cümə axşamı, 07 iyul, 00:30

Baku Bakı 20°C

Deputat: Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır

icon 180 icon 23 may 2022 | 12:00 Deputat: Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır

Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Azərbaycan-Avropa İttifaqı münasibətlərinin çox geniş perspektivləri var. Xüsusilə də enerji, nəqliyyat təhlükəsizliyi kimi sahələrdə Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Rusiya-Ukrayna böhranı fonunda Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb etməkdədir. Nəzərə alsaq ki, il ərzində Avropa İttifaqı ölkələrinin 500 milyard kubmetr qaza tələbatı var. Bu nöqteyi-nəzərdən, Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır. Keçən il Azərbaycan Avropa İttifaqı ölkələrinə 8,2 milyard kubmetr qaz satıb. Bu il onun 9 milyarddan artıq olması proqnozlaşdırılır, gələn il isə 11 milyard kubmetrdən artıq Azərbaycan qazının Avropa bazarına çatdırılması planlaşdırılır. Bu nöqteyi-nəzərdən, Cənub Qaz Dəhlizi Avropanın meqa layihəsidir. Bunun da təminatçısı Azərbaycan dövlətidir. Eyni zamanda, 27 Avropa İttifaqı ölkəsinin 9-u ilə Azərbaycanın strateji tərəfdaşlıqla bağlı müvafiq sənədləri imzalanıb. Həmçinin dünyanın bu çox mühüm iqtisadi güc mərkəzi ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı sazişin imzalanması yaxın perspektivin işidir. Bu istiqamətdə mütləq əksəriyyət məsələlərdə artıq ortaq məxrəc əldə edilib. Bu sənədin imzalanması ilə Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə açılacaq və əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qalxacaq. Bizim münasibətlərimiz, eyni zamanda, regional təhlükəsizlik məsələsində də öz ifadəsini tapır.

“Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ATƏT-in Minsk qrupunun demək olar ki, de-fakto və de-yure fəaliyyəti dayanıb. İndi Azərbaycan dövləti postmüharibə dövrünün həllini gözləyən məsələlərdə Avropa İttifaqının fəal rolunu görür və qiymətləndirir. Təsadüfi deyil ki, 2021-ci il dekabrın 14-də və 2022-ci il aprelin 6-da məhz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutub. Bu görüşdə də bir sıra fundamental məsələlərlə bağlı irəliyə doğru addımlar atılıb. Beləliklə həm siyasi dialoq, həm iqtisadi ticarət əlaqələri, həm enerji, nəqliyyat təhlükəsizliyi kimi mühüm sahələrdəki Azərbaycan-Avropa münasibətləri sürətlə inkişaf edir. Bu, hər iki tərəfin maraqlarına tamamilə cavab verir”, - deyə Elman Nəsirov qeyd edib.