəaliyyətə cəlb olundular. 1991-ci ildə SSRİ-nin süqutundan sonra isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı çıxanlar, silaha sarılaraq Vətənin müdafiəsinə qalxanlar arasında Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin keçmiş məzunları üstünlük təşkil etdilər. Təəssüflər olsun ki, 1991-1993-cü illərdə Azərbaycanda siyasi rəhbərlikdə naşı adamların təmsil olunması ümumilikdə ölkədə, xüsusən hərbi sahədə sözün əsl mənasında böhran yaşatmışdı. Vahid komandanlığın olmaması, vətəndaş müharibəsi təhdidi vəziyyəti müstəqilliyin yenidən itirilməsi həddinə çatdırmışdı. Belə ağır şəraitdə xalq yenidən öz xilaskarına üz tutdu, Ulu Öndər Heydər Əliyevi Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gətirdi.

Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başladı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları daha geniş çərçivədə peşəkar ordu quruculuğuna cəlb edildi və ali hərbi məktəblər yenidən formalaşdırıldı.

Hərbi sahəyə ayrılan xərclər artırıldı

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2003-cü ildən etibarən hərbi sahəyə ayrılan xərclərin artırılması, hərbçilərin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, silahlanmada ən müasir silah-sursat və texnikalara üstünlük verilməsi Silahlı Qüvvələrimizin potensialını daha da artırdı. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə, 2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağın Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olunması isə Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərdi.

Azərbaycanın hərbi qüdrətinin təsdiqi

Azərbaycan Ordusu Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına başladı və noyabrın 10-dək davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur etdi. 2023-cü ilin 19-20 sentyabrında isə Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatı Qarabağın bütün ərazilərində üçrəngli bayrağımızın dalğalanması ilə nəticələndi. Həm Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də uğurlu antiterror əməliyyatı Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqi oldu.

Cənubi Qafqazın ən güclü ordusu

Fəxrlə deyə bilərik ki, vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılan, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən kompleks islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Bunu sadəcə biz deyil, dünyanın hərbi güc reytinqini müəyyən edən nüfuzlu təşkilatlar da qeyd edirlər. Elə bugünlərdə “Global Firepower” təşkilatı 2025-ci il üçün hərbi güc sıralamasını açıqlayıb. Azərbaycan Ordusu builki reytinqdə 60-cı yerə yüksəlib. Bu nəticə Azərbaycan Silahlı Qüvvələrinin regiondakı güc balansında önəmli aktora çevrildiyini və son illərdə həyata keçirilən hərbi islahatların öz bəhrəsini verdiyini bir daha göstərir.

Ərturan İSMAYIL

banner

Oxşar Xəbərlər