• şənbə, 27 Aprel, 00:09
  • Baku Bakı 14°C

Ermənistan “suverenliyinin alveri” siyasətini davam etdirir

23.02.23 20:00 1196
Ermənistan “suverenliyinin alveri” siyasətini davam etdirir

Məlum olduğu kimi, Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi dırnaqarası mülki missiya fəaliyyətə başlayıb. Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Ermənistanı tam suveren ölkə adlandırmaq bir qədər çətin olsa da, müstəqil dövlət kimi Aİ ilə öz münasibətlərini qurmaqda azaddır. Digər tərəfdən bu missiya Ermənistanın “suverenliyinin alveri” siyasətinin tərkib hissəsidir və artıq uzun müddətdir ki, davam edir. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ölkənin qərb sərhədinə, hava limanına nəzarət edir, dəmir yolları da onların himayəsindədir.

Bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Deputat qeyd edib ki, Ermənistanın yürütdüyü siyasət onu öz suverenliyindən hissə-hissə məhrum olmağa yönəldir. Əvvəllər məqsəd Azərbaycan torpaqlarına göz dikmək, xarici resurslardan dəstək almaqla ərazilərimizi işğal altında saxlamaq idi. Zamanla da bu siyasətin nə dərəcədə uğursuz olduğu bütün dünyaya sübut edildi. Azərbaycan erməni ordusunu darmadağın etməklə 30 illik işğala qoydu, ərazi bütövlüyünü bərpa etdi. İndiki vəziyyətdə işğalçı siyasətə son qoymaq, əsas qonşuları Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq, sülh sazişini imzalamaq Ermənistan üçün ən məntiqli qərar və çıxış yolu olardı. Lakin bu dövlət öz “suverenliyinin alverini” davam etdirməyi üstün tutur. Bəli, bu işğalçı ölkə zamanla güzəştlərə getməyə, regionda olan yeni reallıqları qəbul etməyə məhkumdur. Ermənistan Azərbaycanın torpaqlarını 30 il işğalda saxladığı, ərazilərini tamamilə dağıtdığı üçün onun haqqını ödəməyə məcburdur.

“Ermənistan məqsədlərini necə təqdim etməsinə baxmayaraq, yenə də köhnə ritorikasını davam etdirir və Aİ missiyası bu siyasətin davamıdır. Faktiki olaraq Aİ öz gündəmi, maraqları çərçivəsində hərəkət etdiyi üçün missiyanın məqsədlərinə Ermənistan nəzarət etmir. Burada Aİ-nin müxtəlif maraqları ola bilər. Məsələn, Rusiyanın təsirini Ermənistan üzərində azaltmaq, Türk dünyasının birliyinə mane olmaq, İran əleyhinə və yaxud lehinə siyasət, Türkiyə və Azərbaycan əleyhinə kəşfiyyat və sair kimi məsələləri bu sıraya əlavə edə bilərik.

Avropa İttifaqının missiyası Ermənistanın maraqları çərçivəsində işləməyəcək. Ermənistan tərəfi də bunu anlamalıdır ki, Aİ-nin bu missiyası müəyyən ölkələrinin (Fransa, Almaniya və s) maraqları çərçivəsində fəaliyyət göstərəcək. Ermənistan isə hər zamankı kimi yanlış istiqamət almaqla öz suverenliyinin alverini aparır. Belə ki, ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya hərbi bazasının fəaliyyəti azmış kimi, indi də Aİ buraya gəlir”, - deyə N.Arpadarai vurğulayıb.

Deputat əlavə edib ki, Aİ missiyası ilə bağlı Azərbaycanın mövqeyi təmkinlidir. Ermənistan öz ərazisində hansı ölkə ilə istəsə əməkdaşlıq edə bilər. İstədiyi ölkəni və qurumu ölkəsinə dəvət edə bilər. Amma Ermənistan belə bir təşkilatı bizim əleyhimizə işlətməyə çalışarsa, bu artıq Azərbaycana birbaşa aidiyyəti olan məsələdir. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatlarında səsləndirdiyi kimi bu missiyadan sui-istifadə halları olmamalıdır. Görünən odur ki, sui-istifadə halı artıq baş verir. Əvvəlcə missiyanın müddəti iki ay, heyəti isə 40 nəfər idi. İndi isə onların sayı Fransa və Almaniya jandarmları daxil olmaqla 100 nəfərə çatıb. Qeyd edilənlər missiyanın elan olunmuş məqsədləri ilə faktiki məqsədləri arasında uyğunsuzluq göstəriciləridir və şəffaf deyil. Ermənistan isə bu cür davranışla bu oyunda uduzan tərəf olacaq. (Azərtac)

banner

Oxşar Xəbərlər