Deputat: Türkiyənin acısı bizi bir-birimizə daha sıx bağladı
Fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət Azərbaycanı da sarsıtdı. XXI əsrin ən böyük faciələrindən olan bu zəlzələdə 30 mindən çox insan həyatını itirdi. Təəssüf ki, zəlzələdə həlak olanlar arasında bizim vətəndaşlarımız da var. Zəlzələnin nəticələri Azərbaycanda hamının kədərinə çevrildi. Azərbaycan dövləti və xalqı qardaş Türkiyəyə yardımını əsirgəmir. Xalqlarımız bu ağır gündə bir daha həmrəylik nümayiş etdirdilər. Zəlzələ baş verdiyi ilk saatlardan Azərbaycan dövləti və xalqı Türkiyənin kədərinə şərik oldu. Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində oldu və bildirdi ki, bu ağır məqamda hər cür yardım göstərməyə hazırıq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi. Mehriban xanım Əliyevanın göstərişi əsasında faciənin ilk günlərində Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə 36 ton humanitar yardım göndərildi. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
“Azərbaycandan Türkiyəyə yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, av-tomobillər, həmçinin modul səhra hospitalları da yola salınıb. Bu yardım ürəyin hökmü ilə yerinə yetirilən maddi dəstəkdir. Azərbaycandan Türkiyəyə böyük miqyasda yardımlar göndərilir. Fövqəladə Hallar Nazirliyi hadisə yerinə 1000 nəfərdən çox olan xilasedici göndərib. Prezident İlham Əliyevin göstərişi ilə yardımlar mərkəzləşdirilmiş formatda göndərilir. Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
İkinci Qarabağ müharibəsində şəhid olanlara görə hansı ağrıları yaşadıqsa, Türkiyədə baş verən zəlzələdə həlak olanlara görə də eyni ağrı-acıları yaşamaqdayıq. Türkiyənin acısı bizi bir-birimizə daha sıx bağladı. Hamı bir nəfər kimi evləri çökənlərə, paltarsız qalanlara can yandırmağı, qışın sazağında onlara qardaş yardımı göstərməyi özünə mənəvi borc bilir. Azərbaycandan Türkiyəyə xilasedicilərin göndərilməsi yaralılara kömək üçün tibb personalı, tibbi ləvazimatlar, zəruri dava-dərman göndərilməsi “Bir millət, iki dövlət” ifadəsinin önəmini bir daha təsdiqləyir”, - deyə S.Xasayeva qeyd edib.
Deputat vurğulayıb ki, bütün Azərbaycan xalqı könüllü olaraq qardaş türk xalqına dəstək olur, kimin imkanı nəyə çatırsa onu da əsirgəmir. İctimai təşkilatlar, özəl şirkətlər, dövlət qurumları humanitar yardımın göndərilməsində çox fəaldırlar.
“Zəlzələdə yaralananların müalicəsi üçün dövlətimizin başçısının tapşırığına əsasən Bakıda və Naxçıvanda xüsusi şərait də yaradılıb. Bu iki dövlət arasında münasibətlər həmişə səmimi dostluğa, qardaşlığa, mənəvi birliyə əsaslanıb. Prezident İlham Əliyevin dediyi kimi Türkiyə güclü dövlətdir. Qardaş ölkə bu acı sınaqdan da şərəflə çıxacaq və gücünü dünyaya bir daha göstərəcək”, - deyə Səbinə Xasayeva bildirib.