• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

Hüquqşünas: "Səfirliyə hücum ən xırda detalına qədər araşdırılmalıdır"

06.08.22 02:45 998
Hüquqşünas: "Səfirliyə hücum ən xırda detalına qədər araşdırılmalıdır"

“Səfirliklərin təhlükəsizliyi Vyana konvensiyası ilə tənzimlənir. Həmin sənəddə hər iki tərəfin öhdəlikləri, vəzifələri göstərilib”.

Bunu hüquqşünas Fərhad Mehdiyev deyib.

“Adətən binanın mühafizəsi hər iki ölkənin təmsilçilərinin birgə iştirakı ilə həyata keçirilir. Konkret situasiyadan danışdıqda isə deməliyəm ki, biz səfirliklərin binasının qorunması ilə bağlı dövlətlər arasında hansı razılıqların əldə olunduğunu, təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olduğunu bilmirik. Bundan başqa, səfirliyə daxil olma qaydası hər ölkədə fərqlidir. Bəzi ölkələrdə bu, çox asan, bəzilərində isə xeyli çətindir. Bəlkə də, Londondakı səfirliyimizdə mühafizə o qədər də güclü olmayıb. Çünki bu cür təxribat, həqiqətən, gözlənilməz idi. Amma yəqin ki, sözügedən hadisədən sonra səfirliklərin mühafizəsi gücləndiriləcək”.

F.Mehdiyevin sözlərinə görə, belə məsələlərdə şəxslərin məsuliyyəti ölkələrin qanunvericiliyi ilə tənzimlənir: “Biz hələ də nəyin baş verdiyini dəqiq bilmirik. Hadisə ən xırda detallarına qədər araşdırılmalıdır. Yalnız bundan sonra konkret nəsə demək mümkün olacaq. Səfirlik binaları çox ciddi qorunmalıdır”. (Report)

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq radikal şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Olay nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

banner

Oxşar Xəbərlər