• şənbə, 13 Sentyabr, 06:02
  • Baku Bakı 17°C

Dəhşətli qəzanın yaratdığı suallar 

13.09.25 02:02 101
Dəhşətli qəzanın yaratdığı suallar 

Körpülərdə hərəkətə nəzarət mexanizmi gücləndirilməlidir. İlk növbədə yük avtomobillərinin texniki vəziyyətinə diqqət  artırılmalıdır. Körpülərdə sürət hədlərinin real vəziyyətə uyğunlaşdırılması, radar və müşahidə sistemlərinin tətbiqi, kənarlardakı qoruyucu sədlərin möhkəmləndirilməsi də vacibdir. 

Ötən həftə Biləcəri qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi şok effekti yaratdı. Ağır tonnajlı “KamAZ” markalı avtomobilin körpüdən digər maşının üstünə aşması nəticəsində sürücü də daxil olmaqla üç nəfər həyatını itirdi. Bir necə nəfər isə ağır bədən xəsarəti aldı. Bir neçə ay öncə Heydər Əliyev prospektindəki Bağırov körpüsünün ətrafında “uçan taksi” hadisəsi yaddaşlardan silinməmiş, indi daha betəri - faciə ilə nəticələnən qəza adamlara göz dağı oldu.

“Tək bu hadisə deyil ki. O yolda bilirsiniz nə qədər maşınlar aşıb, nə qədər faciələr yaşanıb?”; “Səhər saat 10-da o yük maşınının şəhərdə nə işi vardı?”; “Kim zəmanət verir ki, Biləcəridəki hadisə sabah sənin, mənim başıma gəlməyəcək?”; “Əksər yük maşını sürücüləri maşını çox aqressiv idarə edirlər”; “Niyə o döngənin sərtliyi nəzərə alınıb radar quraşdırılmayıb?”- deyə sosial şəbəkələrdə yazılan çoxsaylı status və rəylər problemin əslində kompleks həllər tələb etdiyini göstərdi. 

Həqiqətən də problem artıq tam ciddiliyi ilə həllini gözləyir. Tək hadisə baş verən ərazidə deyil, digər yerlərdəki körpülərdə də belə hadisələrin təkrarlanmaması üçün addımlar atılmalıdır.   Hamını həyəcanlandıran suallara verilən cavablar isə göstərir ki, bu ağır qəzanın hansı səbəbdən baş verməsini uzun müddət araşdırmağa ehtiyac olacaq.

Heç bir qurum məsuliyyəti üzərinə götürmür

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov “qeyd etdiyiniz suallar NİİM-in səlahiyyətlərinə aid deyil”, - deyə suallarımızı bir cümlə ilə cavablandırdı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) da oxşar cavabı verdi: “Bizə aid olan məsələ deyil. Biz nəqliyyatı tənzimləyirik, körpülər bizim quruma aid deyil”.

Digər aidiyyəti qurum - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə telefonlarımıza ümumiyyətlə cavab verən tapılmadı.

Qəza ilə bağlı cinayət işi başladılıb 

Baş Dövlət Yol Polisi İdarəsindən sualımıza cavab olaraq bildirildi ki, qəzanın səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı cinayət işi başladılıb, bütün zəruri ekspertizalar təyin olunub və istintaq tədbirləri davam etdirilir: “Binəqədi rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi üç nəfərin həyatına son qoyub, bir neçə nəfər isə xəsarət alıb. İlkin araşdırmalara görə, yük avtomobili körpüdə idarəetməni itirərək aşıb və dayanmış minik avtomobilinin üzərinə düşüb”. BDYPİ-dən bildirildi ki, belə halların qarşısını almaq üçün sürücülər hər zaman daha diqqətli olmalı, xüsusilə sərt döngələrdə, enişli və körpü sahələrində sürəti azaltmalı, idarəetməyə tam nəzarəti təmin etməlidirlər: “Eyni zamanda, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığının yoxlanılması həyati əhəmiyyət daşıyır. Unutmayaq ki, yolda hər kəsin təhlükəsizliyi bir-birimizin məsuliyyətli davranışından asılıdır. Hər qaydaya əməl etmək - həm öz həyatımızı, həm də digər insanların həyatını qorumağın ən etibarlı yoludur”.

“Nəzarət tədbirləri gücləndirilməlidir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hesab edir ki, belə qəzaların qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilməlidir: “Körpülərdə baş verən qəzalar bir daha göstərdi ki, yol hərəkətinin təhlükəsizliyi daim gündəmdə olmalı, nəzarət mexanizmi gücləndirilməlidir. Hesab edirəm ki, ən əsas məsələ sürücülərin məsuliyyətidir. Dövlət qurumlarının koordinasiyalı fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Körpülərə nəzarət və tənzimləmə məsələsinə ayrı-ayrılıqda yanaşmaq lazımdır. İlk növbədə yük avtomobillərinin texniki vəziyyətinə nəzarət gücləndirilməlidir. Şirkətlərə məxsus avtomobillər şirkətlərin özləri tərəfindən yoxlanılmalı, həm texnikaya, həm sürücülərin özlərinə güclü nəzarət olmalıdır. Qanunvericiliyin tələbinə uyğun olaraq texniki baxış ilk növbədə sahibkarın öz marağında olmalı, formal xarakter daşımamalıdır. Real təhlükəsizlik göstəriciləri əsas götürülməlidir”. Millət vəkilinin fikrincə, körpülərdə sürət hədlərinin real vəziyyətə uyğunlaşdırılması, radar və müşahidə sistemlərinin tətbiqi, infrastruktur baxımından körpülərin kənarında qoruyucu sədlərin möhkəmləndirilməsi vacibdir, lakin mühəndislik yanaşması, hüquqi mexanizmlər, nəzarət tədbirləri - hamısı bir yerdə olmalıdır. A.Nağıyev sürücülük məsuliyyətini də önə çəkdi: “Əvvəllər böyük yük maşınlarını təcrübəli sürücülərə həvalə edirdilər. Hazırda isə görürük ki, dünən sürücülük hüququ əldə edən şəxs bu gün ağır tonnajlı avtomobili idarə edir. Öncə sürücülərin özlərini məsuliyyətə çağırmaq lazımdır. Hadisədən nəticə çıxarmalı, ortaya təkliflər qoyulmalıdır. Hesab edirəm ki, bu istiqamətdə profilaktik addımlar atılacaq. Təhlükəsizlik məsələsində heç vaxt güzəştə getmək olmaz”.   

Ekspert körpülərdə sürət həddinin aşağı salınmasını təklif edir 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, qəza baş verən ərazidə əvvəllər də belə hadisələr olub: “Bu yerdə çox qəza baş verir. Ümumiyyətlə, elə döngələr var ki, avtomobil oradan hərəkət edərkən nəqliyyat vasitəsi yoldan aşmağa doğru meyillənir. Bu, fizikanın qanunudur. Mərkəzdənqaçma qüvvəsi yaranırsa, müəyyən tədbirlər görərək onun qarşısını almaq lazımdır. Görüləcək əsas tədbirlərdən biri sürət həddini aşağı salmaqdır”. Ekspertin sözlərinə görə, qəzanın baş verdiyi yer körpü deyil, yoldur: “Geridə tunel, irəlidə körpü var. Orada xəbərdarlıq nişanları, yerdə üfüqi nişanlama, maneə tətbiq edilə bilər. Yollarımızda nişanlar azdır. Bəzən kilometrlərlə gedirsən, yol nişanlarına rast gəlmirsən. Nişanlar qəzaların qarşısını almağa kömək edir”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər