çərşənbə axşamı, 28 mart, 00:04

Baku Bakı 14°C

Həzinlik qarışıq məsuliyyət

icon 238 icon 18 mart 2023 | 12:00 Həzinlik qarışıq məsuliyyət

... İçindəki bəstələrdən süzülüb gələn həzinlik bəlkə də baharda dünyaya gəlməsindəndir. Vətəninə bağlılıq, insanlara doğma münasibət, işinə məsuliyyət – bunların hamısının bir adamda olması üçün, sözün böyük mənasında BÖYÜK SEVGİyə sahib olmalısan. Bu günlərdə anadan olmasının 60 ili tamam olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkar, yazıçı Novruz Aslan kimi ...

ÖMÜRLÜYÜNDƏN: Novruzəli Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində atası yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olub, 1980-ci ildə məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və elektron hesablama texnikası" fakültəsini bitirib.

1985–1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışıb.

1990–1999-cu illərdə "Azərağackağız" Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.

12 ədəbi, elmi-kütləvi kitabın müəllifidir. Belə ki, daha çox oxucu auditoriyasına malik olan "Humanitar diplomatiya", "Mərhəmətin ünvanı", "Mənim düşüncələrim", "Qızıl Aypara dünən, bügün, sabah", "Xeyir və Şər", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında", "Bir daha insan haqqında", "İnsan və onun möcüzəli dünyası", "Əbədi həyat və möcüzəli varlıq" kimi kitabların müəllifidir.

Ailəlidir, 4 övladı var.

Elə bununla da yubiley yazısını tamamlamaq olardı. Çünki ömürlüyündə hər şey yazılıb. Ona baxıb adamın keçdiyi həyat yolunu təxmin etmək olar. Amma sevgili oxuculara bəzi məqamları geniş izahatla yazmağa ehtiyac duyursan. Belə adamların fəaliyyəti o qədər çoxşaxəlidir ki, əslində bir yazıda onu əhatə etmək çətin olur.

MART AYI HƏM DƏ ONUN RƏHBƏRİ OLDUĞU CƏMİYYƏTİN YARANDIĞI TARİXDİR

Təsadüfdürmü, zərurətdirmi, bilmirəm, mart ayı həm də Azərbaycanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yarandığı tarixdir. Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təşkil edilmişdir. Bu gün bu mötəbər qurum özünün 103-ci ildönümünü böyük fərəh hissi ilə qeyd edir.

Ölkə başçısı Azərbaycanda Qızıl Aypara hərəkatından danışarkən demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənnasız xidməti özünün amalına çevirmişdir. Sosial məsələlərin həllinə yaxından köməklik göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi Cəmiyyətə nüfuz qazandırmışdır. Qızıl Aypara Cəmiyyəti müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermiş və inam hissi aşılamışdır.” Daha sonra məktubda deyilir: “Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq bir sıra sosial-tibbi və humanitar layihələri uğurla gerçəkləşdirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarındandır”.

Cəmiyyətin fəaliyyətinin daha böyük anlamda genişləndirilməsində, saflaşdırılmasında, bir rəhbər kimi, Novruz Aslanın xidmətləri danılmazdır. Müxtəlif vaxtlarda mətbuatda çap olunan müsahibələrində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin son illər keçdiyi şərəfli yol haqqında ictimaiyyətə ətraflı məlumat verib.

MÜSAHİBƏLƏRİNDƏN: “Ulu öndərin Azərbaycan tarixində və onun müstəqil bir dövlət kimi formalaşmasında əvəzsiz rolu var. İstər keçən əsrin 60-cı illərində, istər müstəqilliyimiz dövründə Ulu öndərin rolu böyükdür və Azərbaycan xalqı onun hər bir zəhmətini, uzaqgörən siyasətini yüksək qiymətləndirir.

