Dünya çempionu ola bilmədi
Dünya çempionu titulu həmişə Ronaldonun karyerasında çatışmayan kubok kimi xatırlanacaq. Amma futbol tarixində onun adı daha çox başqa səbəblərdən yaşayacaq. O, Portuqaliyanı böyük turnirlərin iştirakçısından daimi favoritinə çevirən nəslin siması idi.
2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı Kriştiano Ronaldonun mundial karyerasının başlanğıcı idi. Həmin vaxt cəmi 21 yaşı olan hücumçu Portuqaliyanın yarımfinala yüksəlməsində mühüm rol oynamışdı. O vaxt futbol ictimaiyyətində belə bir fikir hakim idi ki, bu, sadəcə başlanğıcdır, qarşıda onu daha bir neçə Dünya Çempionatı gözləyir və gec-tez futbolun ən böyük kuboku da Ronaldonun karyerasının təbii davamına çevriləcək. İyirmi il sonra məlum oldu ki, futbolda ən məntiqli görünən proqnozlar belə gerçəkləşməyə bilər.
Son mundial
20 il əvvəl başlayan hekayə bir neçə gün əvvəl başa çatdı. İspaniyaya məğlubiyyət Portuqaliyanın 2026-cı il Dünya Çempionatı ilə vidalaşması, Kriştiano Ronaldonun isə mundial karyerasının başa çatması demək idi. Oyundan sonra 41 yaşlı kapitan bunun son dünya çempionatı olduğunu təsdiqlədi. “Vicdanım rahatdır, ölkəm üçün bacardığım hər şeyi etdim” sözləri ilə futbol tarixinin ən zəngin fərdi karyeralarından biri Dünya Kuboku olmadan tamamlandı.
Portuqaliya heyətinə görə turnirin əsas favoritlərindən hesab olunsa da, meydanda bu statusunu doğrulda bilmədi. Qrup mərhələsindən başlayaraq komandanın oyunu inam vermirdi. Konqo Demokratik Respublikası ilə oyunda xal itkisi, Kolumbiya ilə qolsuz heç-heçə və Xorvatiya üzərində çətin qələbə göstərirdi ki, komanda nəticə qazansa da, oyun baxımından inkişaf etmir. İspaniyaya məğlubiyyət isə daha çox gözlənilməz sonluq yox, həmin prosesin məntiqi davamı idi.
Ronaldonun bəlkə də, ən parlaq mundialı deyildi. Lakin o, bu dünya çempionatını da hədər vermədi. Qocaman forvard mundialı üç topla başa vurdu. Bu, yenə də komandadakı ən yaxşı göstərici idi.
Dünya Kuboku niyə fərqli ölçü vahididir?
Klub futbolunda Ronaldonun fəth etmədiyi zirvə demək olar ki, qalmayıb. Beş UEFA Çempionlar Liqası kuboku, İngiltərə, İspaniya və İtaliyada çempionluqlar, 5 “Qızıl top”, minə yaxın qol, saysız-hesabsız fərdi rekordlar...
Milli komandada da onun karyerasını uğursuz adlandırmaq mümkün deyil. Portuqaliya tarixində ilk dəfə məhz Ronaldonun liderliyi ilə Avropa çempionu oldu, iki dəfə UEFA Millətlər Liqasını qazandı. Kriştiano ümumən milli komandalar tarixində ən çox qol vuran futbolçu kimi tarixə düşdü. O, həm də altı fərqli dünya çempionatında qol vurmağı bacaran yeganə oyunçudur.
Bununla belə, hər zaman onun adı çəkiləndə ilk verilən suallardan biri belə olacaq: “Bəs Dünya Kuboku?” Çünki dünya çempionatı futbolun ən ciddi imtahanıdır. Klub futbolunda uğursuz mövsümün əvəzini növbəti il çıxmaq mümkündür. Mundial isə dörd ildən bir keçirilir və futbolçuya səhvini düzəltmək üçün cəmi bir neçə şans verir. Tarix göstərir ki, burada tək istedad kifayət etmir. Ronaldonun mundial hekayəsi də məhz bu amillərin kəsişməsində formalaşdı.
Böyük paradoks
Ronaldonun milli komanda karyerasında diqqət çəkən əsas məqam zamanlama ilə bağlıdır. Uzun müddət Portuqaliya “Ronaldodan asılı komanda” kimi xarakterizə edilirdi. Bu yanaşmanın müəyyən əsası vardı. Xüsusilə 2010-cu illərdə Portuqaliyanın əsas yükünü məhz o daşıyırdı.
Son illərdə vəziyyət tamamilə dəyişmişdi. Artıq Bruno Fernandeş, Bernardo Silva, Vitinya, Joau Neveş, Ruben Diaş, Nuno Mendeş, Rafael Leau kimi futbolçular Avropanın aparıcı klublarında əsas simalar idilər. Bir çox mütəxəssisin fikrincə, bu, Portuqaliya tarixinin ən keyfiyyətli heyətlərindən biri idi.
Paradoks da məhz burada yaranır. Ronaldonun fiziki baxımdan ən güclü olduğu illərdə Portuqaliya bu qədər balanslı komandaya malik deyildi. Pireneylilər heyət baxımından zirvəyə çatanda isə Ronaldo artıq karyerasının son mərhələsini yaşayırdı. Başqa sözlə, futbolçunun karyerasının zirvəsi ilə komandanın zirvə dövrü üst-üstə düşmədi. Bəlkə də Ronaldonun Dünya Kuboku hekayəsini izah edən əsas səbəb məhz budur.
Problem Ronaldoda idimi?
İspaniyaya qarşı oyundan sonra diqqətin yenidən Kriştianonun üzərinə yönəlməsi təəccüblü deyil. Ümumiyyətlə, onun komandanın əsas hücumçusu olması birmənalı qarşılanmırdı. Çoxları hesab edirdi ki, hətta Ronaldo olsa belə, 41 yaşlı futbolçunun kollektivə ziyanı xeyrindən daha çoxdur.
Lakin oyunların təhlilləri göstərir ki, Portuqaliyanın problemi tək bu deyildi. Heyətdə xeyli yaradıcı oyunçu olsa da, komanda kifayət qədər kreativlik nümayiş etdirə bilmirdi. Əksər oyunçular mövsüm ərzində klublarında göstərdikləri oyunu yığmada nümayiş etdirməyi bacarmadılar. Burada tənqid hədəfi daha çox komandanın baş məşqçisi Roberto Martinesdir. Daha əvvəl Belçikanın “qızıl nəsli” ilə gözlənilən nəticələri qazana bilməyən mütəxəssis Portuqaliyanı da əsas favoritlərdən olduğu dünya çempionatında 1/8 finaldan uzağa apara bilmədi. Martines ardıcıl ikinci dəfə futbol tarixinin ən istedadlı nəsillərindən birinə böyük titul qazandırmağı bacarmadı.
Dünya Kuboku Ronaldonun karyerasında həmişə çatışmayan kubok kimi xatırlanacaq. Amma futbol tarixində onun adı daha çox başqa səbəblərdən yaşayacaq. O, Portuqaliyanı böyük turnirlərin iştirakçısından daimi favoritinə çevirən nəslin siması idi. Kubok qazanmaq böyük uğurdur. Bütöv bir ölkənin futbol mədəniyyətini dəyişmək isə az oyunçuya nəsib olur.