Paşinyanın yarımçıq saziş xülyası - TƏHLİL
Ermənistan tam razılaşdırılmamış yekun sülhün imzalanmasını istəyir ki, özünü ən azı ərazi bütövlüyü, gücdən istifadə etməmə, müharibə gündəmi kimi məqamlardan sığortalamış olsun. Bu tələskənlik baş nazir Nikol Paşinyanın çıxışlarında da aydın hiss edilir.
Nikol Paşinyanın “İrəvan dialoqu” beynəlxalq konfransındakı çıxışı onun özünü dünyaya “sülh göyərçini” qismində uğursuz təqdimatı cəhdidir. Erməni məntiqi xüsusilə mübahisəli anlarda tam fərqli qaydalarla işləyən mexanizmdir. Bununla belə, indi nə ötən əsrin 80-90-cı illəridir ki, Paşinyanın “arqument”lərinə inanan olsun, nə də Ermənistanın yekun sülh sazişini uzatması üçün əlahiddə lüksu var. Azərbaycan öz torpaqlarını güc yolu ilə geri qaytarıb, döyüş meydanından qalib çıxıb və elə həmin Paşinyana da kapitulyasiya aktı imzalatdırıb. Məğlub tərəfin danışıqlar masasında nə isə diktə etmək arzusu, yaxud bunu imitasiya cəhdi sadəcə vaxt itkisidir. Vaxt isə bir yerdə dayanmır. Bu gün onu itirən Ermənistan və erməni xalqıdır.
Tələsən dəhlizə düşər
2020-ci ilin 10 noyabr bəyanatının öhdəliklərindən boyun qaçırmağa cəhd edən Paşinyan ölkəsini fövqəlgüclərin döyüş meydanına, tapdaq yerinə çevirib. Əgər indiyədək Ermənistan Moskvanın total nəzarətində idisə, indi burada “bulanıq suda balıq tutmaq” istəyən İran da var, bölgəni tərk etmək istəməyən Rusiya da, hər ikisini Ermənistandan sıxışdırıb çıxarmaq istəyən kollektiv Qərb də. Zəngəzur dalanında ilişib qalmış Paşinyan anlamağa başlayıb ki, fərqli sponsorların bir-birilərinə zidd sifarişləri də olur. Əgər İran Zəngəzuru “qırmızı xətt”i hesab edirsə, Qərb dəhlizin Şərqlə ticarət üçün qlobal əhəmiyyətini anlamağa başlayıb, ancaq onun Rusiyanın nəzarətində olmamasını istəyir. Rusiya ilə Azərbaycan 10 noyabr bəyanatının 9-cu bəndində əks olunmuş Zəngəzur dəhlizinə dair öhdəliyin yerinə yetirilməsini tələb edirlər. Türkiyə də Azərbaycanın sözünü deyir. Belə bir düyün ya açılmalıdır, ya da alternativ çözülmə üsulları işə düşməlidir.
Məhz bu prizmadan Ermənistan tam razılaşdırılmamış yekun sülhün imzalanmasını istəyir ki, özünü ən azı ərazi bütövlüyü, gücdən istifadə etməmə, müharibə gündəmi kimi məqamlardan sığortalamış olsun. Bu tələskənlik Paşinyanın çıxışında aydın büruzə verilir: “Ya biz özümüz təhlükəsizliyimizin təminatçısıyıq, ya da başqa qarant yoxdur. Çünki biz kimi qarant sayırıq, onlar üçün sadəcə xırda pul rolunu oynayırıq. Biz özümüz öz məsələlərimizi həll etməliyik”. Siyasi dildən tərcümədə Ermənistanın baş naziri bunları demək istəyir: “Papağımızı qarşımıza qoyub düşünməliyik”.
Yarımçıq saziş
“İrəvan dialoqu”nda çıxış edən Paşinyan bildirib ki, Azərbaycanla gündəmdə olan sülh müqaviləsi 16 bənddən ibarətdir və bunun 13 bəndi tam razılaşdırılıb. Odur ki, o, Azərbaycan tərəfinə yaxın müddətdə bu 13 bəndin məcmusu olan hansısa sazişi imzalamağı təklif edir ki, sonra yerdə qalan üç məqamın üzərində iş davam etsin. Paşinyanın konfrans iştirakçılarına xitabən söylədiklərinə görə, dünya tarixində hələ bir müqavilə olmayıb ki, bütün spektr problemləri əhatə etmiş olsun. Ermənistan lideri hesab edir ki, qalan məsələləri gələcəkdə çözmək üçün müqavilənin imzalanmasını tezləşdirmək lazımdır, çünki sonra indiki kimi əlverişli situasiya olmayacaq.
