• cümə axşamı, 25 aprel, 00:20
  • Baku Bakı 19°C

Bütün sosial təbəqələri birləşdirən bayram

09.07.22 03:30 1486
Bütün sosial təbəqələri birləşdirən bayram

Müsəlman dünyası müqəddəs Qurban bayramını qeyd edir. Bayram günlərində imkanlı şəxslər qurbanlar kəsir, qohumlar, qonşular arasında paylayırlar. Bununla da cəmiyyətin müxtəlif təbəqələrinin bir-biri ilə olan münasibəti daha da yaxşılaşır. 

İyul ayının 9 -10-u ölkəmizdə Qurban bayramı kimi qeyd olunur. Ənənələrə əsasən, Qurban bayramında heyvanlar kəsilir, ətlər qohumlar, qonşular arasında bölünür. Deyirlər ki, qurban ətindən imkanı zəif olan şəxslərə də pay ayırmaq savabdır. Qurban bayramını yoxsullara kömək etmək günü kimi təqdim edənlər də az deyil. Bəs əslində bu bayramın mahiyyəti, fəlsəfəsi nədir? Qurban bayramında edilməsi vacib olanlar və edilməməli olan əməllər hansılardır?

Sovet dövründəki qadağalara baxmayaraq...

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyir ki, Qurban bayramının tarixi çox qədimlərə gedib çıxır: “Xalqımız tarixən Qurban bayramını qeyd edib. İsmayıl qurbanı adı bir çox yerdə məşhurdur. Sovet dövründəki qadağalara baxmayaraq, o vaxt da bayram kimi unudulmayıb. Qurban bayramının mahiyyəti İbrahim peyğəmbərin dövrünə qədər gedib çıxır. Dini mənbələrə görə, həzrəti İbrahim vaxtilə öz oğlunu Allah yolunda qurban etmək istəyib. Allah-təala da ona övladını yox, əvəzində bir qoç qurban etməsini buyurub. Dinlər tarixinə nəzər saldıqda görürük ki, müəyyən tarixi dövrlərdə müxtəlif dini sistemlərdə insanları tanrılara qurban verirmişlər. Həzrəti İbrahimə də ən sonda Həzrəti İsmayılı qurban kəsməməsinin buyrulması insanların qurban edilməsinin doğru olmadığını və bunun Allah tərəfindən qəbul olunmadığını göstərir”. 

Qurban üçün bütöv heyvan kəsilməlidir 

A.Şirinov qeyd etdi ki, qurban üçün bütöv heyvan kəsilməlidir: “Maldan da, qoyundan da, keçidən də, dəvədən də qurban olar. Yəni bu heyvanlardan qurban kəsmək şəriətimizdə buyurulub. Qəssabxanadan kilo ilə ət almaq isə qurban sayılmır. Qurbanı niyyət ilə kəsdirmək lazımdır. Şəxs özü də kəsə, başqasına da kəsdirə bilər. Amma 70 kq ət kəsilib, ondan qurban üçün 10 kq almaq, belə olmaz”.  

Qurban kəsmək məcburi deyil 

İlahiyyatçı alimin sözlərinə görə, islam dinində qurban kəsmək məcburi deyil: “Həcc ziyarətinə gedən zəvvarların orada Qurban kəsməsi onlar üçün vacibdir. Ümumilikdə Qurban bayramında heyvan kəsmək müxtəlif islam məktəblərinin əksəriyyətində müstəhəb sayılır. Sadəcə, hənəfi məktəbində vacib kateqoriya olaraq dəyərləndirilir. Qurbanı daha çox imkanı olan şəxslər kəsir. İmkanı olan şəxslər qurban kəsib həm öz ailəsinə, həm qohum-əqrəbasına, həm də kasıb insanlara paylayır”.   

