çərşənbə axşamı, 05 iyul, 23:05

Baku Bakı 30°C

Dirijor olmaq istəyən zərgər - SƏNƏT

icon 708 icon 28 may 2022 | 05:30 Dirijor olmaq istəyən zərgər - SƏNƏT

“Cəmi 16 yaşım vardı, amma yaxşı pul qazanırdım – bir günə 500-1000 dollar. 30 ildir ki, bu sənətlə məşğulam, elə təkcə bu dükanda 23 ildir işləyirəm. Qanım bərk qara olanda gedirəm “Kubinka”ya, çörək satdığım tində dayanıram, baxıram...”

Bir neçə peşə var ki, onlara incə sənət və ya elə incəsənət də demək olar. Çünki bu sənətin peşəkarları da rəssam, şair, memar kimi yaradıcıdırlar. Elə zərgərlik sənətini götürək. Zərgərlik çox qədim zamanlardan məşhur olub. Alban tarixçisi Moisey Kalankatuklu VII əsrdə yazırdı ki, Qafqaz Albaniyasında dağlarda qızıl, gümüş, mis və sarı boyaq istehsal olunur. Bizim insanlar, xüsusən də xanımlar bineyi-qədimdən bər-bəzəyi, ləl-cavahiratı həddindən artıq çox sevib və buna xüsusi əhəmiyyət veriblər. Elə bundandır ki, xeyir iş olanda da “həri” məclisinə ilk olaraq qızıl üzük aparılır ki, bu da barmağa taxılan qızın bəxt üzüyü sayılır, hətta müqəddəs bir əşya kimi saxlanılır. Zərgərlikdən danışmışkən, Mərkəzi Univermağın yan-yörəsində olan zərgərlik emalatxanaları yadıma düşdü. “Zər qədrini zərgər bilər” deyib üz aldım Nizami küçəsi ilə üzü yuxarı. Nə yalan deyim, həris olmasam da, qəşəng sırğa-üzük həvəskarıyam. Zərgər Ramin Babayevlə qızıldan tutmuş Mona Lizaya qədər söhbətləşdik. 

Zövq, fantaziya, işə sevgi

Zərgər Ramin Babayev deyir ki, çox kasıb ailədə böyüyüb: “Nənəm dağlı çörəyi bişirirdi, mən də 7 yaşımdan “Kubinka” bazarında satırdım. Evdəkilər çox qorxurdular ki, bütün günü bazardayam, birdən pis uşaqlara qoşularam. Əmim Bakı Zərgərlik Zavodunda yeməkxana müdiri idi. 15 yaşında məni əmimə təhvil verdilər, dedilər ki, yanında olsun, nəzarət elə, burda işləsin. Evdəkilərin narahatlığına baxmayaraq, mənim həmişə ağlım başımda olub, elə şeylərə marağım olmayıb. Bir müddət əmimin yanında işlədim. Ora da ancaq zərgərlər gəlirdi. Allah rəhmət eləsin, Eldar adında bir zərgər vardı, o da həmişə nahara gəlirdi. Bir dəfə mənə dedi ki, sənət öyrənmək istəyirsən? Dedim hə! Dedi sabahdan gələrsən yanıma. Mən də həmin gündən zərgərlik sənətini öyrənməyə başladım. Əvvəlcə gümüş, tam öyrənəndən sonra isə qızıl üzərində işlədim. Bu işin çətinliyi bir ondadır ki, gərək səbirli olasan. Həm də işinə sevgin olsun. Zərgərlik özü də incəsənətdir. Zövqün, fantaziyan olmalıdır. Amma mən o qədər özümü güclü sənətkar hesab etmirəm. Ona görə ki, bundan ötrü gərək rəssamlığı da yaxşı biləsən.  Rəsmi, rəssamlığı gözəl bilən adamlar bu aləmdə hətta dünya şöhrətli bir zərgərə də çevrilə bilir”. 

