Bakı Ətraf Mühit Gününə ev sahibliyi etdi
Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə - Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edib. Tədbir "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" mövzusu altında keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, UNEP-in nümayəndələri də iştirak edib.
Yalnız ayrı-ayrı ölkələrin məsuliyyəti deyil
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib ki, ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Onun sözlərinə görə, Azərbaycan bu tədbirə ilk dəfədir ev sahibliyi edir: "Ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Bu məsələ transsərhəd xarakter daşıyır".
Nazir əlavə edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal dövründə böyük dağıntılara məruz qalıb: "Bu gün azad olunmuş ərazilərdəki bərpa və quruculuq işlərində ekoloji yanaşmalara üstünlük verilir".
Üç ölkə ilə işçi qrup yaradılıb
Nazir bildirib ki, Azərbaycan Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısının alınması üçün üç sahilyanı ölkə ilə işçi qrup yaradılıb. Onun sözlərinə görə, Azərbaycan Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün sahilyanı ölkələrlə birgə tədbirlər görür: "Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə - Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb. Bu qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur".
Genişmiqyaslı layihələr icra olunur
Nazir qeyd edib ki, son 20 il ərzində təkcə Bakı şəhərində 100-dən çox park və yaşıllıq zonası salınıb, ekoloji tarazlığın qorunması və vətəndaşların daha sağlam mühitdə yaşaması istiqamətində genişmiqyaslı layihələr icra olunub. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və meşə fondu ərazilərinin meşə ilə örtülü sahəsinin artırılmasısahəsində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilmiş və böyük nailiyyətlər əldə olunub.
Nazirin sözlərinə görə, Azərbaycan zəngin biomüxtəlifliyə malik ölkədir: "Bu mirasın mühafizəsi - qorunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların inkişafı, meşə ilə örtülü sahələrin artırılması və nadir növlərin tarixi areallarına qaytarılması bu gün məsuliyyət, gələcəyə isə töhfəmizdir. Son illərin uğurları kimi, Axar-Baxar və İlisu Milli Parklarının yaradılması ilə mühafizə olunan ərazilər şəbəkəsinin ölkə ərazisi miqyasında 10%-dən çox genişləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurda yeni milli parkların yaradılması işlərinə başlanılmasını göstərmək olar".
Azərbaycanın töhfələri yüksək qiymətləndirilib
UNEP-in icraçı direktoru İnger Anderson deyib ki, Azərbaycan iqlim fəaliyyətində həm qlobal, həm regional, həm də milli səviyyədə mühüm rol oynayır. O, Azərbaycanın COP29-a ev sahibliyini xatırladaraq Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü liderlik nəticəsində mühüm öhdəliklər və nəticələr əldə olunduğunu bildirib: "Bakıda keçirilən iqlim danışıqları dünyanın 2035-ci ilədək iqlim maliyyələşdirilməsi üçün 300 milyard dollar səfərbər edilməsi ilə bağlı razılığa gəlməsinə yol açdı. Eyni zamanda, ötən ay Bakı Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi etdi. Tədbir dünya ölkələrində iqlim dayanıqlığının gücləndirilməsi zərurətini ön plana çıxardı".