Əndəlüsün sonuncu müsəlman şəhəri - BƏLƏDÇİ

Qranada yalnız İspaniyanın deyil, bütünlükdə Avropanın ən gözəl şəhərlərindən biri hesab olunur. Şəhərin Nuh və ya Herakl tərəfindən qurulması ilə bağlı çoxlu əfsanələr var. Əndəlüsün ürəyi sayılan Qranadaya “Sirlərlə dolu şəhər” də deyilir.
“Bütün maraqlı səyahətçilərin ürəyində Qranada var, baxmayaraq ki, onlar heç vaxt orada olmayıblar”. Dahi dramaturq Uilyam Şekspirin bu fikirləri bütün səyahətsevər insanları sirlərlə dolu bu şəhərə səsləyir.
Qranada bu gün təkcə İspaniyanın deyil, həm də Avropanın ən gözəl şəhərlərindən biri hesab olunur. Şəhərin Nuh və ya Herakl tərəfindən qurulması ilə bağlı çoxlu əfsanələr var. Əndəlüsün ürəyi sayılan Qranadaya “Sirlərlə dolu şəhər” də deyilir.
Bu şəhərdə hər şey var: möhtəşəm Moorish (müsəlman) sarayları, nəfəskəsən bəzəkli katolik kilsələri, asket monastırları, qaraçı məhəllələri, dar ərəb küçələri, sıx nəqliyyatın olduğu müasir və geniş küçələr, müxtəlif dövrlərə aid tarixi abidələr, yerli sakinlərin qonaqpərvərliyi, xarakterik adət və ənənələr... Şəhərin memarlığı müsəlman və xristian mədəniyyətlərinin ecazkar qarışığından ibarətdir.
İspaniyanın ən yüksək massivi olan Sierra Nevada dağ silsiləsindəki xizək kurortlarının yaxınlığı da şəhəri cəlbedici edir.
Rəssam və yazıçıları şedevrlər yaratmağa ruhlandıran şəhər
Dünyanın bir neçə şəhəri var ki, rəssam və yazıçıları şedevrlər yaratmağa ruhlandırıb. Qranada da bu heyrətamiz yerlərdən biridir. Federico Qarsiya Lorka “Qranadanı görməyən heç nə görməmişdir”, - deyəndə məhz şəhərin unikallığını düşünüb. “Hər il Qranadada Qarsiya Lorka Beynəlxalq Poeziya Mükafatı verilir. Şair məktəb illərində və faciəli ölümündən əvvəl bu şəhərdə yaşayıb. Qranada və onun yerli sakinlərinin hekayələri şairin bir çox şeirlərində, məsələn, “Qaraçı romansero” toplusunda və ya “Qanlı toy” tamaşasında xatırlanır”, -deyə şəhər turu zamanı bələdçi məlumat verdi.
2014-cü ildə Cənubi İspaniyanın bu rahat guşəsi YUNESKO tərəfindən fəxri “Ədəbiyyat şəhəri” adı ilə də təltiflənib.
Ərəb hökmranlığının izləri hələ də qalır
1492-ci ildə Qranada arxiyepiskopluğun mərkəzi olub. 1531-ci ildə bu şəhərdə hələ də İspaniya və Avropanın ən nüfuzlu universitetlərindən olan Qranada Universiteti yaradılıb.
Qranadanın tarixində ərəb hökmranlığının dərin izləri var.
Şəhərin küçələrini gəzərkən o dövrün möhtəşəm memarlığına rast gəlinir. Qədim, xüsusi arxitekturası ilə seçilən Albaicin ərəb məhəlləsi insanı keçmiş dövrlərə aparır. Ağ evlər və dar küçələr əsl Şərq atmosferi yaradır. Bu küçələrdə çay, şərq şirniyyatları və likörlərin təqdim olunduğu çoxlu çayxanalar var. Qranadanın qastronomiyası tipik Əndəlus mətbəxi ilə ərəb və yəhudi mənşəli yeməklərin qarışığıdır. Şəhər həm də inanılmaz tapasla (müxtəlif yüngül qəlyanaltılar) məşhurdur.