Edilməsi vacib olan əməllər

A.Şirinovun sözlərinə görə, Qurban bayramında da digər bayramlarda olduğu kimi edilməsi lazım olan əməllər var: “Bu müqəddəs gündə əvvəlcə bayram namazı qılınır. Bayram namazı qıldıqdan sonra qurbanlar kəsilir. Əsas detallar bundan ibarətdir. Eyni zamanda, bayramda bəyənilən əməldir ki, yaşlı insanlar ziyarət olunsun. Qohum-əqrəba bir-birinin evinə getsin, baş çəksin. Xəstə insanlar varsa, onları ziyarət etmək, halını soruşmaq lazımdır. Qurban bayramını elə keçirmək lazımdır ki, cəmiyyətin müxtəlif təbəqələri sosiallaşa bilsin, aralarındakı münasibətlər daha da yaxşılaşsın”.

Kasıblara qurban verməsək...

Bəzən elə olur ki, insanlar bayramın mahiyyətini unudaraq, sanki bir-biriləri ilə ət mübadiləsi edirlər. Müsahibimiz bildirdi ki, bu, məqsədəuyğun deyil: “Ətrafdakı kasıblara qurban ətindən vermək mütləq savabdır. Verilməsə də, qurban hesab olunur. Lakin kasıblara ət verməmək qurbanın əsas mahiyyətinə uyğun deyil. Bu bayramın əsas mahiyyəti budur ki, bütün təbəqədən olan insanlar sevinsin. Hər bir müsəlmanın da borcudur ki, əgər imkanı çatırsa, kasıb insanlara kömək göstərsin”.

İnsanlar sosiallaşır, təbəqələşmə itir

İlahiyyat üzrə fəlsəfə doktoru bayramın mahiyyətindən də danışdı: “Qurban bayramında birincisi, insanlar sosiallaşır. Zənginlər kasıbların halından anlayır. Qurban əti 3 yerə bölünür. Bir qismini insan öz ailəsi ilə birlikdə yeyir. Bununla ailə içərisində sosiallaşma baş verir. İkincisi, qohum-əqrəba ilə münasibətlər düzəlir. Çünki ətin bir hissəsi qohumlara verilir. Onlarla daha yaxın münasibət qurulur. Üçüncüsü isə kasıb təbəqədən olan insanlara, ehtiyac sahiblərinə başda ət olmaqla qida məhsulları paylanılır. Bununla da Qurban bayramı cəmiyyətin müxtəlif təbəqələrinin bir-biri ilə olan münasibətini daha da yaxşılaşdırır”. 

Dünyada Qurban bayramı

Ümumiyyətlə, Qurban bayramı əhalisi müsəlman olan ölkələrin hamısında qeyd edilir. Bəzi ölkələrdə bayrama milli koloritlər də qatılır. Qardaş Türkiyədə müsəlmanlar müqəddəs bayrama bir neçə həftə qalmış hazırlıqlara başlayırlar. Ölkənin bəzi rayonları üçün bayramdan əvvəl qeyri-adi ayinlərin keçirilməsi səciyyəvidir: əvvəlcə qoyunu yuyur, daha sonra onu xına ilə boyayır, lentlər və zınqırovlarla bəzəyirlər.

Mərakeş sakinləri də bu günü dini və ailəvi mühitdə keçirirlər. Onlar Mərakeş milli xörəklərini bişirir, milli geyimlərini geyinirlər. Bayram namazından sonra ölkə müsəlmanları qohumları və yaxınlarının evlərinə qonaq gedirlər.

Əfqanıstanda Qurban bayramının qeyd edildiyi üç gün ərzində sakinlər dincəlirlər. Bayramın birinci günündə səhər tezdən hamı bayram namazı qılmaq üçün məscidə yollanır. Bu üç gün ərzində əfqanıstanlılar qohum və dostlarının evlərinə gedirlər. Lakin bu günlərdə evdə kiminsə qalması mütləqdir, çünki evə əziz qonaqlar gələ bilərlər.

Misirdə bayram günlərində küçələrdə bəzədilmiş süfrələr açılır. Oradan keçən hər kəs təqdim edilən xörəklərin dadına baxa bilir.

Zərif Salmanlı 

banner

Oxşar Xəbərlər