• cümə, 19 Aprel, 10:36
  • Baku Bakı 13°C

Deputat: "Ərdoğanın qələbəsi Türkiyənin geosiyasi güc olaraq qalacağının təminatıdır"

29.05.23 12:30 1004
Deputat: "Ərdoğanın qələbəsi Türkiyənin geosiyasi güc olaraq qalacağının təminatıdır"

"Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türkiyənin geosiyasi vahid ölkə, güc olaraq qalacağının təminatıdır".

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, Türkiyədə keçirilmiş prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi həm də Azərbaycan xalqının qələbəsidir: "Biz bu seçki kampaniyası dövründə, bilavasitə seçkilər günündə xalqımızın necə həyəcanla prosesləri izlədiyinin şahidi olduq. Əlbəttə, qardaş türk xalqının iradəsi, onun istənilən seçimi tərəfimizdən qəbul ediləcəkdi. Ancaq çox vacibdir ki, qardaş dövlətin mövcud xarici siyasəti, Türk dünyası, əsasən də Azərbaycanla sıx inteqrasiya kursu davam etsin. Ərdoğan bu kursu uğurla həyata keçirib və bundan sonra da davam edəcək".

Deputat bildirib ki, Türkiyə ilə Azərbaycan çox mühüm transmilli iqtisadi layihələrin təşəbbüskarı və icraçılarıdır: "İndi bu proses daha geniş vüsətlə, daha intensiv şəkildə davam edəcək. Seçkilərin bu nəticə ilə yekunlaşacağına Azərbaycan lideri İlham Əliyevdə səmimi inam var idi və bu qələbə bir daha göstərdi ki, dövlətimiz xalqımızın rifahı və təhlükəsizliyi naminə prioritetləri hər zaman olduğu kimi indi də düzgün müəyyən edib. Qarşıda bizi türkün 100 ili gözləyir. Türk dünyasının, bu vahid məkanın aparıcı qüvvəsi, onun mərkəzi Türkiyə-Azərbaycan birliyidir. Bu baxımdan Türkiyədə bu kursa münasibətdə istənilən kiçik dəyişiklik təbii olaraq özünü bu geosiyasi konfiqurasiyada da mənfi tərəfdən göstərə bilərdi".

E.Allahverdiyev söyləyib ki, Türkiyədə keçirilmiş prezident seçkilərinin nəticələri Azərbaycanın rolunun, dəyərinin qardaş ölkədə nə qədər önəmli olduğunu sübut edib: "Bir millət, iki dövlət" formulu tək hakimiyyətlərin deyil, bütövlükdə xalqlarımızın həyat tərzi, regionumuza və dünyaya baxış fəlsəfəsinə çevrilib. Azərbaycana münasibətdə istənilən səhv, yanlışlıq, soyuqluq Türkiyə cəmiyyəti və xalqı tərəfindən bağışlanmır və biz bunun əyani şahidi olduq. Ərdoğanın qələbəsi Türkiyənin geosiyasi vahid ölkə, güc olaraq qalacağının təminatıdır. Türkiyənin rolu və çəkisi artmaqda davam edəcək. Türkiyənin ərazi bütövlüyü qorunacaq. Çünki onu parçalamaq, zəiflətmək, qorxutmaq, yenidən bəziləri tərəfindən idarə edilən dövlətə çevirmək cəhdləri bunu arzulayanların gözündə qaldı. Tükiyəni xaosa sürükləmək istəyi bu dairələrin həyata keçməyəcək arzusu olaraq qalacaq. Bu seçkilərdə Tükiyə ilə Azərbaycan və Türk dünyası qazandı, Zəngəzur dəhlizi, "Qarabağ Azərbaycandır!" prinsipi qalib gəldi. Türkün gücü dünyaya sübut olundu".

 

banner

Oxşar Xəbərlər