• cümə, 24 May, 10:56
  • Baku Bakı 13°C

Deputat: Zəngəzur dəhlizinin açılması Avropa İttifaqının da marağındadır

17.05.23 10:00 764
Deputat: Zəngəzur dəhlizinin açılması Avropa İttifaqının da marağındadır

Ermənistanın baş naziri Nikol Paşinyan Praqada və Soçidə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyü tanıdığını bəyan etmişdi. ABŞ-da XİN rəhbərlərinin iştirakı ilə təşkil edilən dördgünlük görüşlərdə də Ermənistan bir çox məsələlərdə Azərbaycanla razılaşmağa məcbur oldu. Amma Ermənistan son təxribatları ilə görüşlərdə əldə olunan razılaşmaları pozmağa, sülh müqaviləsinin imzalanması prosesinə kölgə salmağa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşdırılmasına dair aparılan danışıqlara xələl gətirməyə çalışdı. Lakin Ermənistan mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən dövlət başçılarının görüşündə Azərbaycanın təklif etdiyi sülh gündəliyinə razı olduğunu bir daha ifadə etməyə məcbur qaldı. Belə ki, keçirilmiş görüşdə ölkə liderlərinin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir. Ölkəmizin ədalətli mövqeyi beynəlxalq normalara əsaslanır. Ona görə də Nikol Paşinyan nə qədər çalışsa da, beynəlxalq platformalarda Prezident İlham Əliyevin dediklərinə alternativ ortaya qoymaqda acizdir.

Bu sözləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat deyib ki, N.Paşinyan Brüsseldə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü təsdiqəməklə Qarabağda yaşayan ermənilərin təhlükəsizlik məsələlərinin ölkəmizin daxili işi olduğunu etiraf etmiş oldu. Danışıqlar zamanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra edilməyən bəndləri ətrafında bir daha müzakirələr aparıldı və Ermənistan Zəngəzur dəhlizin açılmasının zəruriliyini etiraf etdi. Yəni, ölkəmiz imzalanmış razılaşmalara sadiqdir və Ermənistandan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir.

“Zəngəzur dəhlizinin açılması Avropa İttifaqının da marağındadır. Çünki dünya nizamında baş verən dalğalanmalar yeni əməkdaşlıq marşrutlarının meydana çıxmasını zəruri edib. Belə ki, son illər Orta Dəhliz vasitəsilə daşımalar əhəmiyyətli dərəcədə artıb. Amma mövcud marşrutun ötürücülük gücü bu günün potensialını əhatə etməyə imkan vermir. Ona görə də Zəngəzur dəhlizi mütləq şəkildə açılmalı, Asiyadan Avropaya və əks istiqamətə daşınacaq yüklərin müəyyən qismi, o cümlədən enerji marşrutların bir hissəsi buradan keçməlidir. Aİ də Zəngəzur dəhlizinin açılmasını dəstəkləməklə Nikol Paşinyana imza atdığı sənədə riayət etməsinin labüdlüyünü başa salmış oldu.

Azərbaycanın Ermənistana təqdim etdiyi sülh gündəliyinin əsasını təşkil edən 5 baza prinsipi BMT Nizamnaməsinə və beynəlxalq normalara söykənir. Ona görə də təqdim etdiyimiz prinsipləri dəyişməyə və nəyisə əlavə etməyə Ermənistanın heç bir imkanı yoxdur. Çünki 5 baza prinsipində Azərbaycanın milli maraqları əks olunur, bu da regionda davamlı sülhün yaranmasına xidmət edən amillərdəndir”,-deyə A. Badamov söyləyib.

Onun sözlərinə görə, Ermənistan müəyyən müddətdir ki, irəli sürdüyümüz sülh gündəliyinə qarşı yeni nə isə təqdim etməyə çalışır, amma ortaya heç nə çıxara bilmir. Onun bu addımı isə, sadəcə, sülh müqaviləsinin imzalanmasını uzatmağa yönəlib. Təbii ki, Ermənistanın bu hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Bu səbəbdən də keçirilən bütün görüşlərdə Azərbaycanın mövqeyi daha məntiqəuyğun hesab edilir və qəbul olunur. Avropa İttifaqı iqtisadi və enerji təhlükəsizliyinə görə Cənubi Qafqazda sülhün bərqərar olunmasını istəyir.

Azərbaycan isə artıq Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilib. Ona görə də ölkəmiz məqsədlərinə danışıqlar yolu ilə çatacağına inanır. Aİ və digər təşəbbüsçü tərəflər də Ermənistana imzaladığı və razılaşdığı məsələləri icra etməsi üçün təzyiq göstərməlidir.

banner

Oxşar Xəbərlər