• cümə, 03 May, 13:19
  • Baku Bakı 20°C

Barıt qoxusundan azad Füzuli - REPORTAJ

12.08.23 01:30 8034
Barıt qoxusundan azad Füzuli - REPORTAJ

Artıq işğaldan azad olunmuş torpaqlarımıza dinc həyat, dirçəliş geri qayıdır. Füzuli də çiçəklənən bir guşəyə çevrilir. Buradan barıt qoxusu çəkilməkdə, çiçəklərin xoş rayihəsi qayıtmaqdadır. Tezliklə, indi boş görünən küçələrdən uşaq səsləri eşidiləcək. Yeni evlərə gündəlik həyat qayğıları dolacaq. Vətən öz yaralarını saracaq...

Bu, Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilən, Bakıdan 364 km məsafədə yerləşən Füzuliyə ikinci səfərimiz idi. 2021-ci ilin aprelinə təsadüf edən ilk səfərimiz zamanı Füzulidən barıt qoxusu sanki çəkilməmişdi hələ. Yolboyu şahidi olduğumuz erməni vandallığı bizi dərindən sarsıtmışdı. Düşünürdük ki, görəsən, bu torpaqlara yenidən həyat qayıdacaqmı? Barıt qoxusu çəkiləcəkmi? Bir zamanlar olduğu kimi, bu yollardan xoşbəxt toy karvanları keçəcəkmi? Beləliklə, yolumuz yenidən Füzuliyədir...

Qısa arayış

Füzuli rayonu 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad olunur. 2020-ci il 17 oktyabr tarixində Ordumuzun qəhrəmanlığı ilə Füzuli rayonu işğaldan tam azad olunub. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlikdə yerləşən bu rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Ümumi ərazisi 1386 km², əhalisi isə 144 min nəfərdir. 

Buraya artıq yeni bir nəfəs gəlir

İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev də çıxışlarının birində bildirmişdi ki, Füzulidə bir dənə də olsun salamat bina yox idi: “Hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq”. 
İndi isə, İ.Əliyevin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə verdiyi tapşırığa əsasən, Qarabağda bərpa, tikinti işləri başlayıb. Budəfəki səfərimizdə gördüklərimiz də bizləri heyran etdi. Füzuliyə artıq yeni bir nəfəs gəlir. 

38 çoxmərtəbəli bina inşa edilir

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov ilə birgə Füzulidə aparılan bərpa-quruculuq işləri ilə tanış oluruq. Onun sözlərinə görə, digər rayonlarımız kimi Füzulidə də işğaldan sonra əvvəlcə mina və partlamamış hərbi sursatlardan təmizlənmə işlərinə başlanılıb: “Ən zəruri infrastrukturun qurulması istiqamətində işlərə start verildi. Qısa zamanda Füzulidən keçən Zəfər yolu və Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Şəhər ərazisində 110/35/10 kilovoltluq yarımstansiyanın qurulması və fəaliyyətə başlaması da ilk mərhələdə görülən işlərdəndir. Qısa zamanda Füzuli-Hadrut yolu da yenidən tikildi. Hazırda Füzulidə böyük layihələrin icrası davam edir. Şəhərin baş planına uyğun olaraq mərkəzdə, Zəfər yolunun kənarında yaşayış məhəllələri salınır. 38 çoxmərtəbəli bina inşa edilir. 846 mənzildən ibarət binalar 4, 5, 6 və 7 mərtəbəli olacaq. Mənzillərin 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlıdır. Bütün binalar yeraltı dayanacaqla və liftlə təmin olunur”.

İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır

Şəhərdə daxili yol-küçə və kommunikasiya şəbəkəsinin qurulması istiqamətində də quruculuq işləri sürətlə həyata keçirilir. Baş plana görə şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi deyir ki, ilkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır: “Hazırkı mərhələdə 2,2 km hissədə şəhərdaxili yol və kommunikasiya xətləri çəkilir. Birinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44, ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34, ümumşəhər əhəmiyyətli küçə və yolların eni 24, yerli əhəmiyyətli küçə və yolların eni isə 20 metrdir. Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılır. Prospektlər dördzolaqlı, küçə və yollar isə ikizolaqlı olmaqla tikilir”.

Özbəklərdən Füzuliyə məktəb hədiyyəsi 


 Qarabağ onun dirçəldilməsində töhfə verəcək hər kəsə qapısını açıb desək, yanılmarıq. Belə ki, hazırda Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb inşa edilir. Təhsil ocağında 960 nəfər şagird təhsil ala biləcək. Artıq təhsil ocağında son tamamlama işləri görülür. Yaxın günlərdə məktəb binasının açılışı gözlənilir. Tezliklə Füzulidə 30 ildən sonra ilk dərs zəngi çalınacaq... 
L.Sarabi vurğulayıb ki, üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir: “Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. 

Kurmanqazı adına Uşaq Yaradıcılığı İnkişafı Mərkəzi

Qazaxıstan tərəfindən isə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılığı İnkişafı Mərkəzi inşa edilir. Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməli bu ilin mart ayında qoyulub. Layihəyə əsasən, incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşir. Mərkəzin tikinti sahəsi 2708 kvadratmetrdir. Bina ikimərtəbəli olacaq. Hazırda binada dəmir-beton işləri başa çatdırılıb, dam örtüyü vurulub. Daxilində hörgü və suvaq işləri görülür. 

Əsas binadan əlavə, paralel olaraq həyətdə yardımçı tikililərin də inşası aparılır. Bu mərkəzdə hər biri 300 nəfərdən olmaqla növbəli şəkildə 600 nəfər şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq. Burada şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltəraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır”. Füzulidə uşaq bağçasının inşasına da başlanılır. 

Su anbarları yenidən qurulur

Azad torpaqlarda quruculuq işləri bütün sahələri əhatə edir. Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları mövcuddur. 30 il baxımsız qaldığı üçün hər üç anbar qəzalı vəziyyətə düşüb. Buna görə də anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, sel ötürücü kanallarda təmir işləri həyata keçirilib. İşlər paralel olaraq hər üç anbarda aparılır.

Sentyabr ayına kimi Füzuliyə köç planlaşdırılır. İlkin mərhələdə 144 ailə köçürüləcək.

Binaların inşasında çalışan işçilər də burada həvəslə işləyirlər. Deyirlər ki, Qarabağda işləmək qürurdur: “Hava şəraiti isti olsa da, biz çalışırıq ki, işləri vaxtında bitirək. Öz evindən didərgin düşənlər doğma torpaqlarına qayıtsınlar”.

Beləliklə, işğaldan azad olunmuş torpaqlarımıza dinc həyat, dirçəliş geri qayıdır. Füzuli də çiçəklənən bir guşəyə çevrilir. Buradan barıt qoxusu çəkilməkdə, çiçəklərin xoş rayihəsi qayıtmaqdadır. Tezliklə, indi boş görünən küçələrdən uşaq səsləri eşidiləcək. Yeni evlərə gündəlik həyat qayğıları dolacaq. Vətən öz yaralarını saracaq...

İlhamə Əbülfət

banner

Oxşar Xəbərlər