İstiqlal ordusunun fədakar sərkərdəsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yaradılmasında müstəsna xidmətləri olanlardan biri də çərkəz əsilli hərbi sərkərdə, general-mayor Murad Gəray bəy Tlexasdır. O, bolşevik işğalından sonra edam edilib.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Milli Ordunun yaradılmasında mühüm rolu və xidməti olmuş hərbi sərkərdələrdən biri də çərkəz əsilli Murad Gəray bəy Tlexasdır. O, Rusiyadakı Mixail Artilleriya Məktəbini bitirib. Həmin məktəbi bitirdikdən sonra Rusiyanın bir sıra bölgələrində xidmət edib. 1912-1913-cü illərdə Rusiyanın artilleriya briqadasında kapitan rütbəsinə yüksəlib. I Dünya müharibəsində və Port-Artur uğrunda gedən döyüşlərdə iştirak edib.
Artilleriya şöbəsinin rəisi təyin edilir
Murad Gəray bəy Azərbaycanda milli tərkibli qoşun hissələrinin sıralarında xidmət etməyə Azərbaycanda müsəlman korpusunun yaradılmasından sonra başlayıb. 1918-ci il noyabrın 15-də AXC hərbi nazirinin müavini, artilleriya generalı Səməd bəy Mehmandarov nazirliyin baş ştabının və dəftərxanasının yaradılması haqqında əmr imzalayıb. Həmin əmrdə qeyd edilirdi ki, baş ştabın artilleriya şöbəsinin idarə edilməsi general-mayor Tlexasa tapşırılır.
Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 3-də hərbi hissələrin ştatlarının işlənib hazırlanması üzrə nazir müavini Şıxlinskinin sədrliyi ilə komissiyanın yaradılması haqqında əmr imzalayır. Həmin əmrə uyğun olaraq, yaradılacaq komissiyanın tərkibinə dövrün görkəmli sərkərdələri, o cümlədən baş ştabın rəisi polkovnik Səlimov və intendant idarəsinin rəisi polkovnik Serebrennikov, atlı diviziyanın rəisi, general-mayor Qacar, artilleriya idarəsinin rəisi general-mayor Tlexas və digərləri daxil edilib.
Bakının hərbi general-qubernatoru olur
Hərbi Şuranın 3 sentyabr 1919-cu il tarixli iclasında Baş artilleriya idarəsinin və Gəncə hərbi zavodunun ştatlarının təsdiq edilməsi və xaricdən ordunun ehtiyaclarını ödəmək üçün lazımi təminatların əldə edilməsi məsələlərinə baxılır. İclasda nazir müavini olan artilleriya generalı Şıxlinski, ali ştabın rəisi general-leytenant Sulkeviç, müvəqqəti olaraq baş ştabın rəisi vəzifəsini icra edən general-mayor Qaytabaşı, mühəndislik idarəsinin rəisi general-leytenant Tarxanov və artilleriya idarəsinin rəisi general-mayor Tlexas iştirak edirlər.
1919-cu il sentyabrın 13-də general-mayor Tlexas hərbi nazirin təqdimatı ilə Dövlət Müdafiə Komitəsi tərəfindən Bakı İstehkamçılar hissəsinin rəisi təyin olunur. O, bu vəzifə ilə yanaşı, Bakının hərbi general-qubernatoru vəzifəsini də öz üzərinə götürür. Bu struktur Denikin təhlükəsinin mövcud olduğu müddətdə şəhərin müdafiəsini təşkil etməli və sabitliyi qorumalı idi. Tlexasın rəhbərliyi ilə Bakının qurudan və dənizdən müdafiəsi üçün konkret tədbirlər planı hazırlanır, şəhər ətrafında müdafiə zolaqları qurulur.
Səməd bəy Mehmandarov şəxsən təşəkkür edir
Həyata keçirilmiş tədbirlər nəticəsində Gürcüstandan hərbi texnikanın və silahların əldə edilməsi mümkün olur. Nazir Səməd bəy Mehmandarovun 19 sentyabr 1919-cu il tarixli əmri ilə Gürcüstandan hərbi texnika və silah əldə etmiş komissiyanın üzvlərinə təşəkkür elan edilir. Bildirilir ki, bir sıra ciddi maneələrin olmasına baxmayaraq, qısa müddət ərzində olduqca böyük əhəmiyyət kəsb edən müxtəlif silahların və hərbi texnikanın əldə edilməsinə nail olunub. Son dərəcə sərfəli qiymətlərlə texnika və silah alınıb və Gəncə və Bakıya çatdırılıb. Əldə olunan silahların əksəriyyəti tamamilə yeni olub. Səməd bəy Mehmandarov bu uğurlu fəaliyyətə görə general-mayor Tlexasa şəxsən minnətdarlığını bildirib.
Bir illik yorulmaz fəaliyyət
Səməd bəy Mehmandarovun 4 dekabr 1919-cu il tarixdə imzaladığı əmrlə də Tlexasa vicdanlı xidmətinə görə təşəkkür elan edilib: “Artilleriya idarəsinin rəisi general-mayor Tlexas vəzifəyə hələ Hərbi Nazirliyin təzə yarandığı vaxtdan, yəni hələ ordunun və onun idarə orqanlarının olmadığı dövrdən etibarən təyin edilmişdir. Ordumuzun yaradılması işində mənim ən yaxın əməkdaşım general-mayor Tlexas olmuşdur. Mərd və fədakar insandır. Ordunun silahlanması, bütün Azərbaycan boyu kənara atılmış artilleriya anbarlarının və emalatxanalarının, avadanlıqlarının əldə edilməsi, həmin əmlakların yığılıb-toplanması sahəsində vicdanla çalışaraq müvafiq işlər görmüşdür. Hazırda adı çəkilən generalın qarşısında respublikamızın müdafiəsi üzrə yeni və son dərəcə vacib vəzifələr qoyulduğu üçün onun baş artilleriya idarəsinin rəisi vəzifəsindən azad edilməsini qərara aldım. Bir il ərzində tutduğu vəzifəni vicdanla və müvəffəqiyyətlə yerinə yetirdiyinə görə hörmətli Murad Gəraya xidmət adından dərin təşəkkürümü bildirirəm”.
Bakının müdafiəsi ilə bağlı addımlar atıb
Ümumilikdə Tlexas fəaliyyəti dövründə Bakının müdafiəsi ilə bağlı diqqət çəkən addımlar atıb. Tarixi sənədlər təsdiq edir ki, Murad Gəray vətəni Azərbaycanın keşiyində daim mərdliklə dayanıb. 1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra ölkəmizin bir çox mərd və sadiq oğulları kimi Murad Gəray Tlexas da həbs olunur. Həmin ilin iyununda Cümhuriyyət Ordusunun 15-dən artıq tanınmış hərbi sərkərdəsi, o cümlədən general-mayor Tlexas edam ediliblər. Ölümlərindən 106 ildən artıq bir müddət keçməsinə baxmayaraq, onların xidmətləri unudulmur və xatirələri daim böyük hörmət və ehtiramla yad edilir.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin Baş məsləhətçisi