• cümə, 24 May, 08:02
  • Baku Bakı 13°C

Kəlbəcərin Baş Planının detalları açıqlanıb

04.05.24 01:36 1841
Kəlbəcərin Baş Planının detalları açıqlanıb

Plana əsasən, şəhər ərazisinin 22 %-i yaşıllıqlardan ibarət olacaq. 60 hektar sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.

Baş Plana əsasən...

“Report”un məlumatına görə, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə şəhərsalma sahəsində irimiqyaslı layihələrin müəllifi olan İsveçrənin “sa partners” şirkətinin və Bakı Dövlət Layihə İnstitutunun təcrübəli mütəxəssisləri tərəfindən hazırlanıb.

Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub.

Şəhərin ərazisi genişləndiriləcək

Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.
Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.

Dörd məktəb, iki xəstəxana 

Şəhərdə həmçinin dörd məktəb (960 şagird yerlik), dörd uşaq bağçası (520 yerlik), iki xəstəxana (160 çarpayılıq), bir reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.
Plana əsasən, şəhər ərazisinin 22 %-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 hektar sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək.

Su təminatı belə ödəniləcək

Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.

Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət (xüsusən turizm) və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan “İstisu” sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq. Bütün bunlar isə əhalinin dayanıqlı məşğulluğuna əlverişli zəmin yaradacaq.

 

banner

Oxşar Xəbərlər