• şənbə, 18 Oktyabr, 09:01
  • Baku Bakı 16°C

Baku TV və "Özbəkistan 24" əməkdaşlıq memorandumu imzalayıb

17.10.25 16:35 232
Baku TV və "Özbəkistan 24" əməkdaşlıq memorandumu imzalayıb

Memorandum qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında media və mədəni əməkdaşlığın inkişafına yeni nəfəs gətirəcək. Dostluq və qardaşlıq münasibətlərimizin informasiya müstəvisində daha da möhkəmlənməsinə töhfə verəcək.

Azərbaycanın aparıcı televiziya kanallarından biri olan Baku TV və Özbəkistanın nüfuzlu televiziya kanalı "Özbəkistan 24" arasında 2025-ci il 17 oktyabr tarixində Daşkənd şəhərində əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Baku TV-nin direktoru Ramin Cəfərov və "Özbəkistan 24" kanalının rəhbəri Məmədəmin Səfərov imzalayıblar. İmzalanma mərasimində "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak ediblər.

Media əməkdaşlığının inkişafında yeni mərhələ

Səfir Hüseyn Quliyev qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edir. Bu memorandum dostluq və qardaşlıq münasibətlərimizin informasiya müstəvisində daha da möhkəmlənməsinə töhfə verəcək.

Bu memorandum Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığının inkişafında yeni mərhələnin əsasını qoyur. Sənəd televiziya və informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini, peşəkar təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini və informasiya dəstəyinin gücləndirilməsini nəzərdə tutur.

İnformasiya mübadiləsinin sürəti artacaq

Tədbirdə çıxış edən Orxan Məmmədov bildirib: "Bu memorandum qardaş ölkələr arasında media və mədəni əməkdaşlığın inkişafına yeni nəfəs gətirəcək. Baku TV və "Özbəkistan 24" kimi nüfuzlu kanalların birgə fəaliyyəti həm xəbərin keyfiyyətini, həm də informasiya mübadiləsinin sürətini artıracaq. İnanırıq ki, bu əməkdaşlıq hər iki ölkənin informasiya məkanını daha da zənginləşdirəcək."

2018-ci ildən fəaliyyət göstərən Baku TV, "Global Media Group"un tərkibinə daxil olan televiziya kanalıdır. Beş dildə xəbər istehsal edən kanal peyk, kabel və rəqəmsal platformalar vasitəsilə həm Azərbaycanda, həm də xaricdə geniş izləyici auditoriyasına malikdir.

Son illərdə sürətli inkişaf nümayiş etdirən Baku TV-nin videolarına 2024-cü ildə "YouTube" platformasında 1 milyard 168 milyondan çox baxış qeydə alınıb. Kanal fəaliyyəti boyunca beynəlxalq idarəetmə standartlarına əsaslanır və ISO 9001, ISO 14001 və ISO 45001 sertifikatlarına malikdir.

Müxtəlif maarifləndirici və ictimai əhəmiyyətli layihələri ilə seçilən Baku TV bu gün ölkənin ən çox izlənilən kanallarından biridir. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

banner

Oxşar Xəbərlər