cümə axşamı, 29 sentyabr, 18:02

Baku Bakı 23°C

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

icon 315 icon 11 avqust 2022 | 16:55 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

FHN-dən "Kaspi"yə daxil olan müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturun yüksələcəyi, bəzi yerlərdə 42 dərəcəyə çatacağı gözlənilir.

Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"