• çərşənbə axşamı, 05 noyabr, 10:16
  • Baku Bakı 11°C

Kül altında qalan şəhər - REPORTAJ

18.11.23 02:00 7807
Kül altında qalan şəhər - REPORTAJ

İtaliyanın üçüncü, dünyanın 48-ci ən çox səyahət edilən şəhəri olan Pompeyə hər il üç milyona yaxın turist səfər edir. Pompey irsi insanların qədim Roma haqqında anlayışına bu günə qədər də təsir etməkdə davam edir.

Pompey İtaliyanın üçüncü, dünyanın 48-ci ən çox səyahət edilən şəhəridir. Bu qədim Roma şəhərinə hər il üç milyona yaxın turist səfər edir. Onlar şəhərin dillərdə dastan olan tarixini gözlə görmək, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan xarabalıqlarına tamaşa etmək üçün sərhədlər aşırlar.

Vezuvi vulkanının yaratdığı faciə ilə bağlı şəkillər, filmlər çəkilib, kitablar yazılıb. Alimlər isə artıq qədim şəhərin 80%-ni tədqiq ediblər. Şəhərin xarabalıqları sosial və iqtisadi həyatından tutmuş mədəni və dini inanclara qədər hər şey haqqında məlumat verir. Pompey irsi insanların qədim Roma haqqında anlayışına bu günə qədər təsir etməkdə davam edir.

Pompey hazırda açıq səma altında muzeydir. Bu tarixi yerdə İtaliyanın digər şəhərlərindən fərqli olaraq miqrantlar gözə dəymir. Burada yalnız yerli sakinlərə və çiyinlərində ryukzak, boyunlarında fotoaparat, əllərində Pompeyin xəritəsi olan çoxsaylı turistlərə rast gəlmək olur.

Muzeyə əsas giriş qapısından daxil olub uzun növbədə gözləyirik. Tarixi ərazini gəzmək üçün 57 avroya ekspert arxeoloqla bələdçi turuna qoşulmaq da, 19-35 avroluq biletlə fərdi səyahət də mümkündür. Yetər ki, bu qədim şəhərin tarixi haqqında məlumatlı olasan. Uzun növbədə durmamaq üçün qabaqcadan onlayn bilet almaq da mümkündür. 18 yaşa qədər gənclər üçün giriş sərbəstdir. Yaşlılar isə hər ayın ilk istirahət günü muzeyə pulsuz daxil ola bilirlər.

1700 il kül və lava altında qalıb

Pompeydəki açıq hava muzeyi çox böyükdür. Görməli yerlərlə hərtərəfli tanış olmaq üçün ən azı 4-5 saat vaxt ayırmaq lazımdır. Bu gün Pompey qədim Roma həyatına maraqlı bir baxış təqdim edir. Şəhər və onun faciəvi yox olması ilə bağlı insanlar arasında müxtəlif rəvayət və hekayələr hədsizdir.

Muzey işçilərinin təqdim etdikləri broşürdə qədim şəhər haqqında ilkin məlumatlar ətraflı yazılıb. Eramızdan əvvəl - 7-ci əsrdə qurulan, Neapol körfəzinə yaxınlığına görə mühüm ticarət mərkəzi kimi məşhur olan şəhərin şöhrətli və qaynar dövrü də, 15 dəqiqə ərzində vulkan püskürməsindən yerlə-yeksan olması tarixi də... 18-ci əsrdə Pompeyin xarabalıqlarının tapılması onlara yeni həyat verib və şəhər arxeologiya və qədim tarixə dair tədqiqatlar üçün unikal mərkəzə çevrilib.

Pompey yenidən kəşf edilənə qədər təxminən 1700 il kül və lava altında qalıb. Vezuvi püskürməsi zamanı şəhər tamamilə vulkanik kül təbəqəsi ilə örtülüb və sonda unudulub. Faciə zamanı buradan heç kim sağ qurtula bilməyib. Bəzi adamlar dənizə doğru qaçsalar da, dalğalar tektonik hərəkətlənmələrə görə insanları vulkan tərəfə atıb, onların xilas yolu qalmayıb. Vulkan 18 saatlıq püskürmədən sonra sakitləşəndə şəhərdə insanların çoxu artıq boğulmuş və ya qayaların uçması nəticəsində ölmüşdü. Sağ qalanlar da bir az sonra “isti uçqunlar”ın qurbanı olublar. Muzeydə ölmüş insanların skeletləri nümayiş olunur.

İddialara görə, bu şəhərdə hər cür vəhşiliklər, qorxunc hadisələr yaşanırmış. Ona görə Vezuvi vulkanını Tanrının qəzəbi hesab edənlər də var.

