• bazar ertəsi, 30 dekabr, 21:18
  • Baku Bakı 6°C

Hərbi xidmətə çağırışla bağlı yeni qaydalar

21.12.24 05:36 1027
Hərbi xidmətə çağırışla bağlı yeni qaydalar

Milli Məclisdə birinci oxunuşda qəbul edilən dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, təklif edilən bütün addımlar cəmiyyətə xidmət edən, sosialyönümlüdür. 

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq. Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Həmçinin hərbi xidmət müddətinin 1,5 ildən 1-ə endirilməsi də müzakirə edilir. Bəs bu dəyişiklikləri zəruri edən səbəblər nədir?

“Ordunun komplektləşdirilməsində problem yoxdur”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, yaş həddi müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla əlaqədar 35-ə qaldırılmışdı: “Əvvəllər də bizdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaş idi. Lakin müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla əlaqədar olaraq bu yaş həddi 35-ə qaldırıldı. Amma bu gün ordunun komplektləşdirilməsində problem yoxdur”. 

Cəmiyyətə xidmət edən addım

Hərbi ekspert Şair Ramaldanov deyir ki,  Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra bütün sahələr üzrə təhlillər aparılır, təkmilləşdirmələr, islahatlar gedir. Əlbəttə, ordu bu dəyişikliklərin mərkəzində dayanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də Müdafiə Nazirliyi ilə birgə bu sahədə təhlilləri apararaq öz təkliflərini formalaşdırıb: “Təklif edilən bütün addımları cəmiyyətə xidmət edən, sosialyönümlü addımlar kimi qiymətləndirmək olar. Hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35-dən 30-a endirilməsi düzgün addımdır. Bu, daha çox sağlamlıq vəziyyəti ilə bağlı hərbi komissiya tərəfindən yararsız sayılan gənclərə şamil olunur. Hərbi xidmətə yararsız olan gənclər üç ildən bir komissiyadan keçir, təsdiq gözləyirlər. Təbii ki, ağır əlillik dərəcəsi olmayanlar bilmirlər ki, komissiya onların hərbi xidmətə yararlı olmamasını növbəti yoxlanış zamanı təsdiqləyəcək, yoxsa yox. Ona görə də bu, gənclər üçün gələcək həyatlarını planlaşdırması, işləməsi baxımından çətin olur. Hətta bu, onların ailə qurmasına da mənfi təsir göstərir. Belə olduğu halda, əlbəttə, yuxarı yaş həddinin 35-dən 30-a endirilməsinin məntiqi var”. 

Dörd dəfə komissiyadan keçir

Hərbi ekspert bildirir ki, 18 yaşda yararsız qərarı alan gənc 30 yaşa qədər dörd dəfə hərbi komissiya tərəfindən yoxlanılır: “Əgər 30 yaşına qədər dörd dəfə komissiyadan keçən gənc sağlamlığında qüsur olduğuna görə yararsız sayılırsa, bunu yenidən təsdiqə göndərməyin əhəmiyyəti yoxdur. Təcrübə göstərir ki, çox istisna hallarda 30 yaşa qədər dörd dəfə hərbi xidmətə yararsız qəbul edilən gənc 30-dan sonra yararlı kimi hərbi xidmətə göndərilir”.

“Azərbaycan Ordusu peşəkarlıq prinsipi ilə inkişaf edir”

Hərbi ekspert vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri güclüdür və bu qərarların orduya heç bir mənfi təsiri yoxdur: “Azərbaycan Ordusu peşəkarlıq prinsipi ilə inkişaf edir. Bu gün Silahlı Qüvvələrin şəxsi heyətinin 70 faizindən çoxu müddətdən artıq hərbi xidmət keçən peşəkar hərbçilərdir. Müddətli xidmət edən əsgərlərin isə demək olar ki, 90 faizə qədəri atıcı vəzifəsində xidmət edir. Atıcılıq biliklərinin alınması üçün çox zaman tələb olunmur. Ona görə də bu addımın Silahlı Qüvvələrin qüdrətinə təsiri yoxdur. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rəhbər tutulan tələblər sovet dövründən qalıb. İndi biz qələbə qazanan, inkişaf etmiş, peşəkar güclü ordusu olan, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanda yaşayırıq”.

“Bu, müzakirə mövzusu deyil”

Hərbi xidmət müddətinin azaldılması da hazırda cəmiyyətdə əsas müzakirə mövzularındandır. Kimisi hərbi xidmət müddətinin 18 aydan bir ilə endirilməsini təklif edir, kimisi də ali təhsillilərin altı ay əsgərlik müddətini çəkəcəyini deyir. Hərbi ekspert bildirir ki, bu müzakirələrin məntiqi əsası yoxdur.

Məlumat üçün bildirək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müzakirələrə cavab olaraq məlumat yayıb. Məlumatda bildirilir ki, hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil: "Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni, ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər".

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər