• şənbə, 06 Sentyabr, 13:48
  • Baku Bakı 26°C

Bapbalaca boyu var, dam dolusu riski

06.09.25 01:02 132
Bapbalaca boyu var, dam dolusu riski

Keyfiyyətsiz göbələk daha çox qida toksiki infeksiyaları, allergik problemlər yaradır. Amma zəhərli göbələklər qısa müddətdə öldürə bilir. Göbələkdən zəhərlənmə olduğunu hiss edən kimi yubanmadan təcili yardım çağırılmalıdır.

Tez-tez göbələkdən zəhərlənmə hallarına dair məlumatlar eşidirik. Bəzən ölümlə nəticələnən hadisələrə də rast gəlirik. Bu qida həm marketlərdə kütləvi şəkildə satılır, həm də mövsümi dövrlərdə açıq şəkildə bazarlarda, küçələrdə, yol kənarlarında satıldığını görürük. Bir çox hallarda insanlar açıq halda satılan göbələkləri almağa üstünlük verirlər. Bəs mütəxəssislər nə deyir? Göbələyi haradan və necə alsaq həm özümüzü, həm də yaxınlarımızı zəhərlənmə təhlükəsindən qoruya bilərik? Göbələk seçərkən diqqət edilməli məqamlar hansılardır?

Bu göbələkləri almaq heç bir təhlükə yaratmır

Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, marketdən göbələk alanda diqqətli olmaq lazımdır: “Marketlərdən mədəniləşdirilmiş şampinyon göbələklərini almaq heç bir təhlükə yaratmır. Onlarda zəhərlənmə ehtimalı sıfıra bərabərdir. Sadəcə diqqət etmək lazımdır ki, göbələk düzgün şəraitdə saxlanılsın. İstehlakçılar aldıqları göbələyin qoxusuna da diqqət etsin. Şirə salmış, rəngi dəyişmiş, qaralmış göbələk almasınlar. Normal göbələk ağ rəngdə olmalıdır. Göbələyi aldıqdan sonra evdə də uzun müddət saxlamaq olmaz. Üç gün ərzində istehlak edilməlidir”. 

Ekspert göbələyin bişirilmə qaydasına da aydınlıq gətirdi: “Göbələyi bişirilən zaman şirə salmamasına, rəngini dəyişməməsinə diqqət edilməlidir. Yüksək atəşdə təcili bişirilməlidir. Yanında qatıq və digər süd məhsulları ilə yeyilə bilər. Amma göbələk yeyərkən alkoqol istifadəsi zəhərlənmə riskini artırır”. 

“Qatıq və digər süd məhsullarından istifadə çıxış yolu deyil”

A.Salamovun fikrincə, Bakıya rayonlardan gətirilən göbələyi almaq risklidir: “Çünki çox zaman meşədən səhvən şampinyon əvəzinə solğun əzvay göbələyi yığırlar. Bu göbələk zəhərli olduğundan, yedikdə ölümlə nəticələnə bilər. Əksər hallarda satıcılar tanımır, sadəcə satış məqsədilə yığıb satırlar”. 

Mütəxəssisin sözlərinə görə, göbələk turşusu da təhlükəlidir: “Hansı ki, bir çoxunun üzərində tarixi də olmur. Bazarlarda belə məhsullara rast gəlmək mümkündür. Hansı ki, meşədən toplayıb kustar üsulla hazırlayırlar”. 

Ekspertin fikrincə, göbələkdən zəhərlənmə zamanı qatıq və digər süd məhsullardan istifadə etmək çıxış yolu deyil. Ən düzgün yol xəstəxanaya müraciət etməkdir. 

“Həzm olunması çətin qidadır”

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova bildirdi ki, göbələk yeyərkən maksimum ehtiyatlı olmaq lazımdır: “Marketlərdə satılan, süni şəkildə yetişdirilən göbələklər zəhərsizdir. Amma bişirdikdən sonra mütləq yeyilməlidir, digər günlərə saxlanılmamalıdır. Göbələk həzmi çətin qidadır. Mədə-bağırsaqda, mədəaltı vəzində, öd kisəsində, həzm sistemində problem olan xəstələrin göbələk yeməsi məsləhət görülmür. Beş yaşına kimi uşaqlara verilməsi də düzgün deyil. Yaşlı insanların da istehlakını məsləhət görmürük”. 

Həkimin fikrincə, zəhərli göbələyi sadəcə yemək deyil, ona toxunmaq da böyük faciələrə səbəb ola bilər: “Yay aylarında insanlar rayonlara istirahətə gedirlər. Hansısa restoranda göbələk sifariş edəndə mütləq mənbəyi ilə maraqlansınlar. Hətta zəhərli göbələyə sadəcə toxunsaq belə mütləq əlləri yumaq lazımdır. Uşaqlara başa salmaq lazımdır ki, həyətdə, küçədə göbələk gördükləri zaman qəti şəkildə toxunmasınlar”.

“Ölümə gətirib çıxara bilər”

A.Məmmədovanın sözlərinə görə, bu il göbələkdən zəhərlənmə baş verməyib, ölüm halı qeydə alınmayıb: “Amma mədə-bağırsaq pozğunluğu olan xəstələr tez-tez müraciət edirlər. Əksər hallarda müraciət edənlər deyirlər ki, bu gün bişirdik, sabah yedik. Göbələk çox ağır fəsadlara səbəb olur. Zəhərlənmə halında xəstəxanaya nə qədər tez müraciət edilsə, risk o qədər az olar”.  

“Allergiyası olan şəxslər göbələkdən istifadə etməməlidirlər” 

Terapevt Fəxriyyə Əhmədovanın fikrincə, göbələyi əsasən ev şəraitində hazırlamalı və mütləq qaynatmalıyıq: “Açıq satışda olan, yol kənarında satılan göbələklərdən uzaq durmaq lazımdır. Alarkən qablaşdırılmasına, tarixinə, görünüşünə diqqət etməliyik. Göbələyi bişirərkən 3-5 dəqiqəlik suda qaynatmaq doğru addımdır. Həmin suyu atdıqdan sonra bişirə bilərik. Bu zaman tərkibindəki toksinlər funksiyasını itirir. Bununla təhlükəni minimuma endirmiş olarıq. Çalışaq göbələyi ev şəraitində hazırlayaq”. 

F.Əhmədovanın sözlərinə görə, bu mövsümdə göbələklə bağlı daha çox allergik problemlərə rast gəlinir: “Göbələk yedikdən sonra dəridə səpgilər, qaşınma, övrə kimi əlamətlər olur. Mart ayından bəri belə hallarla çox qarşılaşırıq. Allergiyası olan şəxslər göbələkdən istifadə etməməlidirlər”.

“Özbaşına müalicə ağırlaşmalara səbəb ola bilər”

Terapevt bildirir ki, keyfiyyətsiz göbələk daha çox qida toksiki infeksiyaları, allergik problemlər yaradır. Amma zəhərli göbələklər qısa müddətdə öldürə bilir. Göbələkdən zəhərlənmə olduğunu hiss edən kimi yubatmadan təcili yardım çağırılmalıdır. Mədə-bağırsaq təmizlənməlidir. Stasionar şəraitdə zəhərlənmə əlamətləri daha tez aradan qaldırılır. Özbaşına müalicə daha da ağırlaşmalara səbəb ola bilər. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər