• şənbə, 11 Iyul, 08:45
  • Baku Bakı 26°C

Bakı-Tbilisi qatarında bilet qıtlığı

11.07.26 02:55 36
Bakı-Tbilisi qatarında bilet qıtlığı

Bakı-Tbilisi-Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ekspertlər problemin həlli üçün gündüzlər də oturaq tipli əlavə reyslərin təşkil olunmasını təklif edirlər. 

Altı illik fasilədən sonra bərpa olunan Bakı-Tbilisi-Bakı sərnişin qatarı böyük maraqla qarşılanıb. Yüksək tələbat səbəbindən hər iki istiqamət üzrə biletlər satışa çıxarıldıqdan qısa müddət sonra tükənir və bir çox sərnişin bilet tapa bilmir. Bəzi hallarda gediş bileti əldə olunsa da, dönüş bileti tapmaq müşkülə çevrilir. Artan tələbat fonunda bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

“Bilet satış müddəti bir ilə qədər uzadıla bilər”

Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyir ki, Bakı-Tbilisi marşrutu üzrə əsas problem tələbatın mövcud təklifdən xeyli çox olmasıdır. Onun sözlərinə görə, hazırda sərnişin daşımaları məhdud sayda vaqonla həyata keçirilir və qatarın tutumu tələbatı tam qarşılamır: “Hazırda biletlərin satış müddətinin 30 gündən 90 günə qədər artırılması nəzərdə tutulsa da, bu sistem hələ tətbiq olunmayıb. İlk növbədə bu yeniliyin qısa müddətdə tətbiqinə ehtiyac var ki, sərnişinlər səfərlərini daha əvvəlcədən planlaşdıra bilsinlər. Gələcəkdə isə bilet satış müddətinin bir ilə qədər uzadılması da nəzərdən keçirilə bilər”.

“İndi niyə olmasın?”

R.Ağamirzəyev hesab edir ki, artan sərnişin axınını qarşılamaq üçün yalnız mövcud gecə reysi ilə kifayətlənmək düzgün yanaşma deyil: “1961-ci ildə Bakı-Tbilisi arasında gündüz oturaq tipli ekspress qatar fəaliyyət göstərib. Əgər 65 il əvvəl bu, mümkün idisə, müasir dəmir yolu infrastrukturu və daha sürətli qatarlar şəraitində bunun yenidən tətbiqi niyə mümkün olmasın? Mövcud gecə qatarı saxlanılmaqla, Bakı-Tbilisi istiqamətində gündüz oturaq tipli əlavə reyslər də təşkil olunmalıdır. Bunun üçün 500 sərnişin tutumlu ikimərtəbəli “Stadler” qatarlarından və ya daha yüksək tutumlu qatar tərkiblərindən istifadə imkanları nəzərdən keçirilə bilər. Bu, həm sərnişin tutumunu artırar, həm də daha sürətli səfər imkanı yaradar”.

“Qısaməsafəli marşrutlarda dəmir yoluna üstünlük verilməlidir”

R.Ağamirzəyev hesab edir ki, Bakı-Tbilisi marşrutu üzrə yüksək tutumlu oturaq tipli qatarların istismara verilməsi təkcə dəmir yolu daşımalarının deyil, ümumilikdə nəqliyyat sisteminin səmərəliliyini artıra bilər: “Yüksək sərnişin tutumuna malik oturaq tipli qatarların gün ərzində bir neçə reys həyata keçirməsi aviareyslərlə daşınan sərnişinlərin böyük hissəsinin cəmi bir-iki qatar reysi ilə daşınmasına imkan yarada bilər. Bu, qısaməsafəli sərnişin daşımalarının bir hissəsinin dəmir yoluna yönəldilməsinə, həmin marşrutlarda istifadə olunan təyyarələrin isə digər istiqamətlərə cəlb edilməsinə şərait yaradacaq”.

Ortaq reyslər çıxış yolu ola bilər?

Ekspert hesab edir ki, sərnişin axınının daha səmərəli idarə olunması üçün qatarların tutumunun artırılması ilə yanaşı, marşrut üzrə reyslərin sayı yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, marşrutun inkişafı yalnız Bakı-Tbilisi xətti ilə məhdudlaşmamalı, Batumi istiqamətinədək uzadılmalıdır: “Bakı ilə Batumi arasında gündəlik qatar reyslərinin təşkili həm turizm, həm də sərnişindaşıma baxımından səmərəli ola bilər. Eyni zamanda, mövcud gecə qatarı ilə yanaşı, daha münasib qiymətlərlə plaskart və kupe vaqonlarından ibarət əlavə gecə reysinin təşkilinə də ehtiyac var. Problemin həlli üçün qısamüddətli və uzunmüddətli tədbirlər paralel şəkildə həyata keçirilməlidir. Həmçinin qatarların sayının artırılması Gürcüstan tərəfi ilə birgə müzakirə olunaraq ortaq reyslərin təşkili yolu ilə həll edilə bilər”. 

Mütəxəssis vurğuladı ki, problemin həlli üçün hazırda ən optimal variantlardan biri də lizinq mexanizmindən istifadə etməklə qatarların alınmasıdır: “Yeni qatarların alınması uzunmüddətli həll variantıdır. Hazırda yeni qatar sifariş verilərsə, istismara verilməsi təxminən üç il çəkə bilər. Buna görə də yaxın perspektivdə daha real çıxış yolu kimi qatarların lizinq əsasında cəlb edilməsi və ya mövcud hərəkət tərkiblərinin yüngül təmirdən sonra xəttə buraxılması nəzərdən keçirilə bilər”.

“Satışa çıxarılan bütün biletlər qısa müddətə bitir”

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) “Kaspi” qəzetinə verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Qurumdan bildirilir ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən qatarlara əlavə vaqon qoşulub və satışa yeni biletlər təqdim edilib: “Qarşıdakı 30 gün üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər üzrə, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, əcnəbilərin ölkəmizi quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur”.

“Tbilisi qatarlarında sərnişin tutumu artırılır”

Tələbatın mövcud səviyyəsini nəzərə alaraq, reyslərin sayının artırılması məsələsinə gəldikdə isə, qurumdan bildirildi ki, 10 iyul 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə üç ədəd yataq tipli vaqon da (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulub: “Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılıb və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılıb. Bu vaqonlarda gedişhaqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər