Boşanmıram, əl çəkin!

Son dövrlərdə boşanma ərəfəsində olan cütlüklərin psixoloqa müraciəti artıb və bu müraciətlər nəticəsində onların təxminən iyirmi faizi boşanmaq fikrindən daşınıb. Ekspertlər qeyd edirlər ki, bu, çox ciddi və ümidverici göstəricidir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 10350 boşanma qeydə alınıb. Statistikaya görə, 2025-ci ilin ilk yarısında ölkədə nikahların sayı artıb, boşanmalar isə azalıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2,1-dən 2,0-a düşüb. Ümumiyyətlə, boşanmaların kökündə nə dayanır? Hansı faktorlar bu azalmaya təsir edir?
“Ailə modeli ilə bağlı təsəvvürlər yenilənib”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, bu gün cəmiyyətlərin bir-birinə inteqrasiyası fonunda ideal ailə modeli ilə bağlı təsəvvürlər yenilənib: “Artıq ailəyə yanaşmanın daha müstəqil aspektdə varlığını müşahidə edirik. Təbiidir ki, ailə ən azı iki insanın birliyi olduğundan, burada fərqli baxışların mövcudluğu labüddür. Çünki həyatın və birgəyaşayışın bütün sferalarının məcmusunda tam eyni yanaşma və baxışlar praktiki mümkün deyil. Bu baxış və yanaşmalardakı fərqlər problemlərin yaranmasına səbəb olur. Başqa sözlə desək, belə intensiv qarşılıqlı münasibətlər zəminində mübahisələr, münaqişələr qaçılmazdır”.
Stressə dayanıqlılıq, emosional sabitlik, sosial şəbəkədən asılılıq
Komitə rəsmisi bildirir ki, ailədə ünsiyyət problemləri qaçılmaz olsa da, bunları sağlam və konstruktiv şəkildə həll etmək mümkündür: “Aktiv dinləmə, empatiya, hisslərin açıq ifadəsi və mütəmadi müzakirələr ailədə möhkəm bağların və emosional yaxınlığın əsasını təşkil edir. Bu gün ailə institutuna təsir edən problemlərin əsasında insanların ailə institutuna münasibətindəki dəyişən yanaşması, sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır. Cəmiyyət həyatında baş verən yeniliklər bütün dövrlərdə olduğu kimi müasir dövrdə də ailənin məqsədlərinə, yaşam tərzinə, ümumilikdə birgəyaşayış prinsiplərinə təsirini göstərir. Müasir ailə modelində stressə dayanıqlılıq, tərəflər arası emosional sabitlik və problemin həll etmə bacarığının getdikcə azalması, sosial şəbəkələrdən asılılıq, ailədə asudə vaxtın düzgün təşkil olunmaması kimi bir çox səbəblər ailədaxili problemlərə və ailə institutunun zəifləməsinə gətirib çıxardan əsas amillərdəndir”.
Mediada işıqlandırılan ailə modeli
Həmsöhbətimiz deyir ki, bu gün informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin insan həyatına daxil olması gənclər arasında intellektual səviyyənin artmasına, onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərsə də, bəzən sadalanan amillər ailədə ənənəvi bağlılığın zəifləməsinə səbəb olur: “Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Ailədaxili münasibətlərdə boşluqların aradan qaldırılması, bir çox neqativ halların profilaktikası, ailə üzvlərinin sağlamlığının qorunması üçün ailələrin maarifləndirilməsi, mədəni-estetik inkişafı və onlar arasında müsbət stereotiplərin təbliği önəmlidir. Bu gün mediada işıqlandırılan ailə modeli geniş auditoriyanın təsəvvüründə ailə ilə bağlı müsbət və mənfi obrazlar yaradaraq, cəmiyyətdə müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır”.
Maarifləndirici layihələr, sorğular, təhlillər...
Boşanmaların azalmasına gəldikdə isə, L.Mahmudova bildirir ki, statistik göstəricilər daim yenilənir və zamanla dəyişir. Hazırda nikah və ya boşanma hallarının artması və ya azalması barədə fikir söyləmək tezdir: “Lakin ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir və maarifləndirici işlərin gücləndirilməsinə xüsusi önəm verilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə institutunun qorunması və möhkəmləndirilməsi istiqamətində çoxşaxəli və genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu fəaliyyətlərə valideyn-övlad münasibətlərinin sağlam şəkildə inkişafı, ailədaxili sosial-mənəvi məsuliyyətin artırılması, ailədə sağlam psixoloji mühitin təmin olunması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi daxildir. Eyni zamanda, müasir dövrün neqativ tendensiyalarının qarşısının alınması məqsədilə maarifləndirici layihələr reallaşdırılır, sorğular, araşdırmalar və təhlillər aparılır. Əldə olunan nəticələr əsasında isə məqsədyönlü addımlar atılır. İctimai maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər sırasında hazırlanan sosial çarxlar və nəşr olunan maarifləndirici vəsaitlər xüsusi əhəmiyyət kəsb edir”.
“İyirmi faiz ailə boşanmaq fikrindən daşınıb”
Sosioloq Nailə İsmayılova düşünür ki, boşanmaların sayının azalması qanunvericilikdə edilən dəyişikliklərlə bağlıdır: “Ailə Məcəlləsinə edilən dəyişikliklər artıq cəmiyyətə təsir etməyə başlayıb. Eyni zamanda nikah yaşının qanunla aşağı salınmasına verilən imkanın aradan qaldırılması da bu prosesə təsir edib. Erkən nikahlarla daha ciddi mübarizə, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə olunan müddəalar, eləcə də yaxın qohumlar arasında nikahın qadağan olunması bu göstəricilərə təsir edən əsas səbəblərdir”.
Sosioloqun sözlərinə görə, hüquqi dəyişikliklər yalnız erkən və riskli nikahların qarşısını almaqla kifayətlənmir, eyni zamanda artıq ailə quran insanların da evliliyə məsuliyyətli yanaşmalarına səbəb olur: “Bu dəyişikliklər və ümumi ictimai maariflənmə tendensiyası ailə qurmaq istəyənlərin daha dərindən düşünərək münasibətə daxil olmalarına şərait yaradır. Bundan əlavə, son dövrlərdə boşanma ərəfəsində olan cütlüklərin psixoloqa müraciəti artıb və bu müraciətlər nəticəsində onların təxminən iyirmi faizi boşanmaq fikrindən daşınıb. Bu, çox ciddi və ümidverici göstəricidir”.
Sosial şəbəkələrə nəzarət
Mütəxəssis vurğulayır ki, boşanmaların azalmasında sosial şəbəkələrə nəzarət və maarifləndirmə tədbirləri mühüm rol oynayır: “Boşanma səbəbləri arasında sosial şəbəkələrin təsiri hər zaman vurğulansa da, son dövrlərdə aparılan müşahidələr göstərir ki, bu platformalara nəzarətin artması boşanmalara müəyyən qədər təsir edib. Bu tədbirlər yalnız boşanmaların deyil, qohum evliliklərinin, erkən nikahların və ailədaxili məişət zorakılığının qarşısının alınmasında da müsbət rol oynayıb”.
Aygün Əziz
