• bazar, 13 Aprel, 00:23
  • Baku Bakı 10°C

Metroda sıxlıq azalacaq?

12.04.25 00:19 166
Metroda sıxlıq azalacaq?

Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: "qırmızı", "yaşıl" və "bənövşəyi". Onlardan yalnız "bənövşəyi" xətt tam müstəqil rejimdə çalışır. "Qırmızı" və "yaşıl" xətlər isə "28 May" stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər.

Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Üç xətt fəaliyyət göstərir

Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: "qırmızı", "yaşıl" və "bənövşəyi". Onlardan yalnız "bənövşəyi" xətt tam müstəqil rejimdə çalışır. "Qırmızı" və "yaşıl" xətlər isə "28 May" stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində "qırmızı" və "yaşıl" xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə - ən yaxşı halda 4 dəqiqəlik intervalla - platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.

"Yaşıl" və "qırmızı" xətlər ayrılır

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli - "yaşıl" və "qırmızı" xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq "Dərnəgül" elektrik deposunun tikintisinə start verilib. Bu depo "yaşıl" xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.
Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə - "Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək "Nizami" stansiyasını birbaşa "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirəcək. Bununla da "yaşıl" xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

Əlavə keçid tunel inşa olunacaq

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcək. Tikinti müddətində "Nizami" stansiyası "yaşıl" xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:

- "Dərnəgül" istiqamətindən gələn sərnişinlər "Nizami" stansiyasında metronu tərk edərək "qırmızı" xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;

- "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər isə "28 May" stansiyasında metronu tərk edərək "yaşıl" xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

"İçərişəhər" - "28 May" - "Həzi Aslanov" xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Hazırda ekspres avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır.

Sərnişin sıxlığı azalacaq

Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün "28 May" stansiyasında həm "İçərişəhər", həm də "Dərnəgül" istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da "28 May" stansiyasından yalnız "İçərişəhər" və "Həzi Aslanov" istiqamətinə, "Cəfər Cabbarlı" stansiyasından isə yalnız "Dərnəgül" və "Xətai" istiqamətinə gedən qatarlara minik mümkün olacaq.

Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcək.

Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaq. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcək.

 

banner

Oxşar Xəbərlər