• şənbə, 16 Avqust, 04:09
  • Baku Bakı 22°C

Kolatağ və Vəngli sakinlərini qarşılayır

16.08.25 00:32 83
Kolatağ və Vəngli sakinlərini qarşılayır

Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə (Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli) 407 ailənin (1420 nəfər) köçürülməsi təmin olunub.

İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasını nəzərdə tutan Böyük Qayıdış Proqramının icrası uğurla davam edir. Bu dəfə doğma yurdlarına qayıtmağın sevincini ilk dəfə Ağdərə rayonunun Kolatağ və Vəngli kəndinin sakinləri yaşayıblar. 

Kolatağa 26 ailə köçürülüb

Ağdərə rayonunun Kolatağ kəndinə ilkin mərhələdə 26 ailə (89 nəfər) köçürülüb. Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, kənddə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) məskunlaşıb.

Ailələrin qarşılanma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.

Beş yaşayış məntəqəsi məskunlaşdırılıb

Ağdərə rayonunun Vəngli kəndinə də işğaldan azad olundan sonra ilk köç baş tutub. İlkin mərhələdə kəndə 22 ailə (83 nəfər) köçürülüb. Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Vəngli kəndində Kürdəmir rayonundan 12 ailə (43 nəfər), Bərdə rayonundan 3 ailə (12 nəfər), Qax rayonundan 2 ailə (9 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər), Sumqayıt şəhərindən 1 ailə (5 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Ağdam rayonundan 1 ailə (3 nəfər), Bakı şəhərindən 1 ailə (1 nəfər) məskunlaşıb.

Qeyd edək ki, bununla Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə (Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli) 407 ailənin (1420 nəfər) köçürülməsi təmin olunub.

Sakinlər üçün unudulmaz anlar

Hər iki kəndin sakinləri bu anların onlar üçün unudulmaz olduğunu bildirirlər. 

“Sakinlər kəndə qayıdışın sevinc dolu həyəcanını yaşayırlar”, - bunu “Report”a açıqlamasında Kolatağ kənd sakini Vilayət Ələkbərov deyib.

O, doğma kəndə qayıdışın sevincini sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb:

“Çox həyəcanlıyam. 30 ildən çox kəndimizə, öz ocağımıza dönəcəyimiz günün xəyallarını qurduq. Bəzən kəndi gördüyümüz yuxuların təsirindən uzun müddət çıxa bilmirdik. Çox şükür, Kolatağa qayıdış artıq yuxu deyil, reallıqdır”.
Kolatağ kənd sakini Rəşadət Musayev bildirib ki, 30 ildən çox davam edən yurd həsrətinə artıq bu gün son qoyulur. O, kəndə beş nəfərlik ailəsi ilə qayıtdığını vurğulayıb:

“Kəndimiz 1992-ci il martın 12-də işğal olundu. Məcburi köçkünlük illərində məskunlaşdığımız Ağcabədi rayonunda çətin günlər yaşadıq. 30 ildən artıq davam edən doğma yurd həsrətinə artıq son qoyulur.

Buna görə çox sevincliyik. Kəndimizə beş nəfərlik ailəmlə qayıdıram. Digər sevindirici məqam odur ki, yurda dönməyin sevincini övladlarım məndən daha çox yaşayırlar”.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.

 

banner

Oxşar Xəbərlər