Çörək satdığım günləri xatırlayıram

Zərgərimiz deyir ki, alış-satışa əvvəldən öyrəşmişdim deyə, 93-cü ildən başladım qızılın alış-satışına: “Mərkəzi Univermaqda bir-iki qızıl şöbəsi vardı. Onlara qızıl məmulatları təklif etdim, istədilər. O illərdə həm də qızıla ehtiyac vardı. Zərgərlərdən alıb onlara satmağa başladım. Cəmi 16 yaşım vardı, amma yaxşı pul qazanırdım – bir günə 500-1000 dollar. 30 ildir ki, bu sənətlə məşğulam, elə təkcə bu dükanda 23 ildir işləyirəm. Şükür Allaha! Amma həmişə çörək satdığım günləri xatırlayıram. Qanım bərk qara olanda gedirəm “Kubinka”ya, çörək satdığım tində dayanıram, baxıram. Keçən günlərimi yada salıram. Nostalji olur mənim üçün”. 

Səbir, səbir, yenə də səbir...

Müştərilər hərəsi bir cürdür, deyir zərgər: “Hərəsinin bir cür xarakteri, yanaşma tərzi var. Səbir bizə təkcə məmulatı hazırlayanda deyil, həm də müştərilərlə ünsiyyətdə lazımdır. Müştərinin fikrini, istədiyini gərək düzgün tapa biləsən. Əgər müştəri bura gəlibsə, deməli, ağlında nə isə tutub gəlib. Bizim işimiz onu tapa bilmək, ona uyğun xidmət göstərməkdir. Onlara diqqət ayırmalısan.  Çünki bu, çox önəmlidir. Bir dəfə bir xanıma üzük satmışdım. Bir müddət sonra gəldi ki, mənə aşağı əyarlı qızıl satıbsan. Mən öz işimə həmişə əmin olmuşam. Amma çox narahat oldum. Əyarını yoxladım, gördüm ki, təmizdir. Sonra məlum oldu ki, xanımın bədəninin turşuluğu çoxdur, ona görə də barmağında qaralıq verirmiş. Yəni hər cür müştəri olur. Səbirli olmalıyıq”. 

O dövran getdi

Ramin bəylə yeni dövrün zərgərliyindən də danışdıq: “Bu gün texnologiyanın inkişaf dövründə yaşayırıq. Demək olar ki, əl zəhməti indi çox azalıb. O qədər yeni model avadanlıqlar çıxıb ki, daha əllə bir iş görməyə ehtiyac qalmır. Kompüterdə istədiyin məmulatın formasını yığ, avadanlıq onu çıxartsın, üstünün düzəlişini ver, vəssalam. Daha o dövran getdi. Bu gün kompüterin etdiyini əllə etmək mümkün deyil. İndi kompüter bizim işimizi 95 faiz yüngülləşdirib. İstədiyimizi orada yığırıq. Yəni indi çox nadir hallarda kimsə o qədim işlərdən istəyir. O nəsil getdi daha. Bu gün biz ancaq model satırıq. İnsanlar ancaq gözəl modelə üstünlük verir”. 

Hətta xaricdə olanda da teatra gedir

Zərgər, ümumən ədəbiyyat və mədəniyyətlə də maraqlandığını, gənclik illərində çox mütaliə etdiyini dedi: “Parisdə olanda Luvr muzeyində olmuşam. Leonardo da Vinçinin “Mono Liza” rəsminin qarşısında dayananda özümü dünyanın ən xoşbəxt adamı hesab etdim ki, o rəsmi öz gözlərimlə görürəm. Mən nəinki Bakıda, hətta xaricdə olanda da teatra gedirəm. Hollandiyada olanda Amsterdam Teatrında tamaşaya getmişdim, ondan böyük zövq almışdım. Və bir qəribə arzum var. Dirijor olmaq istərdim. Həmişə deyirəm ki, kaş Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasına dirijorluq  edə biləydim. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu yaxınlarda “Koroğlu” operası oynanılacaq, operanın 85 illiyidir. Gedib baxacağam mütləq. Mən çox sevirəm bu operanı”.

Bu qızılın, brilyantın, müxtəlif daş-qaşların par-par parıldadığı bir məkanda divarda müxtəlif rəsmlərin də – natürmort, mənzərə, portret və s. asıldığı gözümdən yayınmadı. Amma ən çox diqqətimi çəkən Hacı Zeynalabdin Tağıyevin  məğrurluq və eyni zamanda da mehriban siması əks olunan portreti oldu. Bu məkanda zərgərlə zərli söhbət edib yeni söhbətlər üçün ayrılıram. Hələlik...

Söhbətləşdi: Xanım Aydın

Fotolar: Sabir Məmmədov/Global Media Group