90-cı illərdəki vəziyyət hamıya məlumdur, Azərbaycan müharibə şəraitində idi, torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Heydər Əliyev ilk dəfə olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişdi və bu müraciətə əsasən Azərbaycana ilk yardım gəldi. Ondan sonra Ulu öndər Qızıl Xaç və Qızıl Aypara hərəkatına müraciət etdi və 1994-cü ildə Heydər Əliyevin diqqəti, qayğısı və tövsiyəsi nəticəsində Milli Məclis Qızıl Aypara hərəkatı ilə bağlı xüsusi bir qərar qəbul etdi. Məhz bu qərarın əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətini Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasına qəbul etdilər və bu, bizə humanitar sahədə böyük bir yol açdı.

O zaman bilirsiniz, ölkəmizin iqtisadi vəziyyəti çox ağır idi və iqtisadiyyatımız hələ formalaşmamışdı. Ona görə də ölkəmizin beynəlxalq humanitar yardımlara ehtiyacı var idi. Yəni Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti beynəlxalq quruma tam bərabərhüquqlu üzv seçildi və bütün donorlar Azərbaycana axışdı. O zaman qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğı oldu, onlarla bağlı müxtəlif proqramlar həyata keçirildi. Bu da bizim dövlətimizə böyük kömək idi.

Qızıl Aypara vətəninə yararlı, saf niyyətlə iş görənlərdən təşkil olunub. Təşkilatın imicini yüksəltmək üçün strateji addımlar atdıq, "Lider" telekanalı ilə böyük bir layihə həyata keçirdik. Gördüyümüz işlər barədə ayda iki dəfə televiziya verilişləri hazırlandı. Qan vermə və digər kütləvi aksiyalar həyata keçirdik. Məhz bu işlərdən sonra insanlar yeni və daha təkmil Qızıl Aypara cəmiyyəti ilə yaxından tanış olmaq imkanı qazandılar. Fəaliyyətmizdə şəffaflığı təmin etdik”.

Millət vəkili müsahibələrinin birində ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan müstəqilliyinin qarantı olduğunu bildirir: “44 günlük Vətən müharibəsində möhtəşəm qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, bu gün Qarabağda böyük quruculuq işləri aparılır. Heydər Əliyev bugünkü güclü Azərbaycanı görürdü. Heydər Əliyevin siyasəti ilə Prezident İlham Əliyevin fəaliyyəti bir-birinə bağlı olan məsələdir. Şuşa işğaldan azad edilən gün Prezident İlham Əliyev xalqa müraciət edərək bildirdi ki, “mən atamın vəsiyyətini yerinə yetirdim”. Ulu öndərimizin müqəddəsliyinə baxın ki, Şuşanın azad olunmasını vəsiyyət etmişdi. Bu bir daha onu göstərir ki, Ulu öndər ancaq Azərbaycan haqqında fikirləşib, Azərbaycanın müstəqilliyi, uğuru, qələbəsi haqqında fikirləşib və Heydər Əliyevin bu ideyalarını həyata keçirə biləcək yeganə şəxs təbii ki, Prezident İlham Əliyevdir. Bizim qələbəmiz, müstəqilliyimiz əbədidir, sarsılmazdır və Prezident İlham Əliyevin siyasəti nəticəsində belə də olacaq”,

ONDAN İMDAD GÖZLƏYƏN DƏ VAR, NƏĞMƏ GÖZLƏYƏN DƏ...

Novruz Aslan neçə illərdir Milli Məclisdə təmsil olunur. Millət vəkili İsmayıllı rayonunda yerləşən ofisində tez-tez seçicilərlə görüşlər keçirir. Keçirilən görüşlərdə onları maraqlandıran bütün problemləri dinləyir, bir çox məsələlər yerindəcə həll olunur, həlli zaman tələb edən məsələlər qeydiyyata alınır, əlaqədar qurumlara müvafiq müraciətlər edilir.

N. Aslan təkcə təmsil etdiyi rayonun seçiciləri ilə görüşmür. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri, sosial yönümlü qayğıları ilə bağlı millət vəkilinə tez-tez müraciət edirlər. Və o, heç kimi naümid qaytarmır - ondan imdad gözləyəni də, həzin mahnı gözləyəni də. Çünki gözlənilənlər ehtiyacdan doğur... Biri yaşam ehtiyacıdır, biri ruhun ehtiyacı... Nə yaxşı ki, 60 illik yubileyi qeyd olunan Novruz Aslan hər iki ehtiyacı ödəyə bilir.

Dediyimiz kimi, Novruz Aslanı bu illər ərzində sevdirən başqa tərəfi də var. Uzun illərdir ki, sevə-sevə dinlədiyimiz bir çox həzin mahnıların bəstəkarı da Novruz Aslandır. Əslində bu həzinlik onun bütün həyatına hopub. 60 illik yubileyində onun bu sahədə də dinləyiciləri qarşısında verəcəyi hesabatı da var.

“Aldatdı məni”, “Azərbaycan bayrağı”, “Azərbaycanım”, “Azərbaycan-Türkiyə”, “Bu şəhərdən çıxıb gedə bilərsən”, “Bu yaş nədir”, “Darıxıram”, “Gecə də, gündüz də yol gedirəm mən”, “Qaragilə” “Qarağacım”, “Qızıl Aypara” himni”, “Yağış”, “Yaşın nə fərqi var ki” və bir çox mahnılar var ki, Novruz Aslanın bəstələrindən süzülüb gəlir.

Onun gördüyü bütün işlərin arasında qəribə bir yaxınlıq var. Milli Məclisdə ölkəmiz, dövlətimiz, insanlarımız üçün qəbul edilən sənədlərin, qanunların hazırlanması zamanı fəal iştirakda, Qızıl Aypara Cəmiyyətinin xətti ilə humanist addımların atılmasında, insan ürəyini fəth edən bəstələrin yaranmasında gerçəkdən də duyğulu, sevdalı bir ÜRƏK lazımdır. Novruz Aslanın ürəyi kimi...

Onun əməyi həmişə yüksək qiymətləndirilb. Ölkə Prezidenti İlham Əliyevin müxtəlif illərdə imzaladığı sərəncamlarla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkar Novruz Aslan 3-cü və 2-cü dərəcəli dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edib.

2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş "Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili " adına layiq görülüb. Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci ilin adamı elan və 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə "İlin adamı" medalı ilə təltif olunub.

… Novruz Aslanın 60 illik yubileyi ərəfəsində haqqında ürəyimin hökmü ilə təbrik yazan müəllif olaraq, sonda bir məqama da toxunmaq istəyirəm. 9 fevral 2020-ci ildə keçirilən parlament seçkiləri zamanı 86 saylı İsmayıllı seçki dairəsindən bir-birimizin opponenti olmuşuq. Hər ikimiz parlamentdə deputat seçilmək uğrunda mübarizə aparmışıq. Novruz müəllim secildi, seçicilər Novruz müəllimi seçdilər. Demokratik şəraitdə keçən seçkilərdə Novruz Aslan xalqın etimadını qazanaraq haqlı qələbə çaldı və digər namizədlər arasında ilk olaraq təbrik etdim.

O seçkilər bizi bir az da doğmalaşdırdı. Əslində içimizdə bizdən asılı olmayan doğmalıq lap əzəldən var idi: Hər ikimiz bu Vətəni, bu torpağı, bu insanları candan artıq sevirik, hər ikimiz Ulu Öndər siyasətinin aşiqləriyik, hər ikimizin müstəqil Azərbaycanın təbliğatçısıyıq.

... 60 yaşı bir insan ömrünün ÜÇDƏN İKİSİ də adlandırırlar. Bu zaman kəsiyini şərəflə yaşayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkar Novruz Aslanın hələ görəcəyi çox işlər, bəstələyəcəyi çox mahnılar var...

Yusif MƏHƏMMƏDOĞLU

AYB-nin və AJB-nin üvzi, Prezident təqaüdçüsi,

Xəbərlər İnformasiya Agentliyinn baş redaktoru, yazıçı-jurnalist