• cümə axşamı, 26 iyun, 14:17
  • Baku Bakı 27°C

NATO olum və ölüm arasında

26.06.25 03:15 104
NATO olum və ölüm arasında

Keçən il Vaşinqtonda Şimali Atlantika Alyansının 75 illiyi qeyd edildi. Amma alyansın 80 illik yubileyinə qədər yaşayıb-yaşamayacağı hələ məlum deyil. Donald Trampın Ağ Evə qayıtmasından sonra Şimali Atlantika Alyansı tarixinin ən dərin böhranını yaşayır. 

NATO-da ciddi problemlər artmaqdadır. ABŞ Prezidenti Donald Trampın üzv ölkələrin hərbi xərclərini 2030-cu ilə qədər ÜDM-in 3,5 faizinə çatdırmaq, infrastruktur və kibertəhlükəsizlik də daxil olmaqla əlaqəli sahələrə sərmayə qoymaq təklifi təşkilat daxilində gərginlik yaradıb. İspaniya və bir sıra başqa ölkələr bu planlara qarşı çıxıb. Narazı ölkələr müdafiə xərclərinin bu qədər kəskin artmasının sosial təminat xərclərini saxlamaq qabiliyyətini təhlükə altına atacağından ehtiyat edirlər. Bununla yanaşı, əvvəlki formada olan transatlantik tərəfdaşlığın sona çatdığını əksər tədqiqat mərkəzləri təsdiqləyir. 

İndi Birləşmiş Ştatlar "qeyri-müəyyənlik amilidir"

Gəlinən qənaət budur ki, Avropa özünü ABŞ-siz qorumağa hazır olmalıdır. Hətta Avropanın ABŞ-dən müdafiəsinə də ehtiyac ola bilər. Aparıcı ekspertlər Qərb hökumətlərini NATO-suz gələcəyə hazırlaşmağa çağırıblar. Bu fikirdə olanlar arasında Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (PRIF) direktor müavini Kristofer Dase də var. O iddia edib ki, Şimali Atlantika Alyansının “gələcəyi yoxdur”. 2025-ci il üçün sülh məsələləri üzrə illik ekspert rəyində qeyd edilir ki, əvvəlki illərdə Rusiyanın Ukraynaya təcavüzü və Moskvanın Avropada dünya nizamını qəsdən məhv etməsi diqqət mərkəzində idi. Mütəxəssislərin fikrincə, indi Birləşmiş Ştatlar "qeyri-müəyyənlik amilidir". Bununla əlaqədar onlar Almaniya hökumətinə “Avropa müdafiə strukturlarının inkişafı və inteqrasiyası üçün şəffaf plan” hazırlamağı tövsiyə edirlər. Reallıq odur ki, Donald Trampın Ağ Evə qayıtmasından sonra Şimali Atlantika Alyansı bəlkə də ən dərin böhranını yaşayır. Bu böhran təşkilatı dəfn də edə bilər. 

NATO üçün mümkün ssenarilər hansılardır?

2019-cu ildə Fransa Prezidenti Emmanuel Makron “NATO-nun beyin ölümü keçirdiyini” elan edərkən bu sözlər həm alyansın üzvlərini, həm tərəfdaşlarını, həm də onun əleyhdarlarını şoka salmışdı. O vaxt Donald Tramp ilk dəfə Ağ Evə rəhbərlik edirdi. Fransa lideri öz bəyanatını Vaşinqtonla alyansın müttəfiqləri arasında strateji təhlükəsizlik məsələlərində koordinasiyanın tam olmaması ilə əsaslandırmağa çalışsa da, bu, effekt vermədi. O bəyanatdan altı il keçir və problemlər artmaqdadır. Bu müddət ərzində Rusiyanın Ukraynaya qarşı müharibəsi genişmiqyaslı xarakter alıb. Donald Tramp Ağ Evə qayıdıb və Vladimir Putinlə çoxsaylı telefon danışıqları vasitəsilə faktiki olaraq onu beynəlxalq təcriddən çıxarıb. NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, Rusiya indi üç ayda bütün alyansın bir ildə istehsal etdiyi qədər mərmi istehsal edir.

