• cümə axşamı, 01 may, 07:36
  • Baku Bakı 10°C

Bakının azad edilməsi Azərbaycanın xilası oldu

17.09.22 03:45 1385
Bakının azad edilməsi Azərbaycanın xilası oldu

1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan Tiflisdə öz dövlət müstəqilliklərini elan etdilər. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı Yerevan oldu. Bakı şəhəri Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri tərəfindən işğal edildiyindən Azərbaycanın müvəqqəti paytaxtı Gəncə seçildi. Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaşatmaq və onu real dövlət qurumuna çevirmək dövrün ən çətin problemlərindən biri idi. Əvvəlcə Azərbaycan dövləti özgə bir ərazidə elan olunmuşdu. İkincisi, AXC-nin öz torpaqlarını qoruya biləcək ordusu yox idi. Üçüncüsü, Azərbaycan xalqına düşmən olan, torpaqlarımızı işğal edən və Bakını özünə paytaxt seçən Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti 20 mindən artıq silahlı qüvvəyə malik idi. Dördüncüsü, Azərbaycandakı mövcud siyasi, iqtisadi və hərbi durum o qədər mürəkkəb idi ki, qısa zaman kəsiyində bu problemlərin öhdəsindən gəlmək qeyri-mümkün idi. Beşincisi, sovet Rusiyası Bakı neftindən yararlanmaq üçün, nəyin bahasına olursa-olsun, Azərbaycanı əlində saxlamağa cəhd göstərirdi. Həmçinin Birinci Dünya müharibəsində bir-birinə düşmən olan İngiltərə və Almaniya Azərbaycanla bağlı müxtəlif planlara malik idilər. Bundan əlavə, çar Rusiyasından Azərbaycana qalan miras hərbi xidmətdən və silah daşımaqdan məhrum edilən əhali və primitiv qaydada mövcud olan dağınıq təsərrüfat idi.

Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh müqaviləsi imzalandı. Gürcüstan və Ermənistanla imzalanan müqavilədən fərqli olaraq, Azərbaycanla bağlanan müqavilə daha uyğun və xalqımızın xeyrinə idi. Müqavilədə Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə, Osmanlı dövlətinin burada intizam və asayişi təmin etmək üçün əsgəri yardım göstəriləcəyi vurğulanırdı.

Bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru professor Anar İsgəndərovun “Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası” sərlövhəli məqaləsində yer alıb. Kaspi.az məqaləni təqdim edir.

1918-ci il fevralın 16-da Ənvər Paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Əmrdə həmin bölgələrə dəyanətli və vətənpərvər zabitlərin göndərilməsinin məqsədəuyğun olduğu qeyd edilirdi. Ənvər paşanın qardaşı polkovnik-leytenant Nuru Paşa Tehran Mərkəzi Heyətinin rəhbəri təyin edildi. Polkovnik-leytenant Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil Paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Ənvər Paşa Qafqazda türk və müsəlman əhalinin yaşadığı bölgələrdə təşkilatların yaradılması və bu xalqların nümayəndələrindən ibarət İslam ordusu təşkil etmək üçün podpolkovnik Nuru bəyin təşkil etdiyi nümayəndə heyətini Azərbaycana göndərməyi məsləhət gördü. Birləşməyə Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı duyuq salmamaq məqsədi daşıyırdı.

Nuru Paşanın 300 nəfərlik zabit heyəti çətin yol şəraitini dəf edərək mayın 9-da Təbrizə girdi. Nuru paşanın zabit heyəti mayın 12-də Savucbulaq-Təbriz-Alacücə yolu ilə hərəkət edərək, mayın 20-də Araz çayına çatdı.

Nuru Paşanın dəstəsi Azərbaycanın Zəngəzur bölgəsində yerli əhali böyük sevinc və rəğbət hissi ilə qarşıladı. Dəstənin Zəngəzura çatdığı vaxt erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı təcavüzkarlığı amansız şəkil almışdı. Bu təcavüzkarlığın qarşısını almaq və yerli əhalidən müqavimət dəstələri yaratmaq üçün Nuru Paşa bir neçə türk zabitini həmin bölgədə saxladı. Bir neçə türk zabiti isə Naxçıvan və Ordubad bölgələrinə göndərildi.

Qafqaz İslam Ordusunu Yevlaxda böyük təntənə ilə qarşıladılar

Nuru Paşa Cəbrayıl-Ağdam-Tərtər marşrutu ilə Yevlaxa gəldi. Mayın 24-də onu Yevlaxda böyük təntənə ilə qarşıladılar. O, Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını istəyirdi. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması onu qərargahın Gəncədə təşkil olunmasına məcbur etdi.

Nuru Paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Az vaxt ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi.

Nuru Paşa Azərbaycana gəlməmişdən bir az əvvəl ölkənin müxtəlif bölgələrində ermənilərə qarşı mübarizə aparmaq üçün könüllü silahlı dəstələr təşkil edilmişdi. Bu dəstələrin başında I Dünya müharibəsi illərində əsir düşmüş və Azərbaycana gətirilən türk zabitləri dayanırdı. Nuru Paşanın Azərbaycana yürüşü ərəfəsində azərbaycanlılardan təşkil olunmuş korpusda şəxsi heyətin sayı həddən artıq az idi. Korpusda cəmi 1000 nəfərə qədər əsgər və zabitin yarısı türk əsirlərindən təşkil olunmuşdu. Beləliklə, Nuru Paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu. Bununla bağlı o, Ənvər Paşaya müraciət edərək Azərbaycanda mövcud olan qüvvələrlə Qafqaz İslam Ordusunun komandanlığı qarşısında qoyulan vəzifələrin həllinin qeyri-mümkün olduğunu bildirdi.

Nuru Paşa Azərbaycanda siyasi vəziyyətin nə qədər ağır olduğunu Gəncəyə gəldikdən sonra daha yaxşı anlayırdı

Nuru paşa Azərbaycanda siyasi vəziyyətin nə qədər ağır olduğunu Gəncəyə gəldikdən sonra daha yaxşı anlayırdı. Nuru Paşa yaxşı dərk edirdi ki, Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərk-silah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etmək onun bir nömrəli vəzifəsi idi.

Həmin vaxt Gəncədə 20 mindən artıq erməni yaşayırdı. Şübhəsiz, şəhərin şərq hissəsində yerləşən ermənilər türk qoşunlarının Azərbaycana gəlməsi və Gəncədə qərargah yaratmaları ilə razılaşa bilmirdilər. Onlar Bakı Soveti qüvvələrinin Gəncəyə doğru sürətli hərəkətinin intizarında idilər. Gəncənin şərq hissəsində yaşayan ermənilər 600 nəfərlik silahlı dəstəyə malik idilər. Həmin silahlı dəstənin ixtiyarında hər cür atıcı silahlar, o cümlədən pulemyotlar və hərbi təchizat var idi.

Gəncə ermənilərinin tərk-silah edilməsinə iyunun 10-dan başlanıldı. İyunun 11-də Nuru Paşa tərəfindən yaradılan Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı. Türk süvari alayının əsgər və zabitləri döyüşqabağı mövqe tutaraq 4 erməni müşahidəçisini və keşikçisini əsir götürdülər. İki türk zabiti erməni məhəlləsinə gedərək onlara tərk-silah olunmağın zəruriliyini anlatdı. Ermənilər heç bir təklifi qəbul etmədilər və zabitləri atəşə tutdular. Sonra da bütün gücü ilə hücuma keçərək türk qüvvələrini mühasirəyə almağa cəhd göstərdilər. Baş verən ağır döyüşün gedişində Gəncə dəstəsindən 13 nəfər öldürüldü, 7 nəfər isə yaralandı. Gəncə dəstəsinin bölmələri bir qədər geri çəkilsə də, etibarlı mövqe tutaraq erməni hücumunun qarşısını aldı. Türk Ordusu rəhbərliyi Yelenendorfdan olan bir alman vasitəsilə ermənilərə xəbər göndərdi ki, əgər atəşi dayandırıb təslim olmasalar, erməni məhəlləsi toplardan bombardman ediləcək. Bu xəbərdarlıqdan sonra saat 11 radələrində bir keşiş, 1 erməni zabiti və bir komissar əllərində ağ bayraq Gəncə dəstəsinin qərargahına gəldilər. Danışıqlardan sonra ermənilər tərk-silah olmağa razılıq verdilər. Lakin ermənilər bu vədlərinə əməl etmədilər. Axşam düşdüyü üçün əməliyyatın iyunun 12-də davam etdirilməsi qərara alındı. İyunun 12-də türklər tərəfindən atılan top atəşləri erməniləri təslim olmağa məcbur etdi. Türk qoşun hissələri 3 gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərk-silahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı

Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulması Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı. Gəncədə fəaliyyətə başlayan və Qafqaz İslam Ordusu tərəfindən müdafiə olunan milli hökumətin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun 8 saylı əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi.

