• bazar ertəsi, 02 dekabr, 00:11
  • Baku Bakı 8°C

Firdovsiyyə Əhmədova: Cümhuriyyətdən bizə miras qalan ən böyük sərvət siyasi dəyərlərdir

27.05.23 07:00 558
Firdovsiyyə Əhmədova: Cümhuriyyətdən bizə miras qalan ən böyük sərvət siyasi dəyərlərdir

Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi qeyd olunur. Cümhuriyyətdən bizə miras qalan ən böyük sərvət siyasi dəyərlərdir. Məhz həmin siyasi dəyərlər əsasında Cümhuriyyət 23 ay ərzində ən demokratik, sivil, mütərəqqi bir dövlət idarəçiliyi yarada bildi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova söyləyib. F.Əhmədova bildirib ki, Cümhuriyyət dövründə qəbul olunmuş qanun və qərarlar olduqca demokratik və mütərəqqi idi. Bu nə idi? Bu, plüralizm idi. Bu, şəffaflıq idi, vicdan azadlığı idi, legitimlik idi, suverenlik idi. Bu da Azərbaycan ərazisində yaşayan bütün xalqlara bərabər hüquqların verilməsi, qonşularla dinc-yanaşı yaşamaq prinsipləri idi. Bütün fəaliyyətində Cümhuriyyət qurucuları məhz bu dəyərlər əsasında qərarlar qəbul edirdilər.

Mətbuat üzərindən senzuranın götürülməsi, söz, vicdan azadlığının təmin edilməsi də bu qəbildən olan qərarlar idi. 105 il bundan öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika idi. Cümhuriyyət dövründə Milli Ordu yaradıldı, təhsilə böyük diqqət göstərildi, Azərbaycan dilində məktəblər açıldı. Lakin 1920-ci ildə 11-ci Qırmızı ordu Bakıya daxil olandan sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimiz tarixində xüsusi yer tutur.

banner

Oxşar Xəbərlər