Şəhərdə turistlərin maraqla baş çəkdiyi yerlər sırasında Sakromonte əsas yer tutur. Bu ərazi 16-cı əsrdən bəri Qranadanın qaraçı əhalisinin ənənəvi evi olub. Qranadanın üç təpəsindən birində yerləşən ərazi dar, dolambac küçələrdəki ağ rəngli evləri, eləcə də əsrlər əvvəl qazılmış mağaraları ilə məşhurdur. Ən yaxşı flamenko tamaşaları Sakromonte mağaralarında keçirilir. Mağaraların bəzilərində hələ də məskunlaşma var.
Dünyanın səkkizinci möcüzəsi
Qranada 1492-ci ilə kimi Qranada əmirliyinin paytaxtı kimi tanınıb. Xristian istilası zamanı buranı tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün “Mavrın son nəfəsi” adı ilə məşhurdur. Qranada əmirliyinin fəthi ilə İspaniyada müsəlmanların hökmranlığına son qoyulub. Ona görə Qranada Əndəlüsün tarixində sonuncu müsəlman dövləti kimi yer alıb.
“Qranadanı Əndəlüsün mirvarisi olan Əlhambrasız (La Alhambra) təsəvvür etmək mümkün deyil. Əndəlüs müsəlmanlarının tikdiyi bu tarixi abidə o dövrün nəinki ən vacib, həm də ən yaxşı qorunub saxlanmış ərəb qalasıdır. Bu memarlıq kompleksi, onun yaradılması və keçmiş sakinləri haqqında çoxlu mif və rəvayətlər var. Deyilənə görə, sarayın hələ də öyrənilməmiş gizli keçidləri və yeraltı kommunikasiyaları mövcuddur. Əlhambranı əhatə edən gözəl bağlar – “Qeneralife bağları” 14-cü əsrdə tikilib və hələ də orijinal formasını qoruyub saxlayır. Əlhambranın ərəb bağları dünyanın səkkizinci möcüzəsi hesab olunur. 1984-cü ildə ərəb bağları bənzərsiz gözəlliyi və memarların virtuoz işi ilə bəşəriyyətin mədəni irsi kimi tanınıb. “Qeneralife bağları” 1829-cu ilin yayında V Çarlzın sarayında yaşamış amerikalı yazıçı Vaşinqton İrvinq (“Alhambra hekayələri”) daxil olmaqla bir çox musiqiçi və yazıçının yaradıcılığına ilham verib.
2024-cü ildə Qranada öz şəxsi rekordunu qırıb. Ərəb nağılını izləməyə 2,5 milyondan çox insan gəlib. Məhz bu qələbəliyə görə bu nadir qədim mədəniyyət abidəsinin təbii və memarlıq tarazlığını pozmamaq üçün Əlhambranı ziyarət etmək istəyənlərin sayını məhdudlaşdırmağa məcbur olublar. Ona görə qalaya giriş biletini səfərdən ən azı üç həftə əvvəl Alhambranın rəsmi saytından bron etmək tövsiyə edilir.
Qranadaya yenidən qayıtmaq
Qranada bir çox mədəni tədbirlərləri ilə turistləri cəlb edir. Şəhərdə tanqo, caz, kino, teatr festivalları keçirilir. Yerli sakinlər dini bayramları da təntənə ilə qeyd edirlər. Şəhər flamenko ifalarında əsas musiqi alətləri olan gitara, kastanet və kajonların əsrlər boyu hazırlandığı emalatxanaları və dükanları ilə də məşhurdur.
“Qranadada futbola da böyük maraq var. Küçələrdə “Qranada” futbol klubuna məxsus geyimdə insanlara hər addımda rast gəlmək olur. Futbol bu şəhərdə yerli mədəniyyətin mühüm hissəsidir. Klubun ev stadionu olan “Nuevo Los Carmenes” oyun zamanı azarkeşlərlə dolu olur”, - deyə bələdçi qeyd edir.
Şəhərin Lorkanın şeirlərinə köklənən ruhu, yerli sakinlərin şən hay-küyü və bu günə qədər qorunan monumental mədəni irs Qranadaya yenidən qayıtmaq üçün əsas səbəblərdir.
Təranə Məhərrəmova
Qranada-Bakı
