• cümə axşamı, 04 iyun, 04:17
  • Baku Bakı 19°C

“Dövlətdən və bayraqdan müqəddəs heç nə yoxdur” - MƏKTƏBDƏ

29.11.25 03:31 1017
“Dövlətdən və bayraqdan müqəddəs heç nə yoxdur” - MƏKTƏBDƏ

Elçin Mirzəbəyli: “Artıq rəqiblərimiz tək özümüz deyilik. Rəqibimiz həm də süni intellektdir. Bizi sıradan çıxarmağa, öz nəzarəti altına salmağa çalışan bir reallıqla üz-üzə qalmışıq. Yeganə çıxış yolumuz əvəzolunmaz olduğumuzu təsdiqləməkdən keçir”. 

Paytaxtdakı 132-134 nömrəli liseydə baş tutan “Məktəbdə” layihəsi şagird və müəllimləri millət vəkili, Əməkdar jurnalist Elçin Mirzəbəyli ilə görüşdürdü. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Kaspi” qəzeti tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı təhsil və cəmiyyətimiz üçün önəmli məsələlərə toxundu.

“Orta məktəbdəki bütün müəllimlərimi xatırlayıram”

E.Mirzəbəyli görüşə özünün məktəb xatirələrindən danışmaqla başladı: “Məktəbə ayaq basdığım gün sinif otağına daxil olanda ayaqqabılarmı çıxarmışdım. Bu, hər kəsin gülüşünə səbəb olmuşdu. Sonra da müəllimlərim bunun izahını fərqli formada verməyə çalışdılar. İlk müəllimim Məsmə müəllimə olub, hazırda dünyasını dəyişib. Orta məktəbdəki bütün müəllimlərimi xatırlayıram. Onların hər birinin mənim formalaşmağımda rolu olub. Baxmayaraq ki, riyaziyyat təmayüllü məktəbdə təhsil almışam, riyaziyyat müəllimim Rza müəllimin musiqi zövqümün formalaşmasında xüsusi xidməti olub. O, məni dünyanın tanınmış bəstəkarları və onların əsərləri ilə tanış edib”.

Millət vəkili qeyd etdi ki, musiqi, ədəbiyyat insanın zövqünün və dünyagörüşünün formalaşmasında mühüm komponentdir: “Bu baxımdan, musiqini də, ədəbiyyatı da, tarixi də sevmək və öyrənmək lazımdır”. E.Mirzəbəyli oxuduğu illərlə indiki dövrü müqayisə etdi: “Biz sovet dövrünün uşaqlarıyıq. Mən həmin dövrü bəzən itirilmiş vaxt, özümüzü itirilmiş vaxtın adamları adlandırıram. Çünki gəncliyimizin əhəmiyyətli hissəsi qarşıdurmaların, ziddiyyətlərin içərisində keçib. Amma sizin yaşadığınız dövr və zaman kəsiyi fərqlidir. İnsanın öz dövlətində, öz bayrağı altında yaşaması onun üçün ən böyük nemətdir. Siz qalib dövlətin övladlarısınız!” 

“Vətəni, dövləti səssiz sevmək lazımdır” 

E.Mirzəbəyli yaxşı siyasətçi olmağın “sirrini” də açdı. O, fəaliyyətində jurnalist, siyasətçi, yoxsa millət vəkili missiyasının daha önəmli olduğunu da anlatdı: ”Əslində mən siyasətçi olmaq haqqında düşünməmişdim. Məni siyasətə 1988-ci ildə Qarabağın Azərbaycandan qoparılması ilə bağlı başlayan hadisələr gətirdi. Siyasət özümü ifadəetmə formalarından biridir. Siyasi jurnalistika mənim peşəmdir. Millət vəkili isə missiyadır, xalqın sənə verdiyi təyinatdır. Bu günə qədər həyatda əldə etdiyin nələr varsa, onları ifadə etmək üçün bir platformadır. Əslində bunların arasında gözəgörünməyən bir bağlılıq da var”.

