• cümə, 19 Aprel, 13:52
  • Baku Bakı 25°C

Hollandlara gülçülük “dərsi” verən azərbaycanlı - PEŞƏKAR

04.06.22 04:30 2968
Hollandlara gülçülük “dərsi” verən azərbaycanlı - PEŞƏKAR

Yusif Xəlilov: “Bütün marketlərdə gül satılır. Çox nadir hallarda marketdə gül olmaz. Pandemiya dövründə belə gül satışında problem olmadı. Dünyada bu qədər aclıq, problem olduğu vaxtda gül alanların sayı artırsa, deməli, həqiqətən də, gül ruhumuzu qidalandırır”. 

Yaxın adamın qızına gül buketi hədiyyə etmək üçün dostları ilə gül mağazasına gedirlər. O, mağazada “Gəlin gülü alıb özümüz buket hazırlayaq” deyir. Gülləri seçir və gözəl buket hazırlayır. Bunu görən mağaza sahibi “bu işdə yaxşı bacarığın var” deyir, daha sonra iş təklif edir. “Həmin ərəfədə 19 yaşım var idi. Çox fikirləşirdim ki, nə edim, hansı sahəyə gedim? O dönəmdə bu iş təklifi gəldi. Mən də özümü sınamaq qərarı verdim”.

Söhbət hazırda Niderlandda çalışan azərbaycanlı gənc, florist Yusif Xəlilovdan gedir.

Zövqünü göstərsən, müştərilərlə işləməyi bacarsan... 

Deyir ki, işə yeni başladığı vaxtlarda bir neçə dəfə bu sahədən uzaqlaşmaq fikrinə də düşüb: “İşə başlamışdım, hər şey normal idi. Yaxınlarım tez-tez deyirdilər ki, bu sahə gəlirli deyil. Karyera olaraq hansısa sahəni seçirsənsə, gəlirini də düşünməlisən. Bu səbəbdən ilk dönəmlərdə bir neçə dəfə düşündüm ki, bəlkə davam etməyim. Amma marağım var idi deyə, özümü məcbur edib davam etdim. İşlədikcə, gördüm ki, əksinə, gəlirlidir. Sən öz zövqünü göstərsən, müştərilərlə işləməyi bacarsan, yaxşı qazanc əldə edə bilərsən. Hər sahə belədir, qazanmaq üçün əmək sərf etmək lazımdır”.

Müxtəlif şirkətlərlə işləyirəm

5 il Azərbaycanda çalışdıqdan sonra Niderlanda köçmək qərarı verir: “Niderlandda qohumlarım yaşayır. Sahəmlə bağlı burda geniş imkanlar olduğunu demişdilər. Deyirdilər ki, gəl, yoxla. Azərbaycanda 5 il çalışdıqdan sonra dedim ki, bir aylıq gedib baxım. Elə o gələn gəldim. Burda tədbirlərin güllərlə dekorasiyası işini görürəm. Müxtəlif şirkətlərlə işləyirəm. Onlar tədbirlərinə məni dəvət edirlər. Mağazada işləmək mənə sərf etmir. Həm çox vaxt aparır, həm də o qədər gəlirli deyil. Eyni zamanda bir ildir art obyekt - yeni texnologiya ilə rəsm hazırlayıram. Bu səbəbdən də mənə tədbirlər üçün işləmək sərf edir”.

Hollandların öz buket stili var

Deyir ki, nə Azərbaycanda, nə də Niderlandda müştərilərin zövqünü tutmaq cəhətdən problem yaşamayıb: “Əgər müştəri nə istədiyini gözəl izah edirsə, istədiyini təqdim etmişəm. Floristin danışıq qabiliyyətindən çox şey asılıdır. İnsan özünə güvənməyə-güvənməyə danışırsa, sözü ilə işi üst-üstə düşmürsə, müştəriyə işin keyfiyyətli olacağı haqda inam vermir. Söhbət şişirdib danışmaqdan getmir. Fikrini, ideyasını rahatlıqla çatdıra bilirsə, məncə, yüzdə doxsan müştəri ona güvənir. Yəni heç bir zaman problem olmayıb”.

