• cümə axşamı, 25 aprel, 20:23
  • Baku Bakı 21°C

Bu, ölkəmizin nüfuzundan qaynaqlanır – ŞƏRH

27.05.23 03:45 378
Bu, ölkəmizin nüfuzundan qaynaqlanır – ŞƏRH

Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında ilk dəfə iştirakı Azərbaycanın bütövlükdə Avrasiyadakı nüfuzundan və oyundəyişdirici rolundan qaynaqlanır. Mövcud geosiyasi şərtlərdə Avrasiya Avropa və Asiyada təkcə coğrafi olaraq bölünməyib, həm də siyasi qütbləşmə getdikcə dərinləşir. Xüsusilə Ukrayna müharibəsindən sonra bunun kəskinləşdiyini müşahidə edirik.

Hər iki cinah öz cəbhəsini genişləndirmək istiqamətində addım atır və hər iki cinahda birtərəfli siyasi xətt üstünlük təşkil edir, yəni, bu cəbhələrin birində təmsil olunan hansısa dövlət xarici siyasətini də həmin cəbhənin ümumi maraqlarına uyğun qurmaq məcburiyyətindədir. Azərbaycan bu coğrafiyada nadir ölkələrdəndir ki, xarici siyasətini öz milli maraqlarına uyğun həyata keçirir və hər iki cəbhə üçün əhəmiyyətli ölkədir. Bu da ölkəmizə oyundəyişdirici güc olmaq imkanı verir. Bu mənzərə Prezident İlham Əliyevin strateji addımları nəticəsində ortaya çıxıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı söyləyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasına qonaq qismində rusiyalı həmkarı Vladimir Putin tərəfindən dəvət olunması xüsusilə diqqət çəkir. Bu, Azərbaycan və Rusiya liderlərinin şəxsi dostluq münasibətlərinin səviyyəsindən xəbər verir. Eyni zamanda, Rusiya üçün Azərbaycanın əhəmiyyətini göstərən nümunə də hesab edilə bilər. Ali Avrasiya İqtisadi Şurası Rusiya üçün yeni dünya nizamında mövqelərini gücləndirmək baxımından vacib platformadır. Təbii ki, Rusiya Azərbaycanın bu platformada təmsil olunmasında maraqlıdır. Azərbaycan isə milli maraqlarına uyğun formada belə əməkdaşlığa həmişə açıqdır. Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirakı göstərir ki, Qərb ölkələri ilə bərabərhüquqlu münasibətlərə üstünlük verən və əməkdaşlığı dərinləşdirən Azərbaycan Asiya coğrafiyasında da eyni strategiya tətbiq edir.

Siyasi şərhçinin sözlərinə görə, Ali Avrasiya İqtisadi Şurasında təmsil olunan ölkələr Ermənistan istisna olmaqla, Azərbaycanla yüksək münasibətlərə malikdir. O cümlədən bu ölkələr arasında Türk Dövlətləri Təşkilatında və Şanxay Əməkdaşlıq Təşkilatında yer alanlar var. Azərbaycan bu ölkələrlə həm ikitərəfli, həm də bu təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Bu baxımdan, Ali Avrasiya İqtisadi Şurası Azərbaycan üçün yad platforma deyil. Prezident İlham Əliyevin Şuranın iclasında ilk dəfə iştirakı Azərbaycana əməkdaşlıq imkanlarını daha da genişləndirmək imkanı verəcək.

“Bu platformada iştirak, həmçinin Azərbaycan-Ermənistan danışıqları fonunda əhəmiyyətlidir. Ermənistan indiyə qədər eyni ittifaqda yer aldığı ölkələrin Azərbaycana qarşı mövqe sərgiləməsinə cəhd edib, lakin bu, istər Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə, istərsə də 44 günlük müharibədən sonra, heç vaxt baş tutmayıb. Bunun səbəbi də məhz Azərbaycanın bu ölkələrlə dərin əməkdaşlıq qurmasıdır. Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli danışıqları ərəfəsində Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasında iştirakı mövqelərimizin güclənməsi, o cümlədən Ermənistanın manevr imkanlarının azalması baxımından əhəmiyyətlidir”, - deyə Asif Nərimanlı vurğulayıb.

banner

Oxşar Xəbərlər