Türk dünyası Bakıda bir araya gələcək

Prezident İlham Əliyev: “Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur”.
Prezident İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.
"Bakı Zirvəsində önəmli qərarlar qəbul ediləcək"
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü iki gün bundan əvvəl Macarıstanda keçirilib: “Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi. Birinci qeyri-rəsmi Zirvə görüşü ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdir. Dövlət və hökumət başçıları qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin.
Bizim rəsmi Zirvə görüşlərimiz hər il keçirilir. Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil. Bildirməliyəm ki, bu il Azərbaycanda rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək”.
“İqtisadi sahədə çox böyük potensialımız var”
Dövlət başçısı bildirib ki, təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır: “Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq”.
“Daxili sabitlik olsa da təhdidlər var”
Prezident İlham Əliyev qeyd edib ki, müəyyən dövr qardaş dövlətlər özlərindən asılı olmayan səbəblərə görə bir-birilərindən ayrı düşüblər. Ancaq təşkilata üzv olan ölkələrin iradəsi, xalqların iradəsi onları yenə də bir araya gətirdi: “Əlbəttə ki, təşkilatın formalaşmasında, inkişafında tarixi Naxçıvan Zirvəsi xüsusi yer tutur. Biz çox şadıq ki, bu tarixi qərar məhz Azərbaycanın qədim şəhəri olan Naxçıvanda qəbul edilmişdir.
O ki qaldı, daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir”.
“Əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir”
Dövlət başçısı bildirib ki, əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir: “Mən tam əminəm ki, əgər bütün üzv və müşahidəçi ölkələr güclü vahid iradə göstərsələr, bizim təşkilatımız dünya miqyasında aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilə bilər. Biz dünyada mövcud olan beynəlxalq təşkilatları yaxşı tanıyırıq. Biz bəzi təşkilatlara üzvük, bəzi təşkilatlarla müxtəlif formatlarda əməkdaşlıq edirik və Türk Dövlətləri Təşkilatının üstünlüyünü biz şəxsən Azərbaycanda açıq-aydın görürük. Yenə də bu üstünlük ondan ibarətdir ki, bizi birləşdirən əsas amil tarixi köklərdir, etnik köklərdir, mənəvi dəyərlərdir və təbii ki, qeyd etdiyim kimi, bizim iqtisadi, sənaye və digər sahələrdəki potensialımız. Bütün bunları biz bir araya gətirmişik, təşkilatı strukturlaşdırmışıq, müxtəlif istiqamətlər üzrə fəal işlər gedir. Hesab edirəm ki, indi əsas məsələ beynəlxalq gündəlikdə söz sahibi olmaq, nəinki təşkilatın coğrafiyasında və onun həndəvərində, qlobal müstəvidə dünyada aparıcı siyasi təşkilatlardan birinə çevrilməkdir”.