Azərbaycan və Niderlandda müştərilərin zövq fərqinə gəlincə, Y.Xəlilov deyir ki, azərbaycanlılar birdizaynlı, hollandlar isə qarışıq güllü buketləri sevirlər. Hollandların öz buket stili var. Demək olar ki, orda hər güldən bir dənə olur”.

70 yox, 20 sentlik olanı alırlar

Y.Xəlilov Niderlanda getdiyində onu daha çox təəccübləndirən məsələdən də danışdı: “Gülləri ilə məşhur olan ölkədə insanların güllərə böyük pullar verə biləcəyini düşünürdüm. Amma əksini gördüm. Ən bahalı gülləri öz ölkələrinə deyil, xaricilərə satırlar. Fermerlər bunu deyəndə mənə qəribə gəldi. Necə ola bilər ki, siz bunu istehsal edirsiniz, amma burda satmırsınız? Dedilər ki, burda buket gül almağa o qədər də çox büdcə ayrılmır. Müəyyən növ güllər yetişdirilir ki, qiyməti çox bahadır. Həmin bahalı güllərin bir neçə sort aşağı növünü burada satırlar. Məsələn, bir ədədi 70 sentə olan xrizantemanı almırlar, xaricə gedir. Həmin gülün 20 sentlik versiyası satılır, onu alırlar”.

Ancaq dibçək güllərinə pul xərcləmək cəhətdən xəsislik etmirlər: “Hollandlar dibçək güllərini çox sevirlər. Burda artıq büdcə fərqi yoxdur. Ucuzunu da alırlar, ən bahalısına da pul verirlər. Gül hədiyyələrinin 50 faizi dibçək gülləri olur”.

Gül istehsalı daha çox ailə biznesidir

Y.Xəlilov deyir ki, Niderlandda gül istehsalı daha çox ailə biznesidir: “Hollandlarda gülçülüyün böyük hissəsi ailə biznesidir. Valideynlər, övladlar, qardaş-bacılar çalışırlar. Bütün şirkət ailəyə məxsusdur. Yad adamlar çalışan çox az şirkət görmüşəm. Üstəlik, öz işlərini çox sevirlər. Bir nəfər var, onu çox yaxşı tanıyıram. Xrizantema istehsal edən böyük müəssisəsi var. Çox modern versiyadır və bundan inanılmaz dərəcədə gəlir götürür. Bu sortun patenti ona məxsusdur. Onun qazandığı gəliri qazanan başqa biri kabinetində oturardı, heç nə etməzdi, amma bu insan özü də işləyir. Öz işlərini sevirlər, pul qazanırlar”.

“İkinci ay satış ikiqat oldu”

Y.Xəlilov bildirdi ki, holland xanımlar gül almağı sevirlər. Bunun göstəricisi odur ki, hər marketdə gül satışı aparılır: “Bütün marketlərdə gül satılır. Çox nadir hallarda marketdə gül olmaz. Pandemiya dövründə belə gül satışında problem olmadı. Düzdür, pandemiya yeni başlayanda hər yer bağlanmışdı, tədbirlər dayanmışdı, heç kim heç nə etmirdi. Hətta tonlarla gülü atdılar. Gül sferasında yalnız bir aylıq problem yaşandı. Mən bir neçə gül istehsal edən müəssisə ilə danışmışdım, dedilər ki, bir ay əziyyət çəkdik, ikinci ay satış ikiqat oldu. Çünki insanlar pandemiya dövrünün nə qədər pis olmasına baxmayaraq, yenə də gül almağa davam edirdilər. Düşünürlər ki, yemək mədəmizi, gül isə ruhumuzu qidalandırır. Dünyada bu qədər aclıq, problem olduğu vaxtda gül alanların sayı artırsa, deməli, həqiqətən, gül ruhumuzu qidalandırır”.

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər