• şənbə, 21 Sentyabr, 13:44
  • Baku Bakı 25°C

Heydər Əliyevin “yumşaq güc” siyasəti

10.05.23 18:28 628
Heydər Əliyevin “yumşaq güc” siyasəti

Azərbaycan xalqının tarixində müstəsna rol oynamış dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti haqqında çoxsaylı tədqiqatlar bu görkəmli şəxsiyyətin siyasi portretinin ayrı-ayrı ştrixlərini təsəvvürümüzdə canlandırmaq üçün çox zəngin məlumatlar verir. Heç şübhəsiz ki, Ulu Öndərin şah əsəri müasir Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin rəhbərliyi altında öz tarixinin ən şanlı səhifələrini yaşayan bu dövlətin qurulması SSRİ-nin süqutundan sonra yaranmış yeni geosiyasi reallıqların nəticələrindən biri olmaqla yanaşı, qısa vaxt ərzində çox keşməkeşli, ziddiyyətli, çətin bir yol keçdi.

Bu fikirlər Milli Məclisin deputatı Ramin Məmmədovun “Heydər Əliyevin “yumşaq güc” siyasəti” sərlövhəli məqaləsində yer alıb.

Kaspi.az məqaləni təqdim edir.

1993-cü ilin müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi olması barədə əsaslandırılmış elmi-siyasi təhlillər 2023-cü ildən daha aydın və əvvəlki illərdən daha inandırıcı görünür. Ümummilli lider Heydər Əliyevin Azərbaycan ictimai təfəkküründəki obrazı onun tarixi xidmətlərinin formalaşdırdığı epizodik təsəvvürlərin cəmiyyət tərəfindən qəbul olunmuş ümumiləşmiş məzmunu kimi qiymətləndirilə bilər. Bunun üçün sadəcə 1993-cü ilin reallıqları ilə müasir Azərbaycanın mənzərəsini müqayisə etmək kifayətdir. Lakin tarixi faktların təhlili göstərir ki, Azərbaycanın müstəqilliyinə gedən yolda ilk addımlar 1993-cü ildən xeyli əvvəl, hələ 1970-ci illərdə atılmağa başlamışdı. Sovet Azərbaycanı məhz Heydər Əliyevin respublika rəhbəri seçilməsindən sonra qısa müddətdə müttəfiq respublikaların hər birinin arzusunda olduğu tarixi nailiyyətlərə imza atdı. Bu uğurların əsasında, əlbəttə ki, Heydər Əliyevin xüsusi istedadı, idarəçilik və liderlik keyfiyyətləri dayanırdı. Bu məqalədə diqqət çəkmək istədiyimiz əsas məqam isə tamamilə fərlidir.

SSRİ dövründə güclü Azərbaycan ideyasını həyata keçirmək üçün imkanların nə qədər məhdud olduğunu bu gün ətraflı izah etməyə ehtiyac yoxdur. Tarixin dərinliklərinə getmək və Sovetlər İttifaqı siyasi sisteminin incəliklərini bir daha xatırlatmaq yorucu olardı. Belə bir mürəkkəb dövrdə Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit edilməsi, Qarabağı birbaşa mərkəzə - Bakıya bağlayan son dərəcə ustalıqla edilmiş siyasi manevrlər, azərbaycanlı ziyalıların totalitar rejimin amansız təqiblərindən müdafiəsi, respublikanın böyük inşaat meydanına çevrilməsi, bir-birinin ardınca fabriklər, zavodların fəaliyyətə başlaması, sözün əsl mənasında, bənzərsiz uğur idi. İndi, onilliklər sonra bu uğurların səbəblərini təhlil edərkən Ulu Öndərin nə qədər dərin siyasi təfəkkürə malik olduğu barədə daha aydın təsəvvür yaranır. Sovet Azərbaycanının yeni rəhbərini ittifaqın təməl prinsipləri və qadağaları ilə birbaşa ziddiyyət təşkil etməyən, mövcud siyasi reallıqları nəzərə alan, bəzi hallarda hətta onları mümkün qədər dəyişdirməyə imkan verən siyasi taktikası bir tərəfdən kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə və digər sahələrdə maksimum uğurları əldə etməyə imkan verirdisə, digər tərəfdən, milli təfəkkürün formalaşmasına istiqamətlənmiş ideoloji postulatların ictimai altşüurda öz yerini tapmasına xidmət edirdi.

Heydər Əliyev Sovet İttifaqının mövcud reallıqları kontekstində, əslində, gələcək müstəqil dövlət üçün həyati əhəmiyyət kəsb edəcək fundamental məsələlərin həllinə nail olurdu. Azərbaycanda müstəqil dövlətin yaşaması üçün zəruri olan siyasi və iqtisadi bazanın ayrı-ayrı elementləri məhz 70-ci illərdə formalaşdı. Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış hərbi təmayüllü məktəbin yaradılması, minlərlə azərbaycanlı gəncin İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanması və onlarla digər faktı bu tezisə arqument kimi göstərmək olardı. Əlbəttə ki, Ümummilli Liderin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, bu təşəbbüslərə maneə olmaq cəhdləri kifayət qədər idi. Lakin Heydər Əliyevin özünəməxsus siyasi üslubu, ümumi ideoloji çərçivələrdən baxdıqda, bilavasitə ideoloji-siyasi təhdid kimi görünməyən məntiqi bu maneələri dəf etməyə imkan verdi. Heydər Əliyev güclü siyasətçi idi, onun siyasi üslubu isə “yumşaq güc” prinsiplərinə daha yaxın idi.

“Yumşaq güc” konsepsiyası barədə ilk elmi mülahizələr ötən əsrin 90-cı illərinə təsadüf etsə də onun siyasi hədəflərə nail olmaq metodu kimi daha dərin tarixə malik olduğunu söyləmək üçün əsaslar çoxdur. Mədəniyyət, dəyərlər, iqtisadi mənafelər, ideyalar vasitəsilə sərt gücə əl atmadan başqalarına öz hədəflərini könüllü qəbul etdirmək üslubu kimi nəzərdən keçirilən “yumaq güc” konsepsiyası nəinki müasir beynəlxalq münasibətlərdə, eləcə də ölkələrin daxili siyasətində, eyni zamanda, yeni dünya düzəninin formalaşmasında xüsusi rol oynayır.

Heydər Əliyevin yumşaq güc siyasəti Azərbaycanın müasir tarixində bir çox proseslərin axarını dəyişə bilmişdir. Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi, ovaxtkı DQMV-nin rəhbərliyində aparılan dəyişikliklər, Heydər Əliyevin Qarabağa şəxsi səfərləri, Vaqifin məqbərəsinin inşası – bütün bunlar Qarabağı Azərbaycandan qoparmaq istəklərinə qarşı müqavimət prosesinin tərkib hissəsi idi. 2001-ci ildə Milli Məclisin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyevin bu barədə dedikləri bu kontekstdə olduqca maraqlıdır: "Bunu açıq etiraf etmək lazımdır ki, mən respublikaya rəhbərlik edəndə biz Dağlıq Qarabağda daha əlverişli iqtisadi şərait yaradırdıq, onun iqtisadiyyatının inkişafına üstünlük verirdik. Çünki tez-tez guya Azərbaycanda Dağlıq Qarabağın sıxışdırıldığına və oradakı ermənilərin inkişaf edə bilməmələrinə dair məsələ qaldırılırdı. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün biz o vaxt, yenə də deyirəm, Dağlıq Qarabağa daha çox diqqət yetirirdik. Mən bu gün də etiraf edirəm ki, bunu Dağlıq Qarabağa, ermənilərə bu məsələni qaldırmağa imkan verməmək üçün edirdim".

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi “yumşaq güc” siyasətinin əsas parametrlərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

- Ümumi iqtisadi inkişafa nail olmaqla respublikanın İttifaq miqyasında nüfuzunun və təsir imkanlarının artırılması;

- Gənclərin ittifaq səviyyəli ali məktəblərdə təhsil almasını təmin etməklə güclü kadr potensialının və yeni intellektual nəslin yetişdirilməsi;

- Adət-ənənələrin, milli mədəniyyətin təbliği, ziyalıların repressiyalardan qorunması, yaradıcı təbəqənin mövcud şərtlə daxilində maksimum müstəqilliyinə şərait yaratmaqla milli-ideoloji birliyin təmin edilməsi;

- İqtisadi addımlar, kadr islahatları, mədəniyyət tədbirləri vasitəsilə Qarabağın Bakıdan asılılığının gücləndirilməsi, beləliklə də ərazi bütövlüyünün qorunması.

1993-cü ildə müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Ulu Öndər qısa müddət ərzində böyük dövlətlərlə gərgin olan münasibətlərin normallaşmasına nail oldu. Azərbaycanın MDB-yə daxil olması, paralel olaraq Avropa təşkilatları və hətta NATO ilə normal əməkdaşlıq münasibətləri qurması öz tarixinin çətin günlərini yaşayan respublikaya milli dövlət quruculuğu prosesini uğurla həyata keçirməyə fürsət verdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” əslində “yumşaq güc” siyasətinin ən ciddi uğurlarından biri kimi qiymətləndirilə bilər. Azərbaycan öz təbii resurslarını qlobal siyasətdə yerini möhkəmləndirmək, region dövlətləri ilə daha sıx və etibarlı əlaqələr qurmaq üçün effektiv alətlərdən biri kimi istifadə etməyə nail oldu. 1998-ci il oktyabrında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında Bəyannamənin imzalanması, 1999-cu ildə Bakı-Supsa ixrac boru kəmərinin açılışı Azərbaycanın region ölkələri ilə əlaqələrini xeyli dərəcədə gücləndirməsinə şərait yaratdı.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış reallıqları dəyişmək üçün Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas məzmunu bu təcavüzkar ölkəni bütün regional layihələrdən kənarlaşdırmağa hesablanmışdı. Müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycan bu hədəfini də müvəffəqiyyətlə reallaşdırdı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş qələbəni təmin edən ən vacib şərtlərdən biri də Ermənistanın 30 ilə yaxın bir dövrdə Cənubi Qafqazda tamamilə təcrid olunmuş ölkəyə çevrilməsində idi. Bu, yalnız ehtimal olunan böyük iqtisadi gəlirlərdən məhrum olmaq anlamına gəlmirdi, həm də Ermənistanın beynəlxalq münasibətlər sisteminin son dərəcə mürəkkəb zəncirində bir subyekt kimi öz əhəmiyyətini itirməsi demək idi.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ölkədə yaşayan bütün etnik azlıqların hüquqlarına təminat verilməsi və bu təminatın praktikada öz əksini tapması “yumşaq güc” siyasətinin ən vacib elementləri kimi qiymətləndirilən tolerantlıq və multikulturalizm anlayışlarının müstəqil milli dövlətçilik modelinin əsas sütunlarından biri olduğuna inam yaratdı. Ölkədə yaşayan milli azlıqlarla yanaşı, beynəlxalq ictimaiyyət də Azərbaycanın özünəməxsus multikultural dəyərlərə malik bir ölkə olduğunu birmənalı şəkildə qəbul etdi. Təbii ki, bu təsəvvürün formalaşmasında Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin rolu müstəsna əhəmiyyət kəsb edir.

Əlbəttə ki, əldə olunmuş bu uğurlar nəticə etibarilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirməklə yanaşı, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində də daha güclü mövqe nümayiş etdirməsini şərtləndirirdi. Bu faktor Azərbaycanın paralel olaraq güclü ordu quruculuğunu da həyata keçirməsinə beynəlxalq güclərin ən azı loyal yanaşması üçün legitim şərtlər formalaşdırdı.

Bütün bu qeyd olunan faktlar əsasında Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın milli inkişafı üçün həyata keçirdiyi “yumşaq güc” siyasətinin əsas parametrlərini qeyd etmək mümkündür:

- Ölkənin enerji ehtiyatlarının səmərəli istifadəsinə nail olmaqla Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun və regionda təsir imkanlarının gücləndirilməsi;

- Fəal, çevik və düşünülmüş xarici siyasət strategiyası nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsinə və beləliklə də Azərbaycanın özünümüdafiə hüququnun legitimliyinin beynəlxalq ictimai rəyə qəbul etdirilməsinə nail olmaq;

- Ermənistanın regional layihələrdən təcrid edilməsinə müvəffəq olmaqla, təcavüzkarın hərbi və iqtisadi imkanlarının genişləndirilməsini əngəlləmək;

- Azərbaycanı dünyada multikultural və tolerantlıq ənənələrinə sadiq ölkə kimi tanıtmaqla beynəlxalq ictimai rəyə təsir imkanlarının artırılması.

Şübhəsiz ki, qeyd olunan faktlar Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi “yumşaq güc” siyasətinin bütün incəliklərini tam şəkildə ifadə etməyə bilər. Lakin bir məqam aydındır ki, məhz bu siyasət Azərbaycanın qazandığı bir çox uğurların əsas səbəbləri sırasında yer alır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan dünyada siyasi nüfuzunu, regional və qlobal proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə artıra bildi. Təsadüfi deyildir ki, “Brand Finance” konsaltinq şirkəti tərəfindən hər il hazırlanan “Qlobal Yumşaq Güc İndeksi”ndə (Global Soft Power Index) bizim ölkəmiz 20 pillə irəliləyərək ötənilki indekslə müqayisədə 77-ci yerdən 57-ci yerə yüksəlib. Və yəqin heç o da təsadüfi deyildir ki, Azərbaycan bu uğuru məhz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə - 2023-cü ildə qeyd edir.

banner

Oxşar Xəbərlər