• şənbə, 27 Iyul, 03:36
  • Baku Bakı 27°C

İKT sahəsində inqilabi addım

25.11.23 01:33 2360
İKT sahəsində inqilabi addım

Artıq ev təsərrüfatlarının yarısından çoxunun genişzolaqlı internetə çıxış imkanı var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cari ilin sonuna kimi bu rəqəmin 60 faizə çatdırılmasını hədəfləyib. Gələn ilin sonuna qədər Azərbaycanda ən aşağı sürətin 25 Mbit/s olacağı proqnozlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Bölgələrdə yüksəksürətli internetin təmin edilməsi üçün görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır. Yəni gələn ildən Azərbaycan tam olaraq fiber-optikə keçəcək. Bəs fiber-optikə keçid internet məkanında nəyi dəyişəcək? Regionlarda internetin sürəti artacaqmı? 

Daha yüksək sürət, az gecikmə

İnformasiya Texnologiyaları əməliyyatlarının təkmilləşdirilməsi üzrə ekspert Azər Əlili “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu dəyişiklik internet istifadəçilərinə yeni imkanlar və daha yaxşı təcrübə vəd edir. Fiber-optik kabel texnologiyası məlumatların işıq sürəti ilə ötürülməsini təmin edir. Üstəlik, texniki problemlərə də daha az meyillidir: “Fiber-optikin ənənəvi DSL və ya digər internet növlərindən üstün cəhətləri çoxdur. Bunlara daha yüksək sürət, məlumat ötürmə keyfiyyəti və az gecikmə müddəti daxildir. Bu texnologiya dəyişikliyi ilə Azərbaycan informasiya texnologiyaları sahəsində dünya standartlarına uyğunlaşacaq və bu, ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək”.

Müsbət təsirləri gələn illərdə hiss ediləcək

Həmsöhbətimiz bütün ölkə ərazisində fiber-optikə keçidi Azərbaycan üçün İKT sahəsində inqilabi addım adlandırır: “İstifadəçilər bu dəyişikliklərin müsbət təsirlərini gələn illərdə hiss edəcəklər. Ötən illər ərzində dövlət və özəl internet provayderləri tərəfindən ölkənin şəbəkə və kommunikasiya infrastrukturuna böyük yatırımlar edilib. Nəticədə ən uzaq kənd və qəsəbələr belə, artıq optik internet xidməti ilə təmin edilib. Məsələn, Xınalıq kəndi və Lahıc qəsəbəsi bu yenilikdən yararlanan bölgələrdir. Yeni və sonuncu dalğa olaraq planlaşdırılan fiber-optik xətlərin çəkilməsi, ölkənin tam sürətli internet xidmətinə keçidini təmin edəcək və bu, regionumuz üçün ilklərdən biri olacaq”.

Ucqar kəndlərin internet problemi həll olunacaq?

Məlumdur ki, Azərbaycanda ucqar kəndlərdə yaşayan insanlar uzun müddətdir internetin sürəti ilə bağlı problemlər yaşayırdılar. Biz xüsusilə pandemiya dövründə orada yaşayan şagirdlərin dərslərə qoşula bilmədiklərinin şahidi olurduq. 

A.Əlili vurğulayır ki, fiber-optikə keçid ucqar kəndlərdə internet problemini tam aradan qaldıracaq: “Fiber-optik GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiqi ilə bu problemin həllində mühüm addım atılır. Yüksək sürətli internet xidmətinin təqdim edilməsi həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesində işini rahatlaşdıracaq. Nəticədə ucqar kəndlərdə də təhsilin keyfiyyəti artacaq və daha rəqabətli pedaqoji mühit formalaşacaq. Azərbaycanın genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi, ölkənin qlobal İKT məkanında daha da rəqabətqabiliyyətli olmasına və vətəndaşlarının həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımdır. Bu, həmçinin, e-təhsil, e-sağlamlıq və e-hökumət kimi xidmətlərin daha geniş tətbiq olunmasına imkan yaradacaq, bu da ölkənin texnoloji inkişaf yolunda irəliləməsinə kömək edəcək”. 

“Azərbaycanda ən aşağı sürət 25 Mbit/s olacaq”

İT mütəxəssisi Elvin Abbasov da təsdiqləyir ki, gələn il Azərbaycanın ucqar kənd və rayonları 25 Mbit/s internetlə təmin olunacaq: “Ookla” şirkəti tərəfindən təqdim edilən hesabata görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 30 Mbit/s-i keçib. Bu da o deməkdir ki, ölkədə genişzolaqlı internetin sürətində ümumilikdə 16 faiz illik artım olub. “Baktelecom”un saytında verilən məlumata görə, 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda 700 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,5 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu da ölkədəki ev təsərrüfatlarının 52%-i deməkdir. Artıq ev təsərrüfatlarının yarısından çoxunun genişzolaqlı internetə çıxış imkanı var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cari ilin sonuna kimi bu rəqəmin 60 faizə çatdırılmasını hədəfləyib. Gələn ilin sonuna qədər Azərbaycanda ən aşağı sürətin 25 Mbit/s olacağı proqnozlaşdırılır”.

“Hava şəraiti internetin sürətinə təsir etməyəcək”

İnternetin sürətinə hava şəraitinin dəyişməsi də təsir edirdi. Mütəxəssis deyir ki, fiber-optiklə bu problemlər də aradan qaldırılacaq: “Optik kabel texnologiyasının son trendi hesab edilən GPON ənənəvi mis kabel xətləri olmadan yüksəksürətli məlumat ötürülməsinə və hava şəraitindən asılı olmayaraq, kəsintisiz xidmət göstərilməsinə imkan yaradır. Əvvəlki texnologiyada isə yağış, külək simli xətləri deformasiyaya uğradırdı. Bu, həm torpağın, həm də suyun altından keçən dözümlü və sürətli texnologiyadır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər