• cümə axşamı, 20 mart, 18:53
  • Baku Bakı 7°C

Bahar ovqatı, Novruz coşqusu 

20.03.25 05:16 174
Bahar ovqatı, Novruz coşqusu 

Azərbaycanda Novruz bayramı qeyd edilir. Bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi və Xocalıda da Novruza hazırlıq işləri aparılıb.


Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Prezident İlham Əliyev də Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib. Dövlət başçısı bildirib ki, ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir: “Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.

Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.

Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!”

Xankəndi və Xocalıda xüsusi hazırlıq

Bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi və Xocalıda Novruza hazırlıq işləri aparılıb. Hazırlıqla bağlı görüntüləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb. Bildirilib ki, Xankəndi şəhərinin mərkəzində, Zəfər meydanında Novruza hazırlıq işləri aparılır. Mərkəzi meydanda səməni qurulub, həmçinin Zəfər meydanında iri bayram tonqalı quraşdırılıb və konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılıb.

Xocalı şəhəri və Ballıca kəndində də Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb. 

FHN iş rejimini dəyişir

Fövqəladə Hallar Nazirliyi Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində bayram mərasimlərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Metropolitenin hərəkət qrafikində dəyişiklik

“Bakı metropoliteni” QSC də Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günləri üzrə metropolitenin hərəkət qrafikində dəyişiklik olunub. Martın 20-21-də saat 07:00-dan 21:00-dək “Əhmədli - 28 May” istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək. Xətlərin birləşdiyi “28 May” stansiyasından sonra - “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.

Bakıda 130 təcili tibbi yardım briqadası

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq. "Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq. Bakı şəhərində 130 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 270-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. 

Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili tibbi yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək",- deyə məlumatda bildirilib.

 

 

banner

Oxşar Xəbərlər