• çərşənbə, 04 Dekabr, 04:14
  • Baku Bakı 6°C

“Hər kəs bilirdi ki, qalibiyyətə doğru gedir...” - MƏKTƏBDƏ

08.11.24 02:10 1461
“Hər kəs bilirdi ki, qalibiyyətə doğru gedir...” - MƏKTƏBDƏ

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik  Raqif İsrayılov: “30 il ərzində düşmən güclü istehkamlar qurmuşdu. Onlar elə bilirdilər ki, Azərbaycan Ordusu o sədləri yarıb keçə bilməyəcək. Əmrin nə zaman gələcəyini bilmirdik. Amma biz müharibəyə həmişə hazır olmuşuq”.

“Bu gün gənclərimizin Vətən ruhu, vətənpərvərlik hissi yüksəkdir. Son döyüşlərdən, böyük Zəfərimizdən sonra xalqımızın nəyə qadir olduğunu gördük. Biz hamımız Vətənimizi, Himnimizi və Bayrağımızı sevməliyik. Əgər sevməsək, torpaqlarımızı qoruya bilmərik...”
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə” layihəsinin qonağı - Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Raqif İsrayılov Binəqədi rayonundakı 205 saylı məktəbdə qonaq olarkən şagirdlərlə görüşünə bu sözlərlə başladı. 

8 Noyabr - Zəfər günü ərəfəsində keçirilən görüşdə məktəblilər üçün yaxın hərb tariximiz vərəqləndi.

Uşaqlıqdan hərbçi olmaq istəyib 

R.İsrayılov özü haqqında məlumat verərək bildirdi ki, uşaqlıqdan hərbçi olmaq istəyib: “Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olmuşam. Ata-anamı uşaq vaxtı itirmişəm. Hərb işinə də uşaqlıqdan həvəsim olub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollandım. Ancaq hərb işinə sevgim dəyişmədi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil oldum. 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirdim. Həmin ildən başlayaraq hərbi hissədə müxtəlif vəzifələrdə işlədim. 1999-cu il fevralın 1-də minaların çıxarılması zamanı partlayış nəticəsində yaralandım. Həkimlər sağalacağıma, gözlərimin açılacağına möcüzə kimi baxırdı. Amma sağaldım. Daha sonra briqadanın mühəndis xidmət rəisi oldum. 2001-ci il noyabrın 5-də hərbi hissənin ön mövqeyində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində ikinci dəfə yaralandım”. 

12 ildən çox cəbhə bölgəsində 

”Hərbi xidmətimin 12 ildən artıq hissəsi cəbhə bölgəsində keçib. Müharibə başlamamışdan qabaq döyüş ərazisində olmuşam”, - deyə polkovnik davam etdi: “Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində hücum edən qoşunların mühəndis təminatının təşkilinə, Həkəri çayı üzərində partladılmış körpülərin ətrafının maneələrdən təmizlənməsinə, hərbi körpülərin hazırlanmasına rəhbərlik etdim”. R.İsrayılov düşmən tərəfindən partlayışa hazırlanmış 2 körpünün elektrik partlayış xəttini kəsərək xain planın qarşısını alıb: “Zəfər yolunun ilk təməlini biz qoymuşuq. Şuşa şəhərinin işğaldan azad edilməsi üçün düşmən artilleriyasının atəşləri altında keçilməz dağlıq və sıx meşəlik ərazilərdən Böyük Tağlar (Meştağlar) - Çanaqçı - Sığnaq yolunun qısa müddətdə çəkilməsinə və qoşunların həmin yoldan keçirilməsinə rəhbərlik etmişəm. Kəlbəcər rayonunun işğaldan azad edilməsi və qoşunların maneəsiz hərəkətini təmin etmək üçün sərt dağlıq və qarlı ərazilərdə Ömər aşırımından keçməklə mövcud düşmən tərəfindən minalanmış və dağıdılmış yolun bir hissəsinin mina və digər maneələrdən təmizlənərək bərpası və yeni yolun çəkilməsinə rəhbərlik etmişəm”. R.İsrayılov həmçinin Laçın rayonunun işğaldan azad edilməsi və partladılmış körpülərin ətrafının minalardan təmizlənərək keçidlərin hazırlanması işinə rəhbərlik edib: “Yolu çəkərkən, körpülər qurarkən şəhid olan dostlarımız oldu. Biz düşmənin artilleriya atəşi altında iş görürdük. Əgər yolu çəkməsəydik, qoşunlarımız həmin ərazilərə daxil ola bilməyəcəkdi. Əsgərlərimiz -18-20 dərəcə şaxtada iş görürdülər”.

R.İsrayılov 2021-ci il sentyabrın 15-də ehtiyata buraxılıb. Fevralın 11-dən etibarən Azərbaycan Ordusu Təlim Tədris Mərkəzində baş müəllim kimi fəaliyyət göstərir.

Qalibiyyətə gedən yol

Auditoriyadan ünvanlanan: “Vətən Müharibəsi Qəhrəmanı” şagird auditoriyasında özünü necə hiss edir?” sualına qonaq maraqlı cavab verdi: “Biz hamımız bu partanın arxasından çıxmışıq. Bu siniflər bizim üçün müqəddəsdir. Döyüş yolu keçən bir insan kimi tədbirlərə dəvət alıram. Hər dəfə məktəbə gələndə özümü şagird kimi hiss edirəm”.

“Bizim nəsil müharibəni filmlərdə görüb. Siz o dəhşətli hadisələri yaşayan insan kimi hansı hissləri keçirmisiniz?” sualına cavabında müharibə veteranı dedi ki, heç kəs müharibə olmasını istəməz: “Orda həlak olanlar kiminsə övladı, kiminsə atası, kiminsə qardaşıdır. Qalib gəlsək də, müharibədə itkilər olur. Müharibə hər bir insanın həyatında iz buraxır. Onun təsirindən çıxmaq çətin olur. Elə qazilərimiz var ki, psixoloji durumları yerində deyil. Gözlərini yumurlar, gözlərinin qabağına həlak olan dostları gəlir. Mənim nə qədər şəhid olan dostum var. Heç kəs bilmir ki, müharibədə nə olacaq.  Heç kəs bilmir şəhidliyə, ya qaziliyə doğru gedir. Hər kəs bilirdi ki, qalibiyyətə doğru gedir...”

Qalib gəlmək istəyirsənsə...

“30 ildən sonra işğaldan azad edilən torpaqlarımıza qovuşduq. Siz o torpaqlara ayaq basan ilk insanlardansınız. Həmin an yaşadığınız hisslər maraqlıdır...” - deyə məktəblilərdən biri soruşdu. Cavabında R.İsrayılov o torpaqlara ayaq basanda sevincdən ağladıqlarını bildirdi: “30 il ərzində düşmən güclü istehkamlar qurmuşdu. Onlar elə bilirdilər ki, Azərbaycan Ordusu o sədləri yarıb keçə bilməyəcək. Aprel döyüşlərindən sonra biz hazırlıqlarımızı artırmağa başladıq. Əmrin nə zaman gələcəyini bilmirdik. Amma biz müharibəyə həmişə hazır olmuşuq. Müharibə istəmirsənsə, qalib gəlmək istəyirsənsə, daim müharibəyə hazır olmalısan. Biz düşmənin bütün fəaliyyətini analiz etmişdik. Bilirdik ki, şəhid ola, yaralana, hətta itkin düşə bilərik, amma torpaqlarımızın azad olmasını istəyirdik və bu amal uğrunda döyüşürdük”.   

Vahid komandanlıq, xalqla ordunun birliyi 

Polkovnikin “Sizin üçün Zəfərin anlamı nədir?” sualına cavabı da maraqlı oldu: “Bu gün sinəsində orden və medal daşıyan oğullarımız müharibəyə gedib sağ qayıdacaqlarını bilmirdilər. Bizim bir məqsədimiz var idi: torpaqlarımızı işğaldan azad etmək. Zəfər xəbərini eşitmək bizim üçün sevindirici idi. Düşmən heç bir şərt qoymadan kapitulyasiya aktına imza atdı. 44 günlük müharibədən sonra bir günlük antiterror tədbirləri baş verdi. Biz bu əməliyyatdan sonra torpaqlarımızın bütövlüyündən danışa bildik. Vahid komandanlıq, xalqla Ordunun birliyi, Ali Baş Komandanın iradəsi bizi bu böyük qalibiyyətə apardı”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər