Ermənistan danışıqlara mane olmaq istəyir - TƏHLİL
Brüssel görüşü ərəfəsində sərhəddə yenidən erməni təxribatının şahidi olduq. Həmişəki kimi, təxribatların zamanı sülh danışıqlarının intensivləşməsi ilə eyni vaxta təsadüf edir. Ekspertlər Brüssel görüşü ərəfəsi yaşananları Ermənistanın əl atdığı ənənəvi üsul kimi dəyərləndirir.
Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı Vaşinqton görüşündən sonra sərhəddə hansısa təxribatların olub-olmayacağı diqqət mərkəzində idi. Bu görüşün ardınca iki ölkə liderlərinin Brüsseldə və ardınca isə Kişinyovda görüşəcəyi açıqlandı. Amma Ermənistan sərhəddə təxribat törətməkdən bu dəfə də geri qalmadı və nəticədə iki hərbçimiz şəhid oldu. Maraqlıdır, sərhəddə təxribata cəhd etməkdə Ermənistanın məqsədi nə idi? Ümumiyyətlə, belə bir vəziyyətdə Brüssel və Kişinyov görüşündən hansısa nəticə gözləməyə dəyərmi?
“Vasitəçilər rəsmi Bakını dəstəkləyir”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Brüssel və Kişinyov danışıqlarının perspektivindən əvvəl ilk növbədə Vaşinqton danışıqlarının yekunlarına nəzər salınmalıdır: “Açıq mənbələrin təhlili, rəsmilərin açıqlamaları deməyə əsas verir ki, bir sıra prinsipial məsələlərdə Ermənistanın qeyri- konstruktiv mövqeyi davam edir. Ermənistan dövlətlərarası sazişi Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə ayrıca status verilməsi, yaxud onların Azərbaycan vətəndaşlığını hər hansı qeyd- şərtlə qəbul etməsi ilə əlaqələndirir. Azərbaycan isə prinsipial olaraq bunun əleyhinə çıxır və beynəlxalq praktikada qəbul olunmuş yanaşmaya görə, dövlətlərarası sazişin rəsmi Bakı tərəfindən irəli sürülən beş baza prinsipi əsasında bağlanmasını təklif edir. Vasitəçilər rəsmi Bakının bu yanaşmasını dəstəkləyir. Çünki bu yanaşma beynəlxalq hüquq prinsiplərinə söykənir. Növbəti qeyri-konstruktiv mövqe kommunikasiyaların açılması, xüsusən Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənilər Zəngəzur dəhlizi ilə Laçın yolunun statusunun bərabər tutulmasına qarşı çıxırlar. Hesab edirlər ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi onların yurisdiksiyasında olmalıdır. Əlbəttə, bu, Azərbaycan tərəfindən qəbuledilməzdir və həmçinin beynəlxalq praktikaya, eləcə də son iki ildə aparılan danışıqların məntiqinə ziddir”.
“Paşinyan müxtəlif bəhanələr axtarır”
Politoloq qeyd etdi ki, ermənilərin qeyri-konstruktiv yanaşdığı məsələlərdən biri də Qarabağ bölgəsində məskunlaşmış ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlıdır: “Ermənilər iddia irəli sürürlər ki, bunun beynəlxalq mexanizmi tapılmalıdır. Hətta rəsmi İrəvan bu mexanizmin bir hissəsi olmalıdır. Azərbaycan isə həmişə olduğu kimi qətiyyətlə bəyan edir ki, Azərbaycan Qarabağ bölgəsində məskunlaşmış ermənilərlə dialoq aparır. Artıq bunun üçün müvafiq institut yaradılıb və bu, Azərbaycanın daxili işidir və konstitusiya çərçivəsində Qarabağda məskunlaşmış ermənilərin bütün haqq və hüquqları qorunacaq. Vaşinqton görüşünün nəticələrindən biri kimi onu qeyd etmək olar ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən qəbul edilir və bu zaman ermənilər Qarabağ bölgəsinin ayrıca statusuna artıq iddia etmirlər”.
Ekspertin sözlərinə görə, biz Ermənistan rəhbərliyi tərəfindən həm 10 noyabr bəyanatından irəli gələn müddəaların yerinə yetirilməsi, həm də Praqa və Soçi danışıqlarında əldə olunmuş nəticələrin reallaşması üçün yetərli siyasi iradə nümayiş etdirilmədiyini görürük. Paşinyan bu qərarları verməkdən yayınır və müxtəlif bəhanələr axtarır: “Hətta biz son aylar ermənilərin yeni strategiyasının şahidi oluruq. Bu, danışıqlar prosesini mümkün qədər uzatmaq və Ermənistan üçün guya əlverişli mühitin yaranmasını gözləməkdir. Erməni ekspertlər bunu açıq şəkildə qeyd edirlər. Ermənistanın qeyr-konstruktiv addımlarından biri də belə vacib danışıqlar ərəfəsində hərbi təxribatlara əl atmasıdır. Bununla üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini yubatmağa və beynəlxalq vasitəçilərin təzyiqlərini də neytrallaşdırmağa çalışırlar. Çünki onların həm Laçın dəhlizi, həm də Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış ermənilərlə bağlı Azərbaycana qarşı informasiya kampaniyası, çağırışları artıq beynəlxalq birlikdə əvvəlki qədər əks-səda vermir”.
“Ermənistan diplomatiyanı seçmirsə...”
Z.İbrahimli vurğuladı ki, Paşinyan iqtidarı hərbi təxribatlara əl atmaqla sanki gərgin bir vəziyyət yaradıb. Belə vəziyyətdə vacib siyasi qərarlar vermək iqtidarında olmadıqlarını arqument kimi irəli sürürlər: “Beləliklə də prinsipial məsələlərdə razılıq əldə etmək uzanır. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi davam edir və beynəlxalq vasitəçilər tərəfindən qəbul olunur. Paşinyan bununla yalnız diplomatiyanın imkanlarını tükəndirir. Əgər Ermənistan doğrudan da yenidən təxribata əl atmağa davam etsə, qeyri-konstruktiv mövqedə qalsa, vasitəçilərin də diplomatik səylərinin potensialı zəifləyəcək. Belə olduğu halda Azərbaycan fərqli üsullara əl atmağa məcbur olacaq. Çünki bu, bilavasitə Ermənistanın seçimidir. Əgər Ermənistan diplomatiyanı seçmirsə, Azərbaycanı da fərqli seçimlərə məcbur edir. Ümid edək ki, həm Brüssel danışıqlarında, həm Kişinyov müzakirələrində beynəlxalq vasitəçilər heç nəyə baxmayaraq Ermənistana təzyiq edəcəklər, qeyri- konstruktiv mövqedən çəkindirməyə çalışacaqlar. Bu mənada regiondakı sülh və sabitliyin saxlanması beynəlxalq vasitəçilərin qətiyyətli və ədalətli mövqeyindən asılı olacaq”.
“Paşinyan bu addımı ilə Ermənistanı dalandan çıxmağa qoymur”
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Brüssel görüşü ərəfəsində Ermənistanın təxribatlara əl atmasında məqsəd sülh prosesindən yayınmaq, üstünlüyü ələ almaqdır: “Göründüyü kimi, Ermənistanın bütün təxribatlarının qarşısı ciddi şəkildə alınır. Bu təxribatlara rəvac verən Rusiyadır. Kreml Qərbin başlatdığı prosesi pozmağa çalışır. Fikir versək, Vaşinqton prosesi başlayandan bəri erməni təxribatı davam edir. Kremldən də açıqlama verilmişdi ki, biz Qərbin variantını qəbul etməyəcəyik. Düşünürəm ki, İrəvan və Moskva müəyyən ortaq məxrəcə gəlib. Paşinyan da sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Daxili auditoriyadan çəkinir və vaxtı uzatmaqla Azərbaycana qarşı beynəlxalq birliyin təzyiqinin formalaşmasına nail olmağa çalışır. Düşünürəm ki, onun bütün cəhdləri boşunadır və Paşinyan bu addımı ilə Ermənistanı dalandan çıxmağa qoymur”.
Bəxtiyar Məmmədli