Siyasi naşılığı ilə erməni hiyləgərliyinin miksini “sülh gündəmi” ilə ört-basdır etmək istəyən Paşinyanın ürkək “arqument”lərini alt-üst etmək elə də mürəkkəb iş deyil. Tarix boyu minlərlə postmüharibə sazişləri bağlanıb ki, İrəvanın təklif etdiyi 13+3 bəndlik müqavilə layihəsindən daha konkret olub. Sazişlərin özəlliyi də ondadır ki, konkret və lakonik olmaqla yanaşı müqayisəli məqamların bütün spektrini əhatə etsin. Çox da uzağa getməyərək 10 noyabr bəyanatını götürək. Sənəddə əks olunan 9 bənd müharibə sonucunun yaratdığı yeni reallığı tam əks etdirmirdimi? Son illər ərzində üzərində ciddi iş gedən və hazırkı 13+3 formatı ilə gündəmdə olan təklif həmin doqquz bəndlik bəyanatın tələblərindən irəli gəlmirmi? Dörd il öncə məğlub tərəf olaraq imza atdığın sənədin tələblərindən boyun qaçırdığın halda hansı yeni saziş barədə danışa bilərsən? İmza atdığın bəyanatın bəndlərini yerinə yetirmirsənsə, yaxud zorla icra etməli olursansa, kim təminat verə bilər ki, yerdə qalan o üç problemin həlli istiqamətində işləri davam etdirəcəksən?
13 məlumdur, bəs üç?
Paşinyan çıxışında 13 bəndi razılaşdırdıqlarını, qalan üçünün üzərində isə sülh sazişi imzalanandan sonra işin aparıla biləcəyini desə də, fikir ayrılığı olan məqamların nədən ibarət olduğuna toxunmur. Halbuki sadə məntiq onların ən azı ikisinin Zəngəzur dəhlizi və konstitusiya dəyişikliyi məsələlərini ehtiva etdiyini deyir.
Zənəgəzur dəhlizinin açılması 10 noyabr bəyanatında olan 9-cu bənddə əks olunub ki, Ermənistan son dörd ildir onun icrasından boyun qaçırır. İndi isə Paşinyan bizə təklif edir ki, gəlin dörd il icra etmədiyim öhdəliyimi saxlayaq yekun sülh sazişinin imzalanmasından sonraya. Ola bilsin ki, Paşinyan özünün erməni məntiqi ilə dediklərinə özü inanmış olsun. Ancaq misal gətirdiyi dünya tarixində elə bir hal da olmayıb ki, qalib tərəf məğlub etdiyinin nazı ilə hazırlanmış sülh müqaviləsinə imza atsın.
Üç məsələdən ikincisi
Razılaşdırılmamış üç məsələdən ikincisi isə güman ki, Ermənistan konstitusiyası ilə bağlıdır. Ana qanunun müstəqillik bəyannaməsi hissəsində Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Ermənistanın siyasi landşaftında, xüsusilə də müxalifət düşərgəsində “Artsaxı geri qaytarmaq” xülyası ilə yaşayan onminlərlə revanşist var. Sabah onların hakimiyyətə gələcəkləri təqdirdə, yaxud parlamentdə müəyyən səslər qazanıb hökumət koalisiyasında təmsil olunduqları halda “konstitusion tələb”lə çıxış etməyəcəklərinə təminatı kim verəcək?
Vaxtilə Köçəryan və Sarqisyan Qarabağ problemini paket halında həllində israr edirdi və onlar üçün “qırmızı xətt” separatçıların “müstəqilliyi” idi. Bu inadın nə ilə sonuclandığını görsələr də, düşdükləri bataqlıqdan çıxmaq istəmirlər. Ermənistan hökuməti başda Paşinyan olmaqla anlamalıdır ki, sazişin tam həcmdə, bütün problemləri əks etdirən redaktədə imzalanması ilk növbədə onların özləri üçün vacibdir.
Rüstəm Qaraxanlı