Gəncəyə doğru hərəkətə başlamazdan əvvəl iyunun 6-da Korqanov əsgər və zabitlərə müraciətində deyirdi: “Siz Zaqafqaziyada fəhlə-kəndli inqilabının taleyini həll etməlisiniz. Əgər türk generalları qoşunları ilə Bakıya gəlsələr, sovet hakimiyyətini məhv edəcəklər. Ona görə də siz neft sənayesi mərkəzi Bakını sovet respublikası üçün qorumalısınız. Sizə Şimali Qafqazdan və Rusiyadan mümkün olan lazımi kömək gəlir və gələcəkdir”.

İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlandı. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qızıl ordu tərəfindən işğal olundu. Doğrudur, müsəlman və gürcü korpuslarının müştərək qüvvələri Bakı Soveti qoşununa müqavimət göstərməyə cəhd etdi. Lakin qüvvələr nisbəti bərabər olmadığına görə Bakı Sovetinin silahlı dəstələri heç bir çətinlik çəkmədən Gəncə istiqamətində yürüşlərini davam etdirirdilər. İyunun 16-da düşmən Qaraməryəm ətrafında İslam Ordusu ilə üz-üzə gəldi. Səhər saat 9-da başlanan döyüşdə düşmən qüvvələri azərbaycanlı, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Yeddi saat davam edən döyüşdə milli qüvvələr düşmənin Qaraməryəmə can atan hissələrinin qarşısını almağa səy göstərsələr də, buna nail ola bilmədilər. Böyük strateji əhəmiyyətə malik olan Qaraməryəm kəndi bolşevik-daşnaklar tərəfindən işğal edildi. İyunun 18-də Qaraməryəm ətrafında həlledici döyüşlər yenidən başlandı. Ciddi bir hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmədilər.

Qaraməryəm ətrafındakı ağır döyüşdən sonra bir neçə gün cəbhədə sakitlik yarandı. Bu sakitlikdən hər iki tərəf öz planlarına uyğun istifadə etməyə çalışırdı. Bakı Soveti qüvvələri Azərbaycan kəndlərinə daxil olaraq əhalidən bütün silahları toplayır, ərzaqlarını müsadirə edir, qoşqu heyvanlarını isə əllərindən alırdılar. Müqavimət göstərən əliyalın əhali yerindəcə güllələnirdi. Eyni zamanda, işğal altına alınan kəndlərin əhalisini türk qoşunları əleyhinə qaldırmaq üçün onların arasında xüsusi təbliğat dəstəsi fəaliyyət göstərirdi. Bolşeviklər Qızıl ordunun canlı qüvvələrinin sayını artırmaq məqsədilə 1893-1897-ci illərdə anadan olan qeyri-müsəlmanların çağırışını elan etdilər.

Qaraməryəm ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusu komandanlığında da ciddi təhlil olundu. Vəziyyətlə daha yaxından tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq, mövcud imkanları bütünlüklə səfərbər etmək üçün Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Müsəlman korpusunun komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy cəbhə xəttinə yola düşdülər. Göyçaya gələn Nuru Paşa, təkcə hərbiçilərlə deyil, yerli əhalinin nümayəndələri ilə də görüşdü və onları türk-Azərbaycan qoşun hissələrinə hərtərəfli yardım göstərməyə çağırdı.

İyunun 27-nə qədər cəbhə xəttində hazırlıq işləri aparıldı. Qafqaz İslam Ordusu hissələrinin döyüşə hazırlıq üçün həyata keçirdiyi tədbirlər iyunun 26-da bolşevik-daşnak qüvvələrinin kəşfiyyatçılarına məlum oldu. Bakı Soveti qüvvələri ilk dəfə olaraq başladıqları hücumu uğurla başa çatdıra bilmədilər. Düşmən yerində saymağa başladı.