ABŞ-nin geri çəkilmə riski

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton iddia edib ki, Donald Trampın ilk prezidentlik dövründə ABŞ alyansdan çıxmağa yaxın olub. Özünü tez-tez “iş adamı” adlandıran ABŞ lideri NATO müttəfiqlərinin əksəriyyətinin 2006-cı ildə blokun razılaşdığı ÜDM-in 2%-ni müdafiəyə xərcləməməsindən son dərəcə narahat olub. Keçən il prezidentlik kampaniyası zamanı Tramp demişdi ki, müdafiə üçün pul ödəməyən avropalı NATO üzvlərini müdafiə etməyəcək. Əksinə, Rusiyanı “onlarla istədiyini etməyə” təşviq edəcək. 2024-cü ildə seçkilərdə qalib gəldikdən sonra Tramp NBC telekanalına müsahibəsində bildirib ki, NATO-ya üzvlük ABŞ-yə fayda verməsə, onu tərk etməyi düşünəcək. 

ÜDM-nin 5 faizi tələbi

Hazırda alyansa üzv olan 32 ölkədən 22-si artıq ÜDM-in 2%-ni müdafiəyə ayırmağa başlayıb. Burada çempion ötən il ÜDM-in 4%-dən çoxunu xərcləmiş Polşadır. İkinci yerdə Estoniya və ABŞ gəlir – 3%-dən çox. Amma bu yaxınlarda Tramp alyans ölkələrini müdafiəyə ÜDM-in 5 faizini xərcləməyə çağırıb. Bəzi avropalı müttəfiqlər onun bu fikrindən şoka düşüblər. Blokun baş katibi Mark Ruttenin sözlərinə görə, sonradan onların əksəriyyəti bu rəqəmi qəbul etməyə yaxınlaşıb. Rutte zərbəni yumşaltmağı və hər bir NATO üzvünün hərbi xərcləri ÜDM-in 3,5%-nə qədər artırmağı, qalan 1,5%-i isə “müdafiə ilə bağlı xərclər” adlandırmağı təklif edir. 

“Pax Americana”nın sonu

Son illərdə Avropada müttəfiqlər üçün silah istehsalı üzrə müqavilələrin üçdə ikisi ABŞ-nin hərbi sənaye kompleksi tərəfindən həyata keçirilib. Bununla belə, Ağ Evin Köhnə Dünyaya qarşı sərt ritorikası avropalıları ABŞ-nin iştirakı olmadan gələcək təhlükəsizlik sistemlərini modelləşdirməyə məcbur edib. ABŞ qəfildən Avropanı tərk edərsə, “boşanma prosesi” uzun və baha başa gələcək - müxtəlif hesablamalara görə, bu, 10 ildən 25 ilə qədər çəkəcək. Bununla belə, ABŞ-nin Avropadan getməsi ilə Vaşinqtonun Avropa qitəsində təsir rıçaqlarının da xeyli zəifləyəcəyi göz qabağındadır. Birləşmiş Ştatlar pullarını, iş yerlərini və silah tədarükü ilə bağlı müqavilələrini itirəcək. Bu proses dayandırılmasa, “Pax Americana” - İkinci Dünya müharibəsindən sonra sabitlik və firavanlıq gətirən Amerika dünyasının Qərbdə hökmranlığı dövrü başa çatacaq. 

80 illik yubiley sual altındadır

Beləliklə, düz bir il əvvəl Vaşinqtonda Şimali Atlantika Alyansının 75 illiyi qeyd edildi. Amma alyansın 80 illik yubileyinə qədər yaşayıb-yaşamayacağı məlum deyil. Bu gün təşkilat Avropa və Şimali Amerikanın 32 dövlətini birləşdirir və dünyanın ən güclü kollektiv təhlükəsizlik sistemi hesab olunur. Reallıqda alyansın ən güclü üzvü olan ABŞ təşkilatdan çıxmaqla hədələyir, digər NATO üzvü Danimarkanın tərkibində muxtar ərazi olan Qrenlandiyanı ələ keçirməyə çalışır, eyni zamanda ən yaxın qonşusu və NATO tərəfdaşı Kanadanı özünün 51-ci ştatı adlandırır. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər