Kənd yolunu xatırladan magistral

İpək yolu adlandırdığımız Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakıdan Hacıqabula qədər olan hissəsinin mövcud durumu ilə bağlı narazılıq artır. Həm sürücülər şikayət edir, həm də sərnişinlər.
Ölkəmizin həm sərnişindaşıma, həm də yükdaşımada əsas arteriyalarından biri İpək yoludur. Bu yol Gürcüstanla Azərbaycanı əlaqələndirir. Həmçinin bu istiqamətdə olan regionlara gediş-gəliş üçün əsas tranzitdir. Həmin magistral yolun Gürcüstan sərhədindən Hacıqabul rayonuna qədər olan hissəsi normal olsa da, Hacıqabul-Bakı hissəsi barədə bunu demək mümkün deyil. Bir müddətdir yolun sıradan çıxan hissələrinə yamaq vurulur. Amma bu da problemi həll etmir. Əksinə, həm sərnişin daşıyan kiçik minik avtomobillərinə, avtobuslara, həm də tranzit yüklər daşıyan iritonnajlı yük maşınlarına təhlükə yaradır. Həm sürücülər şikayət edir, həm də sərnişinlər.
Maliyyə vəsaiti problemi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, həmin yol hissə-hissə təmir olunur, lakin əsaslı təmir edilməsi üçün vəsait lazımdır: “Həmin yolun təmiri nəzərdə tutulur. Aidiyyəti qurumlara maliyyə vəsaiti ayrılması üçün müraciət olunub. Maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu məsələ həllini tapdıqda həmin yolda əsaslı şəkildə təmir işləri həyata keçiriləcək. Asfalt qatının yenilənməsi planlaşdırılır”.
“Yollarımızın bəziləri standartlara cavab vermir”
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun sözlərinə görə, magistral yollara yenidən baxış keçirilməlidir: “Bu yol uzun müddət əvvəl çəkilib. Fikrimcə, infrastrukturla bağlı məsələlər tamamlandıqdan sonra magistral yollara yenidən baxılmalıdır. Əvvəllər çəkilmiş yollar nə qədər təmir edilsələr də, müasir standartlardan kənarda qalırlar”.
F.Eyyubovun fikrincə, bütün yollar üçün müasir standartların tətbiqi vacibdir: “Bu günə qədər qeyd olunan məsələlərlə bağlı düzgün yanaşma olmayıb. Hazırda yollarımızın bəzisi köhnədir, standartlara cavab vermir. Bəzisi isə müasir və yüksək səviyyəli çəkilmiş, bütün dünya standartlarına uyğun yollardır. Bunlara baxılmalı, ümumi texniki baxış, monitorinq keçirilməlidir. Çünki İpək yolu beynəlxalq magistral yollardan biridir. Yolun bəzi hissələri sökülüb yenidən salınmalı, bəzi yerləri isə sadəcə bərpa olunmalıdır”.
“Keyfiyyət ön planda olmalıdır”
İdarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı-ekspert Asif İbrahimov İpək yolunun ölkəmiz üçün vacib əhəmiyyət daşıdığı qənaətindədir: “Beynəlxalq idarəetmə standartlarına görə yolların da standartları mövcuddur. Bizim ölkəmizdə yol təsərrüfatının sinifləndirilməsi aşağı səviyyədə deyil. Hətta qonşu ölkələrlə müqayisədə daha yüksək səviyyədə olduğunu da söyləyə bilərik. Yolların baxımı, təmir edilməsi, həmçinin yeni yolların salınması istiqamətində işlər görülür. Amma düşünürəm ki, bu işlər həyata keçirilərkən əsas nəzərə alınmalı məqam keyfiyyətdir. Keyfiyyət daha ön planda olmalıdır”.
Magistral və şəhərdaxili yollar eyni deyil
Ekspertin fikrincə, magistral yollar şəhər yolları ilə eyni hesab edilməməlidir: “Bakı-Qazax, Bakı-Astara yolunda müəyyən hissənin tez bir zamanda sıradan çıxması halları ilə qarşılaşmaq mümkündür. Buna səbəb böyük yük maşınları ilə qonşu ölkələrə daşımaların həyata keçirilməsidir. Lakin nəzərə almalı olduğumuz məqam odur ki, iritonnajlı yük maşınları hərəkət edən yollarla kiçik minik avtomobillərin yolları davamlılıq baxımından fərqlənir. O səbəbdən yollar salınarkən bütün bunların nəzərə alınması vacibdir. Texnoloji ardıcıllığa, tikinti normalarına riayət etmək lazımdır. Əgər yollar tez-tez çökürsə, deməli, haradasa bu qaydalara əməl edilməyib”.
“Sərt addımlar atılmalıdır”
A.İbrahimovun sözlərinə görə, yolları salmaqla yanaşı, onlara nəzarət olunması da vacibdir: “Əgər bu yol mütəmadi təmir olunur, lakin tez sıradan çıxırsa, təmirin keyfiyyəti müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. Bu istiqamətdə çox sərt addımlar atılmalıdır.
Magistral yollarımızın bir vacib problemi də işıqlandırma ilə bağlıdır. Yolların bəzi hissələri işıqlandırılsa da, əksər ərazilərdə işıq dirəkləri mövcud deyil. Bu da həmin yollarda hərəkət edən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır”.
31 yerdə 51 tərəzi quraşdırılıb
AYNA-dan da bu yolla bağlı görülən işlər haqqında məlumat verildi: “AYNA ümumi istifadədə olan yol infrastrukturunun qorunması, istismar müddətinin uzadılması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni texnologiyaların tətbiqini daim nəzarətdə saxlayır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda innovativ mexanizm olan 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə işlər davam edir. Ümumilikdə bu proses 31 yerdə 51 tərəzinin quraşdırılmasını əhatə edir. AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin məqsədi isə məhz iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarətdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş bu mərkəz elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə etməklə iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan yaradır”.
Zərif Salmanlı