Bədii və mədəni fəaliyyət mərkəzi

Xarabalıqlar Pompeyin Roma imperiyası dövründə bədii və mədəni fəaliyyət mərkəzi olduğunu sübut edir. Şəhər bir sıra rəssamların, heykəltəraşların və mozaikaçıların evi olub. Pompeydə tapılan freskalar və mozaikalar qədim Romanın bədii üslubları və texnikası, eləcə də şəhərin necə inkişaf edən mədəniyyətə ev sahibliyi etdiyi barədə dəqiq məlumat verir. Turistlərin böyük maraqla tamaşa etdiyi Amfiteatr qədim Romada məşhur əyləncə növü olan qladiator oyunları üçün istifadə olunub.

Pompey, ənənəvi Roma tanrıları və ilahələri, həmçinin Misir və Şərq tanrılarının kultları da daxil olmaqla bir sıra dini inancların evi kimi də məşhur olub. “Şəhərdə bir çox ictimai və özəl ziyarətgahlar da var idi və tapılan freskalar və mozaikalar əsasən dini səhnələri təsvir edir”, - deyə yaxınlıqdakı rus bələdçinin turistlərə məlumatı eşidilir: “Pompey şəhəri qul döyüşləri, qulların bir-birini öldürməsi ilə də məşhur idi. Əhalinin çoxu varlılar, qalanı qullar idi. Vulkan baş verənə qədər Pompey təxminən 20 min əhalisi olan çiçəklənən şəhər idi”.

Xarabalıqlar arasında qalan villaların qalıqları

Xarabalıqlar arasında gəzdikcə varlıların villalarının qalıqlarına tamaşa etmək olur. Şəhərdə teatrlar, məbədlər və bazar meydanları da daxil olmaqla indi daşı-daş üstə qalan ictimai binalar olub. Pompeydə öz dövrü üçün inkişaf etmiş mürəkkəb su təchizatı, kəhrizlər və kanalizasiya sistemi qurulub. Küçələr boyunca gəzdikcə dükanların və xidmət obyektlərinin dağıntılarına, çörək bişirən sobalara, əl dəyirmanlarına, hamamlara, su hovuzlarına rast gəlmək olur. Xarabalıqlar arasında gəzdikcə Neronun ikinci arvadı Poppaeanın qohumlarının evinə baş çəkir, Roma aristokratlarının nəyə qadir olduğunu öyrənir və o dövrün həyatına qərq olursan.

Pompeyin əsas meydanı şəhər həyatını əks etdirir: siyasət, din və iqtisadiyyat.... Burada turistlər Pompey forumunun və bazarının funksiyaları haqqında öyrənir, şəhərin ən qədim məbədini görür və Pompeyin heyrətamiz mənzərələrinə heyran olurlar.

Turistlər həmçinin Pompeyin mədəni həyatı haqqında hər şeyi öyrənirlər. Böyük və kiçik teatrın necə qurulduğu, hər birində pompeylilərin nələrə tamaşa etdiyi, akustikası və ziyarətçilərin necə yerləşməsi haqda məlumat əldə edirlər. “Pompey amfiteatrı hətta Roma Kolizeyindən də qədimdir. 20 min tamaşaçı tutub. Ənənəyə görə, qadınlar ən yüksək pillədə oturublar” - deyə bələdçi bildirir.

Pompeydən heç nə almamalı

Bu gün Pompey sosial və iqtisadi strukturlardan tutmuş bədii və dini inanclara qədər hər şey haqqında məlumat verən qədim Romadakı həyata unikal bir pəncərədir. Şəhərin zəngin mədəni həyatı var. Teatrlar, opera mərkəzləri, qədim kilsələr, hotellər, italyan mətbəxinin dadını təqdim edən restoranlar, kafeteriyalar, pizzeriyalar, suvenir dükanları... Amma turistlər şəhər haqqındakı rəvayətlərdə “özünlə pis aura aparmamaq üçün Pompeydən heç nə almamalı”, - deyə sosial şəbəkələrdə yazılan rəyləri də unutmurlar. Hətta belə rəylərdən sonra bu şəhərdən aldıqları suvenirlərdən imtina edənlər də olub. Bununla belə, dünyanın hər yerindən turistlər qədim Roma tarixini görmək və təəssüratlarını duymaq üçün ilin bütün fəsillərində bu şəhərə üz tuturlar...

Təranə Məhərrəmova

Bakı-Roma-Salerno-Pompey

 

banner

Oxşar Xəbərlər