Bolşevik qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər

İyunun 28-də cəbhədə nisbi sakitlik hökm sürürdü. İyunun 29-da isə səhər tezdən Qafqaz İslam Ordusu hissələrinin böyük uğurla nəticələnən hücumu başlandı. Qafqaz İslam Ordusu komandanlığının göstərdiyi operativlik və çeviklik, Göyçayın müdafiəsi üçün zəruri olan qüvvələrin vaxtında bura gətirilməsi, türk-Azərbaycan qoşunlarının mübarizliyi daşnak Əmirovun rəhbərliyi altında olan bolşevik qüvvələrinin bütün cəhdlərini nəticəsiz qoydu. Göyçay ətrafında məğlub olan Bakı Soveti qüvvələri geri çəkilərək şəhərdən 5-6 kilometrlik bir məsafədə qərar tutdular. İyulun 1-də düşmən əks hücumun heç bir nəticə verməyəcəyini yəqin etdikdən sonra geri çəkilməyə başladı.

Beləliklə, Göyçay və Qaraməryəm ətrafında iyunun ortalarından başlamış və iyulun əvvəlinə qədər davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Daşnak-bolşevik qüvvələri Ağsuya tərəf sıxışdırıldı. Bolşevik qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər.

Göyçay ətrafında döyüşlər davam etdiyi vaxt Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qüvvələri ilə türk-Azərbaycan qoşunları arasında həyəcanlı anlar yaşanırdı. Hər iki tərəf bu bölgəni öz nəzarəti altında saxlamağa böyük əhəmiyyət verirdi. Salyan ətrafında Bakı Soveti qüvvələri ilə türk-Azərbaycan qüvvələri arasında döyüşlər iyunun 16-dan – iyulun 2-nə qədər davam etdi. Salyan istiqamətindəki döyüşlərdə Bakı Soveti qoşunlarının tərkibində 2 mindən çox piyada, 12 pulemyot, 6 ədəd top, Kür çayında üzən 2 hərbi gəmi və bir nəqliyyat gəmisi var idi. İyulun 2-də daşnak-bolşevik birləşmələrinin əsgər və silah cəhətdən üstünlüklərinə baxmayaraq türk-Azərbaycan qoşun birləşmələri onları geri çəkilməyə məcbur etdilər.

İyulun 5-də türk-Azərbaycan qoşun birləşmələri Ağsu istiqamətində yürüşə başladılar. Günortadan sonra başlayan hücum axşam qaranlıq düşənə qədər davam etdi. Havanın həddən çox isti olması, içilən suyun təminatı ilə bağlı problemlər, malyariya, dizenteriya və vəba kimi dəhşətli xəstəliklər qələbənin tezləşməsinə mane olurdu. Nəhayət, iyulun 6-da yenidən hücuma keçən türk-Azərbaycan birləşmələri daşnak-bolşevik qüvvələrini məğlub edərək Ağsunu azad etdilər. Ağsudan geri çəkilən Bakı Soveti qüvvələrinin bir hissəsi Kürdəmirdə sığınacaq tapdı.

1918-ci il iyulun 7 və 8-də türk-Azərbaycan qoşun birləşmələri Kürdəmir istiqamətində çətin döyüşlərə başladılar. Bolşeviklərin əlindəki zirehli qatar və avtomobillərə malik olması, silah-sursat baxımından üstünlükləri milli qüvvələri qorxutmadı. Nəhayət iyulun 10-da axşama doğru Kürdəmir daşnak qüvvələrindən azad edildi və Şərq istiqamətində geri çəkilən bolşeviklərin təqibi başlandı.

Şamaxının azad edilməsi Qafqaz İslam Ordusunun əldə etdiyi ən əhəmiyyətli uğurlardan biri idi. Mürəkkəb coğrafi şəraitdə yerləşən Şamaxının azad edilməsi həm qoşunlardan böyük şücaət tələb edirdi, həm də yerli əhalidəki erməni xofunu birdəfəlik silib atmalı idi. Şamaxı, eyni zamanda, Bakıya doğru hücum üçün başlıca strateji baza hesab olunurdu. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şamaxı üzərinə kifayət qədər hazırlıq görülməsini və bu hücumun qısa vaxt ərzində başa çatdırılmasını lazım bilirdi.

