• cümə axşamı, 25 aprel, 04:44
  • Baku Bakı 19°C

Millət vəkili: "Aİ-nin qərəzli qərarı öz iradəsini diktə etmə cəhdidir"

23.02.23 18:30 764
Millət vəkili: "Aİ-nin qərəzli qərarı öz iradəsini diktə etmə cəhdidir"

Avropa İttifaqı Cənubi Qafqaz regionunda ənənəvi hərbi-siyasi aktor olmayıb. Hərbi strateji müstəvidə bu regionun klassik aktorları bəllidir. Aİ son 30 ildə iqtisadi və sosial sferalarda fəaliyyət göstərməyə başlayıb və olduqca ciddi uğurlar əldə edib. Onun birtərəfli qaydada Ermənistanda hərbi-siyasi iştirakçılıqla bağlı qərarı, üstəlik bu qərarın qərəzli olması artıq əməkdaşlıq cəhdləri deyil, öz iradəsini diktə etmə cəhdləridir. Ona görə də Aİ-nin belə cəhdləri əlavə gərginlik yaradır. Avropa İttifaqı Ermənistana birtərəfli qaydada monitorinq missiyası göndərmək haqqında qərar qəbul edəndə bu addımın Cənubi Qafqazda sabitliyə, sülhə deyil, vəziyyətin daha da gərginləşməsinə xidmət edəcəyi əvvəlcədən bəlli idi.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

“Sərhəddə atəşkəsin pozulması sübut edir ki, proqnozlar özünü doğrultdu. Onsuz da gərgin olan regionda vəziyyət Avropa İttifaqının hərbi iştirakçılığından sonra daha da gərginləşir. Monitorinq missiyası regiona gələr-gəlməz ilk “monitorinq” missiyasını yerinə yetirdi. Ermənistan mətbuatı isə dərhal yazmağa başladı ki, Aİ missiyası müşahidə apararaq, Laçın yolunun blokadada olduğunu təsdiqləyib. Bu, özlüyündə göstərir ki, Aİ missiyası əvvəldən düşünülmüş, qərəzli məqsədlə gəlir, ilk addımında bunu isbat etmiş oldu. Artıq bir missiyanın fəaliyyətindən cəmi bir neçə gün keçib və indiyə qədər müşahidə edilməyən geniş coğrafiyada ermənilər atəşkəsi pozublar. Ermənistan-Azərbaycan sərhədində və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə bu şəkildə kütləvi atəşkəsin pozulması halı şübhəsiz ki, Avropa İttifaqının monitorinq missiyası üçün gərəkli idi. Avropalılar bununla sərhəddə vəziyyətin sabit olmadığı, Azərbaycan tərəfinin guya atəşkəsi pozduğu barədə aktlaşdırılmalı faktlar əldə etmək niyyəti güdürlər. Biz əminik ki, həmin müşahidə missiyası bu təxribatların hamısını Ermənistanın lehinə, Azərbaycanın əleyhinə aktlaşdıraraq, sənədlər yığmağa başlayacaq. Sonda yığdığı qərəzli sənədləri Avropa İttifaqında müzakirəyə çıxararaq, yeni təzyiq vasitələri əldə etmək üçün istifadə edəcək. Azərbaycana qarşı addımların atılmasına, qərəzli qərarların qəbul edilməsinə çalışacaq. Ona görə, bu, əvvəldən proqnozlaşdırılan hadisə idi və artıq reallaşdırılır”, - deyə Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfinin belə təxribatların qarşısını alacağı heç kimdə şübhə doğurmur. Ancaq Ermənistan bu addımları atdığı üçün yenidən özü öz vəziyyətini bir qədər də pisləşdirmiş olacaq. Bununla sülhdən bir qədər də uzaqlaşan Ermənistanı yaxşı aqibət gözləmir. Çünki Avropa İttifaqının Cənubi Qafqazda hansısa real hərbi təzyiqi mümkün deyil, bu, yalnız siyasi və iqtisadi vasitələrlə ola bilər. Amma bunun üçün də müxtəlif qərarların qəbul edilməsi vacibdir. Bundan başqa, Aİ missiyasının addımları Ermənistanda daxili vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Ona görə, nə qədər ki, gec deyil, - onsuz da itirilmiş müddət çoxdur, - heç olmasa bundan sonra daha çox zaman itirməmək üçün Ermənistan düzgün qərar qəbul edib, Azərbaycanla sülh bağlamaq istiqamətində qəti addımlar atmalıdır. Çünki sülhlə bağlı müqavilə imzalanacaqsa, artıq heç bir missiyanın regionda qalmasına gərək olmayacaq. Rusiya və Avropa missiyaları regiondan çıxarılacaq. Ermənistanda əgər uzaqgörən siyasətçilər varsa, bunu görməli və konkret addımlar atmalıdırlar ki, yaşadığımız bölgədə sülh və əmin-amanlıq bərqərar olsun.

banner

Oxşar Xəbərlər