Bakı yollarında yeni çağırışlar
Yol hərəkəti iştirakçıları üçün inzibati xətalara görə müxtəlif məbləğlərdə cərimələr tətbiq olunur və bu sistem müəyyən qaydalar çərçivəsində işləyir. Cərimə balının əlavə mexanizm kimi tətbiqi “cərimə üzərindən əlavə cərimə” kimi qiymətləndirilir.
Bakıda sükan arxasında olmaq əvvəlki illərlə müqayisədə daha çətin olub. Yeni avtobus zolaqları, dayanma-durma qaydalarına ciddi nəzarət, çoxsaylı kameralar və elektron cərimə mexanizmləri sürücülərin gündəlik hərəkətinə ciddi təsir göstərir. Məsələn, hazırda sürücülərin ən çox narazılıq etdiyi məsələlərdən biri 346.4-cü maddə ilə bağlı tətbiq olunan cərimələrdir. Bu maddə üzrə 80 manat cərimə və 2 cərimə balı nəzərdə tutulur. Taksi sürücüləri hesab edirlər ki, onların əsas fəaliyyəti sərnişin götürüb-düşürməkdir, lakin bunun üçün kifayət qədər uyğun dayanma məntəqələri yaradılmadığından tez-tez cərimələrlə üzləşirlər. Bu səbəbdən taksi fəaliyyəti ilə məşğul olanlar arasında cərimə balı həddinə yaxınlaşanların sayı artıb. Belə bir vaxtda sürücülük vəsiqələri üzrə cərimə balı limitinin artırılması ilə bağlı təkliflər gündəmə gəlib. Məsələ Milli Məclisdə müzakirə olunur.
Bəs dəyişən yol infrastrukturu və hərəkət qaydaları fonunda yalnız bal limitinin artırılması kifayət edəcəkmi? Ümumiyyətlə, sistemin hansı elementlərinə yenidən baxılmağa ehtiyac var?
Maliyyə sanksiyası, cərimə balı
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, cərimə balı limitinin müzakirəyə çıxarılmasının bir neçə səbəbi var. Onlardan biri bəzi nisbətən yüngül inzibati xətalara görə də balın tətbiq edilməsidir: “Məsələn, dayanma-durma qaydalarının pozulmasına və ya avtobus zolağına daxil olmağa görə sürücülərə həm maliyyə sanksiyası, həm də cərimə balı tətbiq olunur. Bu isə xüsusilə peşə fəaliyyəti sürücülüklə bağlı olan şəxslər arasında narazılıq yaradır. Çünki cərimə balı limiti keçildikdə onlar müəyyən müddətə sürücülük hüququndan məhrum edilirlər və bu da birbaşa gəlirlərinə təsir göstərir. Digər vacib məsələ isə cərimələrin tətbiqi və onlara baxılması mexanizmidir. Sürücülərin şikayətləri operativ araşdırılmalı, əsassız tətbiq edilmiş cərimələr vaxtında ləğv edilməlidir. Bu istiqamətdə problemlər minimuma endirilsə, cərimə balı limitinin artırılması məsələsi də bəlkə bu qədər aktuallaşmazdı”.
“Limitin artırılması problemi həll etmir”
Mütəxəssis vurğulayır ki, limitin artırılması problemi həll etmir: “Bu addım daha çox hazırda limitə yaxınlaşan sürücülər üçün müəyyən güzəşt xarakteri daşıya və onların sürücülük hüququndan məhrum edilməsinin qarşısını ala bilər. Lakin limitin artırılması özlüyündə yol hərəkətində təhlükəsizliyi təmin etməyəcək. Bu, nə qayda pozuntularının, nə də yol-nəqliyyat hadisələrinin avtomatik olaraq azalacağı deməkdir. Araşdırmalarımıza görə, yol-nəqliyyat hadisələrinin əsas səbəbi əksər hallarda yol hərəkəti iştirakçılarının qaydaları pozmaları ilə bağlıdır. İnfrastruktur problemləri müəyyən rol oynasa da, onlar adətən sonrakı səbəblər sırasında yer alır”.
Yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillər
E.Cəfərovun sözlərinə görə, son illərdə Bakıda yol hərəkətinin təşkili ilə bağlı dəyişikliklər daha genişmiqyaslı şəhər mobilliyi layihələrinin tərkib hissəsi kimi həyata keçirilir. Bu dəyişikliklərin əsas məqsədi şəhər mühitində hər kəs üçün təhlükəsiz və rahat hərəkəti təmin etmək, yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, eləcə də ictimai nəqliyyatın, xüsusilə avtobusların hərəkətini daha səmərəli təşkil etməkdir: “Bununla yanaşı, velosiped və elektroskuter kimi mikromobillik vasitələrinin istifadəsinin təşviqi də prioritet istiqamətlərdəndir. Bu sahədə müəyyən müsbət nəticələr də müşahidə olunur. Artıq velosiped və elektroskuterlər Bakıda alternativ nəqliyyat vasitələri kimi geniş istifadə olunur. Amma problemlər də qalmaqdadır. Bəzi hallarda sürücülərin yol nişanlarını və nişanlanma xətlərini düzgün şərh etməkdə çətinlik çəkməsi, parklanma qaydalarını bilməməsi, ümumilikdə sürücülük vərdişlərinin yetərli səviyyədə olmaması yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillərdir”.
“Dayanma və durma məhdudlaşdırılıb”
Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, bu gün şəhərin böyük ərazilərində dayanma və durma məhdudlaşdırılıb və ya qadağan edilib. Bu isə öz növbəsində yol hərəkəti iştirakçılarına təsir göstərir və müəyyən hallarda bu tendensiyanın həlli üçün əsaslandırılmış yanaşmalar tələb edir: “Yol hərəkəti iştirakçılarının fəaliyyətinin səmərəliliyi də nəzərə alınmalıdır. Hər kəs mövcud qayda və qanunlara uyğun şəkildə hərəkət etməklə bu səmərəliliyin qorunmasına töhfə verməlidir. Bu yanaşma yol hərəkəti qaydalarının daha sərbəst və axıcı olmasına, eləcə də onların sadələşdirilməsinə şərait yarada bilər. Bu da ümumilikdə müsbət addım kimi dəyərləndirilə bilər”.
“Prosedurlar vətəndaşlar üçün anlaşılan olmalıdır”
Nəqliyyat eksperti bildirir ki, mövcud cərimə balı sistemi, ümumilikdə şəhərdə tətbiq olunan cərimə mexanizminin bir hissəsi kimi formalaşıb. Onun sözlərinə görə, yol hərəkəti iştirakçıları üçün inzibati xətalara görə müxtəlif məbləğlərdə cərimələr tətbiq olunur: “Lakin cərimə balının əlavə mexanizm kimi tətbiqi “cərimə üzərindən əlavə cərimə” kimi qiymətləndirilə bilər ki, bu da vətəndaşlar üçün yük yaradır. Buna görə də cərimə balları sisteminə yenidən baxılması və daha sadə formada tətbiqi məqsədəuyğundur”.
Aslan Əsədov əlavə edir ki, əsas istiqamət yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Onun fikrincə, qaydaların daha sadə və aydın formada tətbiqi, eləcə də sistemin ümumilikdə təkmilləşdirilməsi vacibdir: “İlk növbədə vətəndaşlar üçün prosedurların anlaşılan və işlək olması təmin edilməlidir”.
Aygün Əziz