Düşmən süqutdan xilas olmaq üçün əsas ümidlərini sovet Rusiyasından gələn köməyə bağlayırdı

1918-ci il iyulun 19-da Mürsəl paşa Şərq Cəbhəsinin komandanı kimi Şamaxı üzərinə hücum əmrini imzaladı.

İyulun 20-də döyüşlər davam etdirildi. Gün ərzində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək türk-Azərbaycan birləşmələrinin əlinə keçdi. Bakı bolşeviklərinin liderlərindən olan və Şamaxı istiqamətindəki 3-cü briqadanın komissarı A.Mikoyan Şamaxının müdafiə olunmamasında 3-cü ordunun komandiri Hamazaspı günahlandırırdı. Bakı Soveti rəhbərliyinin Leninə və Stalinə yolladığı təcili teleqramlar və onlara köməyə göndərilən qüvvələr də erməni-daşnak qüvvələrindən azad edilən Şamaxının taleyində heç bir dəyişiklik yarada bilmədi.

İyulun 23-nə aid olan döyüş məlumatında bildirilirdi ki, dəmir yolu boyunca fəaliyyət göstərən Bakı Soveti qüvvələri Hacıqabula doğru geri çəkilib. Geri çəkilən düşmən yol boyunca körpüləri partladır və dəmir yolu xəttini sıradan çıxarırdı. Nuru Paşa Şimal qrupuna göndərdiyi məktubunda Hacıqabuldan Bakıya gedən dəmir yolu xəttinin qorunmasını, habelə Cənub qrupunun irəliyə hərəkət etməsinin və Hacıqabulun azad edilməsinin zəruriliyini vurğulayırdı. Bolşeviklər süqutdan xilas olmaq üçün əsas ümidlərini Sovet Rusiyasından gələn köməyə bağlayırdı. Leninin göstərişi ilə Petrovun komandanlığı altında 780 nəfərlik yaxşı silahlanmış sovet qoşun dəstəsi Ukrayna cəbhəsindən Bakıya göndərildi. İyulun 19-da öz dəstəsi ilə Bakıya gələn Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. S.Şaumyan yaxşı başa düşürdü ki, təkcə Petrovun dəstəsi ilə Qafqaz İslam Ordusunun Bakı üzərinə başlanan yürüşünün qarşısını almaq mümkün deyildir. Bu məqsədlə Bakı Soveti yerli əhaliyə müraciətlər edir, qeyri-azərbaycanlılarda millətçi-şovinist hissləri qıcıqlandırmaqla, bolşevik-daşnak cəbhəsinə əlavə qüvvələrin cəlb olunmasına cəhdlər göstərirdi.

Düşmənin müqaviməti qırılmışdı

Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum Bakının azad ediləcəyi təqdirdə törətdikləri faciələrə, qanunsuzluqlara görə cavab verməli olacaqlarını dərk edərək vəziyyətdən çıxış yolu axtarır və bunu ingilis qoşunlarının Bakıya gətirilməsində görürdülər.

Uzun müddət Bakı Sovetinin təmsilçiləri olan eserlər və daşnaklar güman edirdilər ki, ingilislər Bakıya gəlməklə həm Qafqaz İslam Ordusunun qarşısını alacaq, həm də onların Bakıda mövqelərini möhkəmlədəcəklər. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa kəşfiyyatın, habelə Bakıdan qaçıb gəlmiş azərbaycanlıların verdiyi məlumatlar əsasında cəbhədə cərəyan edən prosesləri öz nəzarətində saxlayırdı.

İyulun 28-də verilən döyüş əmrinə görə, Şimal qrupu Bakı istiqamətində hücumunu davam etdirərək Bakı ətrafına çatmalı idi. İyulun 29-da və 30-da Qafqaz İslam Ordusu hissələrinin Bakıya doğru irəliləməsi davam etdi. Türk-Azərbaycan qoşun birləşmələri Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatdılar. Düşmənin müqaviməti qırılmışdı.

Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması şəhərin tezliklə süqut edəcəyinə bir inam yaratmışdı. Döyüşlərdə yersiz itkilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərildi. Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Bu nümayəndə heyətinin göndərilməsi, onun apardığı məktuba verilən cavab ilə Ənvər Paşa şəxsən maraqlanırdı. Ənvər Paşadan alınan teleqramda deyilirdi ki, ermənilər dincliklə Bakını təhvil versələr, onların Ermənistana keçməsi üçün hər cür şərait yaradılacaqdır. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə əmin idilər.

İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksütyun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü.

Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət – “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət Daşnaksütyun partiyasının əlində idi.

Avqustun ilk günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı üzərinə yürüşü davam etdirildi. Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə “Sentrokaspi” qoşunları arasında döyüşlər yenidən başladı. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl Paşa yenidən şəhərdəki qüvvələrə məktub göndərdi. Məktub rus və türk dillərində yazılaraq Bakıdakı Erməni Milli Şurasının sədrinə və “Sentrokaspi” ordusunun komandanına ünvanlanmışdı. Məktubda deyilirdi: “Cənab Erməni Milli Şurasının sədri, sizə aydındır ki, Bakı ətrafında türk qoşunu dayanır. Əgər siz şəhəri döyüşsüz təslim etməyə razı olsanız, milliyyətindən və dinindən asılı olmayaraq hamının hüquqlarının qorunmasına zəmanət verirəm. Əgər şəhər təslim edilməsə, şəhər alınandan sonra axıdılan qan və dəyən ziyanın məsuliyyəti sizin üzərinizdə qalacaqdır”. Lakin Erməni Milli Şurasının və Daşnaksütyun partiyasının liderləri məktuba cavab verməyərək Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirməyi qərara aldılar.

Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi

Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi altında Ənzəlidəki ingilis qoşunlarının kiçik bir dəstəsi Bakıya gəldi. Alınan hərbi yardım “Sentrokaspi” diktaturasının liderlərində ümidverici bir əhval-ruhiyyə yaratdı. Heç şübhəsiz ki, ingilislərin “Sentrokaspi” qüvvələrinə köməyə gəlməsi daşnak ordusunun fəaliyyətində bir canlanma yaratdı. “Sentrokaspi” rəhbərliyi Bakıda təbliğat apararaq, hamını inandırmağa çalışırdı ki, guya qısa bir vaxtda ingilislər türk ordusuna qarşı 30 minlik qoşun göndərəcəklər. Bu təbliğat öz nəticəsini verdi.

Bakı üzərinə hücumun Şimal qrupu tərəfindən icra edilməsi nəzərdə tutulmuşdu. Cənub qrupu isə daha çox yardımçı rol oynamalı idi.

Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi. Səhər saatlarında başlayan döyüşlərdə Qafqaz İslam Ordusu hissələri hərbi təşəbbüsü ələ aldılar. Onların üstünlüyü bütün cəbhə boyu hiss edilməkdə idi. İlk zərbədən sonra “Sentrokaspi” qoşunları geri çəkilməyə başladı. Bayıl ətrafındakı yüksəkliklər, “Qurd qapısı” təpəlikləri boyunca uzanan müdafiə xətti Qafqaz İslam Ordusu qüvvələrinin əlinə keçdi. Lakin düşmənin müdafiə xəttinin ləğv edilməsinə və ikinci müdafiə xəttinə yaxınlaşmasına baxmayaraq, kifayət qədər top mərmisinin tədarük edilməməsi artilleriya hücumlarının dayandırılmasına səbəb oldu. Artilleriya hücumundan məhrum olan piyadalar müdafiəyə keçmək məcburiyyətində qaldılar. Düşmən Qafqaz İslam Ordusunun hissələrini 4 kilometr geri çəkilməyə məcbur etdi. Avqustun 5-nə qədər davam edən qanlı vuruşmalarda düşmən tərəf 2 min nəfər itki vermiş, Qafqaz İslam Ordusundan isə 139 əsgər, 9 zabit şəhid olmuş, 463 nəfər isə yaralanmışdı.

“…. Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır”

Qafqaz İslam Ordusunun Bakı üzərinə hazırladığı hücumun boşa çıxması düşmən cəbhəsində ruh yüksəkliyi yaratdı. Erməni və rus birləşmələri ingilis generalı Denstervillin qüvvələri ilə möhkəmlənəndən sonra avqustun 6-da Bakıda əli silah tutan 16-65 yaş arasında olan kişilər məcburi surətdə orduya çağırıldı. Bu tədbirə qarşı çıxan müsəlmanlardan 600 nəfər edam olundu.

Bakı üzərinə hücumun uğurla başa çatdırılması üçün bura, təkcə yeni qüvvələr gətirmək deyil, həm də mövcud qüvvələrin mənəvi–psixoloji durumunu bərpa etmək, onlara qələbə inamını qaytarmaq lazım idi. Avqustun 5-dəki uğursuzluqdan bir neçə gün sonra Qafqaz İslam Ordusu döyüşçüləri arasında yayılmış bir müraciətnamənin məzmunu da bu məqsədə xidmət edirdi. Türk əsgərinə ünvanlanmış həmin müraciətnamədə deyilirdi: “Türk Ordusuna! Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili Vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: “Eyvah ki, türk bizə imdada gəlmədi” cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq.

Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərməğan apar!”.

Xalq Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi

Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm–dirim məsələsi idi. İstanbulda olan M.Ə.Rəsulzadə xarici işlər naziri M.Hacınskiyə göndərdiyi məktubunda yazırdı: “Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!”.

Beş avqust döyüşündən sonra Bakı ətrafında bir müddət nisbi sakitlik yarandı. “Sentrokaspi” və ingilis qoşunları həmin gün qazandıqları hərbi uğuru genişləndirməyə cəhd göstərsələr də, Qafqaz İslam Ordusu hissələri onlara lazımi cavabı verdi. “Sentrokaspi” rəhbərliyi şəhər əhalisi arasında həm səfərbərlik aparır, həm də təbliğat işlərini genişləndirirdi. “Sentrokaspi” rəhbərliyi keçmiş Bakı Soveti qüvvələrinin əlində olan silahları və hərbi qüvvələri də Qafqaz İslam Ordusuna qarşı mübarizəyə cəlb etməyə çalışırdı. Lakin bütün bunlar Bakının azad edilməsi ilə bağlı Qafqaz İslam Ordusunun ikinci hücumuna mane ola bilmədi. Üç tərəfdən mühasirəyə alınan Bakı artıq qurudan yardım almırdı. Yalnız ordunun ehtiyacını ödəmək üçün Ənzəli və Lənkərandan dəniz yolu ilə “Sentrokaspi” diktaturasına yardım gəlirdi. Avqustun 25-nə qədər iki tərəf arasında top və pulemyot atəşləri açılır, bəzən isə mövqe döyüşləri baş verirdi.

Qafqaz İslam Ordusu komandanlığı Abşeron yarımadasının şərq və şimalında yerləşən müsəlman kəndlərində könüllü qüvvələr təşkil etməyə, Sabunçu, Balaxanı və Binəqədi tərəfdən yeni cəbhələr təşkil edib Bakının mühasirəsini daraltmağa başladı. Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru Paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirdi. Beləliklə, ikinci Bakı hücumu ərəfəsində 5-ci Qafqaz diviziyasına Mürsəl Paşa, 15-ci piyada diviziyasına Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Görədil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarətinə keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.

Qafqaz İslam Ordusunun hücumu sentyabrın 13-dən 14-nə keçən gecə səhər saat 4-də başladı. Güclü artilleriya hazırlığından sonra türk və Azərbaycan hərbi birləşmələri şəhərin əsas girişi-Qurd qapısı istiqamətində hücuma başladılar. Səhər saat 8-də artıq döyüşün taleyi demək olar ki, həll edilmişdi. Bakıda Böyük Britaniya kontingentinə rəhbərlik edən general Denstervil yazırdı: “İlk telefon zəngi ümidlərimizi duman kimi dağıtdı. Bildirildi ki, döyüş artıq başa çatıb, qalib türk əsgərləri heç bir müqavimətlə üzləşmədən mütəşəkkil dəstələrlə şəhərə doğru irəliləyir”.

Sentyabrın 14-ü səhər saat 9-da Bakı limanına polkovnik Biçeraxovun Dağıstandan göndərdiyi əsgərlərlə dolu iki gəminin daxil olması xəbəri alındı. Bu hadisə Sentrokaspi qüvvələri arasında müəyyən canlanma və ümid yaratdı. Lakin tezliklə məlum oldu ki, gəmidəkilər Biçeraxov əsgərləri deyil, şəhəri tərk etməyə tələsən mülki əhali əsasən ermənilərdir. Saat 11-də general Denstervil “ Prezident Kryuger” gəmisini tərk edib baş komandan Dokuçayevin qərargahına gəldi. Rastlaşdığı acınacaqlı mənzərə onu ingilis əsgər və zabitlərinin Bakını tezliklə tərk etmək haqqında qərar verməyə məcbur etdi. Lakin bu barədə Sentrokaspi hökumətinə məlumatı yalnız saat 16-da bildirməyi vacib bildi. Çünki həmin vaxt müqavimətin mənasız olduğunu görən əsgər və zabitlər kütləvi şəkildə və nizamsız halda döyüş mövqelərini buraxıb qaçırdılar.

Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun hərbçilərinin sayı artırılmışdı

On dörd saatdan artıq çəkən döyüş yalnız axşam qaranlığın düşməsi ilə dayandı. Döyüşün səngiməsi və Qafqaz İslam Ordusu hissələrinin hələ şəhərə tam nəzarət etməməsi məğlubiyyətə sona qədər inanmayan “Sentrokaspi” rəhbərliyinin ürəyində yenidən ümid qığılcımını alovlandırdı. Təxminən axşam saat 22 radələrində “Sentrokaspi”nin rəhbərlərindən olan Lyamlin və Sadovski Bakı limanına gələrək “Prezident Kryuger”in göyərtəsində qərargahı yerləşən Denstervillə təcili görüşmək istədiklərini bildirdilər. Onlar Denstervildən dərhal bütün əsgərlərini döyüş mövqelərinə qaytarmaq və şəhərin müdafiəsində sonacan iştirak etməyi tələb etdilər. General Denstervil heç bir hədə-qorxu qarşısında Bakını tərk etmək ilə bağlı qərarından dönməyəcəyini bəyan etdi. Nəticədə Bakı limanının çıxışında gözətçi gəmisi ilə xırda münaqişə çıxmaq şərti ilə göyərtəsində 800 nəfərdən çox ingilis döyüşçüsü aparan “Prezident Kryuger” heç bir ciddi münaqişə ilə üzləşmədən sentyabrın 14-dən 15-nə keçən gecə saat 1 radələrində Bakı buxtasını tərk etdi.

Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırılmışdı.

Sentyabrın 15-də döyüşlər səhər saat 5.30-da başladı. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən qarşı tərəf danışıqlara başlamağı qərara aldı. Saat 10.30-da “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn “Sentrokaspi” rəhbərliyinə aşağıdakı şərtlər diktə edildi:

1. Şəhərin qeyd-şərtsiz təslim edilməsi; 2. Şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; 3. Top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; 4. Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; 5. Silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi. Bu şərtlərin qəbul edilməsi ilə yanaşı, əhalini sakitliyə, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq, “Sentrokaspi” nümayəndə heyətinə verildi.

Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü.

Sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi

Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid verdi. Ümumiyyətlə, iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabit şəhid oldu. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi.

Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru Paşa Bakının ələ keçirilməsi ilə bağlı hərbi nazir Ənvər Paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru Paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin.

Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər Paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular Qrupunun komandanı Xəlil Paşaya göndərdiyi teleqramda deyirdi: “Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm”.

Ənvər Paşa Nuru Paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan İmperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”. Bu tarixi günü və hadisəni M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: “15 sentyabr Azərbaycan xalqının tarixində 28 mayıs qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır”.

Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru Paşaya yazırdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar duyuram. Millət sizə minnətdardır”.

Qarabağda erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınların qarşısını almaq üçün ordu köməyə yollandı

Bakıya daxil olan Türk Ordusunun komandanları Nuru Paşa, Xəlil Paşa, Mürsəl Paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O, öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.

Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq, 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərinin ruhuna dualar oxuyur və deyir: “Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin!”.

banner

Oxşar Xəbərlər