E.Mirzəbəyli qeyd etdi ki, yaxşı siyasətçi olmaq üçün ilk növbədə peşəni yaxşı bilən mütəxəssis olmaq lazımdır: “15-20 il əvvəl insan özünün siyasi potensialını, iddialarını büruzə vermək üçün ya peşəkar media resurslarından istifadə etməli, ya da hansısa siyasi proseslərin içərisində yer almalı idi. İndi virtual aləmdə rahat şəkildə özünün siyasi baxışlarını ifadə edə bilərsən. Mənə görə vətəni, dövləti səssiz sevmək lazımdır. Əgər gələcəkdə aranızdan kimsə siyasi proseslərin içərisində yer alacaqsa, unutmayın ki, sizin üçün bu dövlətdən və bayraqdan müqəddəs heç nə yoxdur”.  

Hobbi, yoxsa daxili ehtiyac?

Millət vəkili şagirdlərin “Şeir yazmaq hobbidir, yoxsa daxili ehtiyac?” sualını da cavablandırdı: “Şeir yazmaq həm daxili ehtiyacdır, həm də hobbidir. Şeir yazmaq peşə deyil. Əgər bir sahə sənə qazanc gətirmirsə, sənin peşən deyil, hobbidir. Amma sən bu hobbini peşə səviyyəsində reallaşdırırsansa, bu, üstünlüyündür. Təəssüf ki, bu gün Azərbaycanda ədəbiyyat insanlar üçün gəlir mənbəyi deyil. Kitabların çapı, oxucu sayı azdır, oxu mədəniyyəti sıradan çıxır. Bu yanaşma təkcə ənənəvi kitablarda deyil, elektron şəkildə olan kitablarda da özünü büruzə verir. Hesab edirəm ki, gələcəkdə poeziyanın da, ədəbiyyatın da mahiyyəti dəyişməsə də, siması dəyişəcək. Ümumiyyətlə, poeziya, ədəbiyyat yavaş-yavaş gəlir mənbəyi olmaqdan çıxacaq”.

“İş varsa, narahatlıq da olacaq”

Millət vəkili təhsilimizin hazırkı durumuna da münasibət bildirdi: “Məni narahat edən təhsilin şəxsiyyətin yetişdirilməsi prosesindən kənarda qalmasıdır. Müəllimlərin sadəcə təhsil verən olması, məktəbin şagirdə təsirgöstərmə qüvvəsinin azalması məni narahat edir. İnzibati metodların əleyhinəyəm. Sadəcə, təlim-tərbiyə prosesinin təşkil olunması üçün məktəbin, müəllimin əlində hansısa mexanizmlər olmalıdır. Təhsil bizimlə yanaşı addımlayan prosesdir. Bu baxımdan, ən çox müzakirə olunan və ən çox tənqid olunan sahə də təhsildir. İş varsa, narahatlıq da olacaq. Mən Azərbaycan təhsilində aparılan islahatların nəticə verəcəyinə inanıram”. 

E.Mizəbəyli sosial platformalarda məktəb və müəllimlər haqqında yer alan neqativ, qərəzli fikirlərə də toxundu: “Mən həmişə bu cür hadisələrə sərt reaksiya vermişəm. Elmin, təhsilin alternativi yoxdur. Təhsil sıradan çıxırsa, onun yerində yaranan boşluqları eybəcər ideologiyalar tutur. Təəssüf ki, ictimaiyyət neqativin yanında rahatlıqla yer alır. Bu prosesin qarşısını inzibati metodlarla, hüquqi məhdudiyyətlərlə almaq mümkün deyil. Sadəcə, ölkə vətəndaşları bu prosesdə fəallıq göstərməli, mənbəyi olmayan məlumatlara inanmamalıdırlar”.

“Fərqli bir dünyaya qədəm qoyuruq”

Millət vəkili gələcəkdə yaxşı mütəxəssis kimi yetişmək, ölkəmizə layiqli vətəndaş olmaq üçün məktəblilərə tövsiyələrini də verdi: “Fərqli bir dünyaya qədəm qoyuruq. Artıq rəqiblərimiz tək özümüz deyilik. Rəqibimiz həm də süni intellektdir. Bizi sıradan çıxarmağa, öz nəzarəti altına salmağa çalışan bir reallıqla üz-üzə qalmışıq. Yeganə çıxış yolumuz əvəzolunmaz olduğumuzu təsdiqləməkdən keçir. O qədər yaxşı mütəxəssis olmalısınız ki, sizi əvəz etmək mümkün olmasın. Yaxşı vətəndaş olmaq isə hər kəsin öz sahəsində vətəninə, xalqına xidmət etməsindən ibarətdir”. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər