Minatəmizləmə fəaliyyətinə dair yeni tələblər

Zərərsizləşdirilmiş partlayıcı sursatlar aşkar edildiyi təmizləmə sahəsindən təhlükəsizlik qaydalarına riayət olunmaqla müəyyən edilmiş yerlərə daşına bilər. Müvafiq razılığın alınması üçün edilən rəsmi müraciətə üç iş günü ərzində rəsmi cavab verilir.
"Minatəmizləmə fəaliyyətinə dair Tələblər" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda qeyd edilib ki, tələblərin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılmasının, eləcə də həyata keçirilən minatəmizləmə fəaliyyətinin təhlükəsiz, effektiv və əlaqələndirilmiş şəkildə təşkilinin, minatəmizləmə əməliyyatlarını icra edən heyətin və minatəmizləmə fəaliyyətlərindən faydalanan şəxslərin təhlükəsizliyinin təmin edilməsidir.
Bu tələblər Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyət istisna olmaqla, ölkə ərazisində minatəmizləmə fəaliyyətlərini həyata keçirən icraçılara şamil olunur.
Partlayıcı sursat harada zərərsizləşdirilə bilər?
Bildirilir ki, müqavilə əsasında minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və hüquqi şəxslər tərəfindən aşkar olunan partlayıcı sursatların yerində və ya digər məhvetmə yerlərində zərərsizləşdirilməsi və ya məhv edilməsi əməliyyatının aparılması yalnız Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən icra olunur.
Sənədə əsasən, minatəmizləmə fəaliyyətinə cəlb edilmiş dövlət orqanı (qurumu) müvafiq əməliyyatların icrası üçün zəruri imkanlara malik olduğu təqdirdə, təhlükəsizlik riskləri qiymətləndirilməklə aşkar olunan partlayıcı sursatların yerində zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatlarını icra edə bilər.
Rəsmi müraciətə üç iş günü ərzində baxılır
Zərərsizləşdirilmiş partlayıcı sursatlar aşkar edildiyi təmizləmə sahəsindən təhlükəsizlik qaydalarına riayət olunmaqla müəyyən edilmiş yerlərə daşına bilər. Zərərsizləşdirilmiş partlayıcı sursatların təmizləmə sahəsindən çıxarılması ilə əlaqədar qərarların icrası Agentliklə əvvəlcədən razılaşdırılmaqla həyata keçirilir. Müvafiq razılığın alınması üçün edilən rəsmi müraciətə Agentlik tərəfindən 3 (üç) iş günü ərzində baxılaraq müraciət müəllifinə rəsmi cavab verilir.
Partlayıcı sursatlar təmizləmə əməliyyatlarının aparıldığı sahələrdə və ya digər məhvetmə yerlərində partladılmaqla və ya yandırılmaqla məhv edilir. Partlayıcı sursatların partladılmaqla məhv edilməsi üçün elektrik üsuluna üstünlük verilir. Elektrik üsulunun icrası üçün zəruri vasitələr mövcud olmadığı və ya elektrik üsulunun tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmədiyi halda qeyri-elektrik üsulundan istifadə edilə bilər.
Təcili tibbi yardım avtomobili ayrılacaq
Məhvetmə işləri iş gününün sonunda və ya iş günü ərzində əməliyyatlar dayandırıldıqdan sonra aparılmalı, Agentlik, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (dövlət sərhədinin mühafizəsi aparılan ərazilərdə həmçinin Dövlət Sərhəd Xidməti) ilə əvvəlcədən razılaşdırılmaqla SƏP-ə uyğun həyata keçirilməlidir.
Partlayıcı sursatların məhv edilməsi əməliyyatlarını həyata keçirən bölmələr üçün icraçının müvafiq ixtisaslı tibb işçilərinin və zəruri tibbi vasitələrlə və avadanlıqlarla, habelə morfin hidro-xlorid preparatı ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilinin ayrılması, onların ən yaxın tibb müəssisələri barədə məlumatlı olması təmin edilməli, eləcə də hər bir sahə üzrə zərərçəkənlərin təxliyəsi planı hazırlanmalıdır.
